Bizi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının girişində mühafizə xidməti qarşılayır.
– Müsahibəyə gəlmişik, – deyirəm, – Arif Kərimovla.
Qocaman mühafizəçi Arif Kərimovu tanımır.
– O kimdir? – Əli ilə işarə edir ki, hələ içəri keçməyək, – burada işləyir?
– Aktyordur, indi, deyəsən, işləmir, – deyib Arif Kərimova zəng vurmaq üçün telefonu çıxarıram.
– Burada işləmirsə, müsahibəni niyə burada götürürsünüz? – deyən mühafizəçi özü də kiməsə zəng vurur. Qarşılıqlı zəngləşmələrdən sonra biz içəri keçməyə, qocaman mühafizəçini isə Arif Kərimovla tanış etməyə fürsət tapırıq.
– Gəlir kişi, budur, – kinostudiyanın qapısında iricüssəli, qədd-qamətli, papaqlı bir kişi görünür.
– Əşi deyin, bu kişidir də, – mühafizəçi bizi qapıdan içəri ötürür, – keçin, keçin, buyurun, Arif müəllim böyük kişidir.
Arif Kərimovla görüşüb hal-əhval tutduqdan sonra irəli düşüb gedir. Müsahibəyə “Azərbaycanfilm” kinostudiyasının “Mozalan” şöbəsində başlamalıyıq. Özü belə istəyir.
“Ömrümün böyük hissəsi orada keçib…”
Qaranlıq dəhlizlə irəlilədikcə kinostudiyanın indiki acınacaqlı vəziyyəti ilə tarixi dövrü müqayisə edir. Hər “Mozalan” adı çəkiləndə dərin bir nəfəs alıb: “Ömrümün böyük hissəsi orada keçib”, – deyir. Gedirik, uzun, dar, qaranlıq dəhliz bizi apardıqca aparır. Nəhayət , dəhlizin o biri başında iri, qırmızı hərflərlə yazılmış “Mozalan” sözü görünür.
– Bax, – əli ilə yazıya işarə edir, – “Mozalan”… Ömrümün böyük hissəsi orada keçib…
“Mozalan” satirik kinojurnalının məşhur siması aktyor Arif Kərimovun APA-ya müsahibəsini təqdim edirik:
– …Mən “Mozalan”da 20-yə yaxın filmə çəkilmişəm.
– Ən məşhuru “baş həkim” obrazıdır, yəqin ki.
– Hə, daha çox onunla tanınmışam, amma başqa kifayət qədər rəngli rollarım da var: “müəllim” rolu, “əsgər yola salan ata”…
– Bəs indi nə işlə məşğulsunuz?
– Təqaüdə çıxmışam.
– Son çəkildiyiniz film, deyəsən, “Alatava” serialıdır. Adınızı gördüm orada.
– Orada “lal kişi” obrazını canlandırmışam. Serial boyunca varam, elə serialın yekunu da mənimlə bitir.
– Yaxşı qonorar verdilər?
– Hə, yaxşı idi, min bərəkət.
– Bəs “Mozalan”ın vaxtında necə idi?
– O vaxt maaş sistemi “stavka” ilə olurdu. Məndə 22 idi. 16-dan başlayırdın, qalxırdın üzü yuxarı.
– Bəs necə oldu ki, “Mozalan”a çəkildiniz?
– Mən 1987-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləmişəm. “Mozalan”a çəkiləndə də elə burada idim.
– Bəs ondan əvvəl?
– Ondan əvvəl 8 il müəllim işləmişəm. İxtisasca filoloqam. Universiteti bitirəndən sonra təyinatla iki yerdə müəllim kimi işlədim: birində 3 il, birində 5 il. O zamandan elə bura – kinostudiyaya gəlib gedirdim.
– Onda hələ müəllim işləyən vaxtdan kinoya gəlmə həvəsiniz yaranıb, demək.
– Mən burada redaktor olmaq istəyirdim. İxtisasıma da uyğun idi. Gəldim, redaktor kimi boş yer olmadı, məni inzibatçı kimi işə qəbul etdilər. Ramiz Fətəliyev mənə dedi ki, yer olan kimi səni redaktor olaraq dəyişərik. Amma elə alındı ki, axıracan inzibatçı qaldım. Sonra AzTV-yə getdim. 1999-cu ildən 2008-ci ilə qədər orada işlədim, AzTV-də. 2008-ci ildə isə Vaqif Mustafayev məni “Space”ə çağırdı və ondan sonra 2017-ci ilə qədər orada işlədim.
– Vaqif Mustafayev sizi, demək olar, bütün filmlərində çəkib.
– Hə. Elədir.
