Azərbaycanda səfərdə olan Rusiya Hökumətinin sədri Mixail Mişustin Milli Xalça Muzeyində olub.
Muzeyin nümayəndələri Azərbaycan hökumət başçısı Əli Əsədova və onun rusiyalı həmkarına xalçaçılığın təkamülü, onun sadədən mürəkkəbə doğru keçdiyi yoldan, xovsuz xalçaların müxtəlif növlərinin nümunəsindən danışıblar, həmçinin xalçaçılığın inkişafının ən yüksək mərhələsini təmsil edən xovlu xalçalar nümayiş etdirilib.
Ekskursiya zamanı qonaqlar və muzeyin nümayəndələri arasında maraqlı dialoq da baş tutub. Belə ki, Rusiya hökumət başçısına “arzuları yerinə yetirən” xalçalar nümayiş etdirilib.
“Bu xalçalardan şal kimi də istifadə olunub. Qızlar üzərində otururdular, bir arzu tuturdular, sonra onu yeddi gecə açıq havada saxlayırdılar. Onlar arzularının mütləq gerçəkləşəcəyinə inanırdılar”, – deyə muzeyin nümayəndəsi bildirib.
Əli Əsədov isə qızların hər zaman eyni istəklərinin olduğunu bildirib.
“Hansı? Ərə getmək?” – deyə soruşan rusiyalı nazirə azərbaycanlı həmkarı “əlbəttə” cavabı verib.
Qeyd edək ki, muzeydə Azərbaycan xalça sənətinin nadir nümunələri saxlanılır. Muzeyin fonduna 10 mindən çox eksponat, o cümlədən tunc dövrü, antik dövr və erkən orta əsrlərə aid eksponatlar daxildir. Muzeyin kolleksiyalarında ölkənin müxtəlif bölgələrindən milli geyimlər də var.
Ekskursiyanın sonunda Mixail Mişustin muzeyin fəxri qonaqlar kitabına qeyd yazıb.
www.RIA24.az