Azərbaycanda son dövlət məhkəmə-hüquq sahəsində müsbət dəyişikliklərin şahidi olsaq da, məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Təbii ki, hər bir məhkəmə qərarının vaxtında və düzgün icrası həm məhkəmə hakimiyyətinin nüfuzuna, həm də ədalətin bərqərar olmasına ciddi təsir göstərir. Təsadüfi deyil ki, məhkəmə qərarlarının icrası ilə bağlı problem tez-tez qanunverici hakimiyyət olan Milli Məclisin tribunasından da səsləndirilir. Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin son iclaslarından birində Azərbaycanda 1 milyon 200 min məhkəmə qərarının icrasını gözlədiyini bildirib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev də məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyətin olduqca acınacaqlı olduğunu söyləyib. Bildirib ki, çox sayda vətəndaşın bununla bağlı narazılığı var.
E-huquq.az mövzu ilə bağlı ədalət mühakiməsinin səmərəli fəaliyyətində mühüm rolu olan vəkillərin fikirlərini və problemin həlli istiqamətində təkliflərini öyrənib.
Vəkil Qulam İsmayılzadə deyib ki, problem əsasən icra məmurlarının iş yükünün çox olmasından qaynaqlanır:
“Məhkəmə qərarları, ümumiyyətlə icra sənədlərinin sayı həddindən artıq çoxdur və icra məmurlarının sayına mütənasib deyil. Bakı şəhəri üzrə bir icraçıya təxminən 1000-1200 icra sənədi düşür. Bu çox böyük rəqəmdir. Effektiv nəticə əldə edilməsi üçün bir icraçının icraatında orta hesabla 300-400 iş olması daha məqsədəmüvafiqdir. Çıxış yolu kimi, özəl icra qurumlarının yaradılmasını görürəm. Bu təklif uzun müddətdir müzakirə olunur, lakin hələ də bu istiqamətdə konkret addımlar atılmayıb. Əgər özəl icra yaradılsa, icraçıların artıq maddi marağı olacaq. Bu da təbii ki, effektivliyi artıracaq. Hazırda ən böyük problemlərdən bir də icra məmurları ilə əlaqə yaratmağın mümkün olmamasıdır. İcra şöbələrinin dəftərxanaları ilə əlaqə saxlamaq mümkün deyil. Ədliyyə Nazirliyinin internet saytında sadəcə icra şöbələrinin rəislərinin əlaqə nömrələri qeyd olunub. Həmin nömrələrə də cavab verilmir”.
Vəkil Emin Kiçikbəyov məhkəmə qərarlarının icrasına nəzarətin gücləndirilməli olduğunu söyləyib:
“Hazırda icraya nəzarət çox zəifdir. Məhkəmə qərarları icra olunmur. Qərarın icrası ilə bağlı müddət bəlli deyil, həbslər olmur, cinayət işinə qədər gedib çıxma halları çox azdır. Vətəndaşlar elə fikirləşirlər ki, məbləğ hissə-hissə ödənilməlidir, mülki işdir, icraçı onsuz da heç nə etməyəcək və s. Əslində bu məsələ o qədər ciddi və məsuliyyətli olmalıdır ki, insanlar icraçılardan çəkinməlidirlər. Məsələnin ciddiliyini qəbul etməlidirlər. Düşünməlidirlər ki, məhkəmə qətnaməsi varsa, mən bunu mütləq icra etməliyəm. Bax belə bir fikir formalaşdırılmalıdır. Bunun üçün icraya nəzarət gücləndirilməlidir. Bu sahədə qanunlar sərtləşdirilməlidir. Belə halda hər kəs daha ciddi yanaşar. Ümid edirəm ki, yeni təyin olunan ədliyyə nazirinin rəhbərliyi ilə bu məsələ öz həllini tapar”.
Vəkil Nərmin Əliyevanın fikrincə özəl icra qurumlarının yaradılması bu sahədə müsbət nəticələrə gətirib çıxara bilər:
“Məhkəmə qərarlarının icrası prosedur baxımından da çox gec irəliləyir. Kargüzarlıq işləri gec həyata keçirilir. İcra sahəsində əsas problemlərdən biri də pul tələbi ilə bağlı olan işlərdir. Tutaq ki, 30-40 min borca görə vətəndaş ayda 200 manat ödəyir. İcra məmuru bununla kifayətlənir və deyir ki, daha artığını tələb edə bilmərik. Bu da təbii ki, tələbkarın hüquqlarının pozulması deməkdir. Hesab edirəm ki, icra sahəsindəki problemlər həm də icra məmurlarının işinin çox olmasından asılıdır. Bir icra məmurunun icraatında həddən artıq iş olur və çatdıra bilmir. Bu problemlərdən ən gözəl çıxış yolu özəl icra qurumlarının yaradılması olardı. Mənə elə gəlir ki, bu halda vəziyyət bir xeyli yaxşılaşar”.
Vəkil Hikmət Əmiraslanov icra məmurlarının iş yükünün çox olmasını bu sahədəki problemlərin əsas qaynağı kimi qiymətləndirib: “Cinayət işləri üzrə qərarların icrasında heç bir problem yoxdur. İstər polis, istərsə də prokurorluq orqanları məhkəmə qərarlarını birmənalı şəkildə icra edirlər. İnzibati işlərdə qərarların icrası təmin olunur. Bu gün əsas problem mülki sahədədir. Mülki mübahisələr üzrə icra məmurları ciddi tədbirlər həyata keçirə bilmirlər. Bunun başlıca səbəblərindən biri icra məmurlarının sayının az olmasıdır. Bir icra məmurunun icraatında o qədər iş olur ki, vaxt çatdıra bilmir. Ona görə də bəzi qərarların icrası hətta illərlə çəkir”.
Vəkil Sabir Nəsibov isə hesab edir ki, məhkəmə qərarlarının icra olunmasına hakimlər tərəfindən nəzarət edilməlidir:
“Məhkəmə qərarlarının icrası sahəsində, təəssüf ki, müəyyən çatışmazlıqlar var. Hesab edirəm ki, məhkəmə qərarlarının icra olunmasına hakimlər tərəfindən nəzarət artırılsa, yaxşı olardı. Məncə, özəl icra qurumlarının yaradılması icra sahəsindəki problemlərin aradan qalxmasına kömək edə bilər. İcra məmurları iş icraya daxil olduqda müəyyən prosessual addımlar atırlar, lakin qərarın icrasına gəldikdə isə deyirlər ki, qanun bizə filan addımları atmağa icazə verir. Əsaslı bir addım atmaq imkanları olmur. Amma özəl icra olsa, daha yaxşı olardı. İşə daha məsuliyyətli yanaşardılar”.
www.102info.az