Söhbətin buraqədərki hissəsini kinostudiyanın “Mozalan” şöbəsində ayaq üstə edirik. Söhbət edə-edə oturmağa yerin lazım olduğunu başa düşür və başlayırıq yer axtarmağa.
– İkinci mərtəbədə kostyum otağı var. Gedək yoxlayaq. Orada, məncə, oturub söhbət edə bilərik, – Arif müəllimin bələdçiliyi ilə yol alırıq kostyum otağına, – o vaxt hər il 4 dənə film çəkilirdi, kinostudiyanın ümumilikdə 2000-dən çox işçisi var idi. O zaman burada indiki vaxtda yerimək çətin olardı, adam əlindən tərpənmək olmurdu.
Kostyum otağına çatırıq. Amma çatandan sonra məlum olur ki, otaq bağlıdır. Yenə də məcbur söhbətimizi ayaq üstə davam edirik. Bir qədər danışdıqdan sonra dayanır: qoy zəng edim.
Kiməsə zəng edir.
– Olar sənin otağında məndən müsahibə götürsünlər? – soruşur.
Telefonun o biri üzündən səs gəlir: əlbəttə. Qalxıram yuxarı. Bir dəqiqəyə oradayam.
– Kinostudiyaya gəlib-gedirdiniz ki, redaktor olasınız. Amma bu, kinoya maraq demək deyil axı.
– Elədir. Mən ixtisasıma uyğun olaraq redaktor olmaq istəyirdim. Amma kinoya marağım Həsən Məmmədova görə yaranıb, o bizim qonşu olub.
Təsadüfən divarda Həsən Məmmədovun şəklini görürük.
– Bax, bu kişi, – davam edir, – bütün məhəllə aktyor olmaq istəyirdi. Yəni bizə o cür təsir eləmişdi. Kinostudiyada əvvəlcə İsi Məlikzadə ilə tanış olduq, hekayələrimə baxdı. Çox bəyəndi. Dedi ki, istəyərəm, burada işləyəsən. Amma mənlik deyil. Eyvaz Borçalı bilər. Eyvaz Borçalı o vaxt kinostudiyanın direktoru, Ramiz Fətəliyev isə baş redaktor idi. Ramiz Fətəliyev dedi, darıxma. Mən də darıxmadım. 7-8 ay keçdi, iş elə gətirdi, Fətəliyev direktor oldu.
– Və?..
Bu vaxt kostyum otağının sahibi gəlir. Gecikdiyinə görə üzrxahlıq edib otağın qapısını açır:
– Buyurun, ixtiyarınızdadır!.. Əsl kino söhbətləri eləmək üçündür, – əli ilə başdakı masanı göstərir, – yerimiz də hazır.
Otaq bir az dağınıq görünsə də, doğrudan da, kino ab-havasındadır. Birləşib bir neçə dəqiqə içində içəriyə əl gəzdiririk. Yerlərimizi rahatlayıb söhbətə davam edirik.
– Sən gərək suallarını əvvəldən mənə oxuyardın.
– Niyə?
– Nə bilim?
– “Mozalan”dakı “baş həkim” obrazınızda səs sizin deyil. Niyə?
– Çünki mən elə həmin ili gəlmişdim kinostudiyaya. Onda mənim səsləndirmədən başım çıxmırdı. Mənim rolumu Rasim Balayev səsləndirib. Hələ onda naşı idim, təzə idim. Film çəkilirdi, səsləndirmə sonradan olurdu, gərək sinxron yazmanı düz edəydin. Mən də hələ bacarmırdım.
Mən inzibatçı kimi işləyirdim. Elə oldu ki, “Cin mikrorayonda” filmi Tümendə nümayiş olunacaqdı. Məni də inzibatçı kimi ora göndərdilər. Getdim, gəldim, maaş veriləndə mənə dedilər ki, sən hansı qrupda idin? Dedim, nə qrup, mən inzibatçıyam. Dedilər, onda sənə maaş düşmür. Vermədilər. Sonra məni qrupa götürdülər. O vaxt Vaqif Mustafayev “Yaramaz” filmini çəkirdi. Kikaleyşvili (Mamuka Kikaleyşvili — gürcü aktyor və kinorejissor, “Yaramaz” filmində “Hətəm” rolunun ifaçısı – red.) eyni vaxtda həm də “Don Kixot” filmində çəkilirdi deyə, müəyyən fasilə yarandı. Həmin ərəfədə Vaqif Mustafayev mənə dedi ki, sənə filmdə rol verəcəyəm. Əvvəl “Tərsinə”yə çəkildim, sonra da Vaqif Mustafayevin filminə.
– Bayaq yarımçıq qaldı. Vaqif müəllimin bütün filmlərində varsınız.
