Ali Məhkəmədə özünü öldürməyə cəhd həddinə çatdırmada və əzab vermədə təqsirləndirilən R.Mahmudovun barəsindəki hökmdən zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Bildirilib ki, zərərçəkmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini istəyib. Qərara əsasən, zərərçəkmiş şəxsin ərizəsi təmin edilib, şikayət geri götürülüb.
İttihama görə, R.Mahmudov 2014-cü ildən 2019-cu ilin sonunadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı-ayrı ünvanlarda hamilə vəziyyətdə olan, qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadına – S.S.-ə (şərti) qarşı amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürməyə cəhd həddinə çatdırıb və işgəncə verib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə R.Mahmudova şərti cəza verilib. Hökmdən narazı qalan S.S. apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra qadın kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
www.102info.az