– Elədir. Məni elə birinci kəşf edən o olub. Bütün filmlərində, hətta “Yoxlama” serialında da oynamışam.
– Bəs müasir seriallar necə, onlara dəvət alırsınız?
– Nadir Diridağlının “Tək olanda qorxma” serialında çəkilmişəm. Həm də o filmin direktoru olmuşam. O zaman “Space”də işləyirdim. Orada bir səhnə var idi, əməlli-başlı döyülməli idim. Dedim, mən o səhnəyə çəkilə bilmərəm.
– Niyə?
– Çox pis vəziyyət idi. Qrim də elə idi ki, kəndə – İvanovkaya da elə çıxmalı idim. Üstüm-başım pis gündə, üzüm-gözüm nə gündə… Ona görə imtina etdim. O hissədə yerimə bir başqası çəkildi.
– Onda filmdə özünüz üçün əməlli tabunuz var ki…
– Nə tabusu?
– Sizi filmdə döymək olmaz.
– Onu kim deyir? Elə o serialda qarın üstündə məni yaxşıca döyüblər. Necə lazımdır.
– Başqa harada döyülmüsünüz?
– Yapışmısan elə döyülməkdən ki… Çətin səhnələrim olub. Məsələn, “Hər şey yaxşılığa doğru” filmində tabut səhnəsi. Mənə orada möhkəm şillə vururlar. Hava da soyuq. Şilləni birinci dəfə vurandan sonra vuran adam əlini üzümdə saxlamışdı. Vaqif müəllim dedi ki, düz eləmədin, vur, sonra tez əlini çək. Soyuq, şaxta, bir dənə də şillə. Belə… Sən də yapışmısan döyülməkdən.
– Heç baş rol…
Sualımı tamamlamağa qoymur. Elə bil bu sualı gözləyirmiş.
– Bax bu gün bir azdan Dövlət Film Fondunda onun xatirəsi anılacaq, 100 illiyidir – Şamil Mahmudbəyov. O məni öz filmində baş rola çəkib. “Adam” filmi. 45 dəqiqəlik bir filmdir. O filmdə baş roldayam.
– Bəs sonra?
– Sonrası yoxdur.
– Niyə yoxdur?
– Mənə elə gəlir, baş rola çəkiləcək qədər aktyorluğum yoxdur.
– Necə yəni… Bəs bu qədər film… Vaqif müəllim bütün filmlərinə çəkib sizi. Boş yerə olmayıb ki.
– Baş rola çəkməyib ki!..
– Nə olsun, axırı çəkilibsiniz. Ən azından, aktyor kimi sizi bəyənib.
– Bilmirəm, çəkməyiblər. Bilirsən, aktyor rejissordan asılıdır. Rejissor gərək bəyənsin ki, baş rola çəksin.
– Burası aydındır. Bəs özünüzdə baş rol potensialı görmürsünüz?
– Mən o qələti eləmərəm (gülür). Mən filoloq olmuşam, aktyor təhsilim olmayıb. Amma hesab edirəm, bunlar yaxındır, ədəbiyyatdan xəbərin varsa, demək, kinonun içində ola bilərsən. Kino ilə ədəbiyyat yaxındır. Amma baş rol söhbəti bu bir az başqa mövzudur.
– Satirik şeirlər, hekayələr yazmısınız.
– Hə, bir dəfə kitab kimi nəşr olunub. Bilsəydim, gətirərdim.
– Eybi yoxdur, bir də görüşərik, hədiyyə edərsiniz.
– Mütləq. O vaxt bir veriliş var idi – “Kiçik qala 84”. Aktyorlar, musiqiçilər, meyxanaçılar… hamı orada olurdu. Hər dəfə Vaqif Mustafayev mövzu verirdi. Aparıcı da Mirsadıq Ağazadə. O veriliş üçün bir xeyli satirik şeirlər yazmışam. Mənim kitab çıxarmaq kimi fikrim yox idi, dostlarım dedilər, vaxt keçir, kitab kimi eləmək lazımdır. Elədilər. 2017-2018-ci illər idi, deyəsən.
– Təzədir ki…
– Təzə deyəndə, sənin yaşın elədir ki, sənə təzə gəlir, mənim üçün xeyli zamandır. 6 il…
– Daha yazmırsınız, hə?
– Yox.
– İşləmirsiniz də.
– Yox.
– Bəs teatr? Heç tamaşada oynamaq istəmisiniz?
– Düzü, yox. Teatra gedib baxmışam, marağım ancaq bu çərçivədə olub. Daha orada rol alım, oynayım, yox.
– Arif müəllim, kinonun indiki vəziyyəti barədə nə fikirləşirsiniz?
– Vallah, o haqda heç bir fikrim yoxdur. Mən kino tənqidçisi deyiləm. Amma belə gənclərin çəkdiyi, çəkildiyi nə qədər film görmüşəm, görürəm. Ona görə o qədər də pessimist düşünmürəm.
Sənə deyim ki, epizodik rollar olsa da, kinostudiya tarixinin əksər rejissorunun filmində oynamışam. Rasim Ocaqov, Vaqif Mustafayev, Eldar Quliyev, Şərif Qurbanəliyev, Gülbəniz Əzimzadə… Çoxdur.
Yavaş-yavaş kostyum otağında söhbətimizi yekunlaşdırırıq. Nədənsə mənə elə gəlir, bizim ayaq üstə söhbətimiz daha maraqlı alınır.
– …“Həm ziyarət, həm ticarət” filmində balaca bir rolum var, ona çəkiləsi vaxtda rayona xalam nəvəsinin toyuna getməli idim. Elə oldu, birtəhər mənim yerimə adam tapdılar, amma gördüm, nəsə qane olmayıblar, yenə məni axtarırlar. Rasim müəllim deyib ki, ancaq o çəkilsin. Çəkdilər, elə meydançadan da yollandım toya.
– Salyana?
– Hə. Həsən Məmmədovla, dediyim kimi, eyni məhəllədə yaşamışıq. 1965-1966-cı illərdə toyu oldu, ilk dəfə idi ki, o qədər tanınmış adamı bir yerdə görürdük – aktyorlar, rejissorlar, operatorlar… Ona qədər onsuz da Həsən müəllimə görə aktyor olmaq istəyirdik, o toydan sonra lap həvəsə düşmüşdük.
– Arif müəllim, heç müəllimliyi yarımçıq saxlayıb kinoya gəldiyiniz üçün peşman olmamısınız?
– Qətiyyən. Onsuz da mənim məqsədim müəllim olmaq deyildi. Sadəcə mən yaradıcılıqla məşğul olmaq istəyirdim, bir növ, ona vaxtım olsun, istəyirdim deyə filologiyaya yönəldim. Amma tale elə gətirdi ki, yenə də o yaradıcılığa vaxt ayırmağa imkan olmadı.
– Ailənizdə sizdən başqa yaradıcı adam olub?
– Yox. Ata tərəfimin hamısı həkimdir. Anam tərəfdə isə çoxu ticarətlə məşğuldur. Qardaşlarım mühəndisdir. Bacım müəllim. Yəni ailədə incəsənətə meyilli tək adam mənəm. Amma, bildiyimə görə, atam da şeirlər yazıb, düzü, görməmişəm, mənə gəlib çıxmayıb.
Bilirsən, arabir vaxtında İncəsənət Universitetinə sənəd vermədiyim üçün peşmanlıq hiss edirəm.
– İşləyə-işləyə verərdiniz də.
– 33 yaşında?
– Nə olar ki? Öyrənməyin yaşı var ki?
– Bura özü elə institutdur da. Gör nə qədər filmdə çəkildim, kimlərlə bir yerdə işlədim…
Yavaş-yavaş kinostudiyanın binasını tərk edirik. Həyətə çıxar-çıxmaz bir nəfər Arif müəllimi görən kimi yaxınlaşır. Görüşür.
– Mən sizin bütün filmlərinizə baxmışam, – deyib gedir. Pilləkəni qalxanda səsi eşidilir: “Mozalan”… “Mozalan”…
– Övladlarınızda necə, incəsənətə maraq var?
– Yox, övladlarım bank sistemində çalışır. Amma nəvəm artıq 3 filmdə oynayıb. “Yad et məni” layihəsi var, tarixi şəxslər haqqında sənədli filmlər çəkilir. O filmlərdə rol alıb. Kifayət qədər də sərbəstdir, tez qavrayır.
– Arif müəllim, bundan əvvəl heç müsahibə vermisiniz?
– Bir dəfə olub. “Mozalan”la bağlı televiziyaların birinə balaca müsahibə vermişəm. Bir də elə “Mozalan”la bağlı verilişə dəvət almışam. Vəssalam. Yazılı ilk dəfədir.
– Son olaraq, Arif Kərimov daha çox kimdir? Müəllim, aktyor, şair, yazıçı, publisist, inzibatçı…
– Seyid Əzimin təmsili var, qaz deyir ki, mən suda üzürəm, uçuram, gəzirəm. Durna ona cavab verir ki, sən tərlan kimi uça bilirsən, yox? Balıq kimi üzə bilirsən, yox? Yəni dad yarımçıq əlindən. Amma aktyorluq mənim üçün hamısından qabaqdadır. Peşman da deyiləm..
www.RIA24.az