Abdullahian-Mirzoyan görüşü: Azərbaycandan giley-güzar – TƏHLİL

Siyasət

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 4-də Tehrana səfər edərək iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdü.

Görüşün müzakirə mövzularının əsasını tərəflərin bir-birinə üçüncü tərəfdən, bir az da dəqiq desək, Azərbaycandan giley-güzarı kimi təqdim edə bilərik.

Azərbaycanın Gorus-Qafan yolunda postlar qurması, Ermənistana girən avtomobilləri yoxlamasından sonra İrəvan-Tehran aşkar və gizli ticari münasibətlərinin tempi aşağı düşdü.

Bu məsələdən sonra İran-Ermənistan dostluğunun təməllərini möhkəmləndirmək yönündə iş aparılır, Tehran isə Azərbaycana qarşı illərlə yığılıb qalan hikkəsini müxtəlif səviyyələrdə nəhayət dilə gətirir.

Abdullahian-Mirzoyan görüşündə İranın baş diplomatı ənənəvi siyasi ritorikanı ifadə edərək bildirib ki, sionist rejim İranın qonşuları ilə münasibətlərinin inkişafına əngəl törədir.

Əslində İranın Azərbaycana qarşı siyasətinin və davranışının kökündə irəli sürülən İsrail amili bir bəhanədir, çünki Tehran İsrail olsa da, olmasa da, Bakının regionda əlinin güclənməsini böyük narahatlıq içərisində izləyir.

Tehran da, İrəvan da anlamalıdır ki, Azərbaycanın müharibədə qələbə qazanması regionda yeni reallıq yaradıb və bu reallıq geosiyasi amillərlə Bakı-Ankara maraqlarını ön plana çıxarır.

Regional əməkdaşlıqda yeni platforma bölgə dövlətləri üçün yeni iqtisadi fürsətlər pəncərəsidir, buna qarşı çıxan isə sülh və təhlükəsizlik strategiyasını kölgə altına atır.

Lakin İranla Ermənistan ortaq nöqtə tapmaqla bir-birinin maraqlarını təmin edən tərəflərə çevrilmək istəyirlər.  

İranın istədiyi ölkə ilə əlaqə qurmaq onun hüququdur. Ancaq, sual olunur: Əgər İran işğalı pisləyirsə, o zaman işğalçıya niyə dəstək olur? (Səbəblər bəllidir)

Abdullahian-Mirzoyan görüşündə İranın Qarabağa yükdaşımalarının qanunsuz olması niyə müzakirəyə çıxarılmır? Ümumiyyətlə bu zamana qədər İran Qarabağa təyinatı hələ açıqlanmayan məhsulların daşınmasını müxtəlif adlar altında pərdələyən və ya bunu təkzib edən açıqlamalar verirdisə, Gorus-Qafan yolundakı məlum hadisələrdən sonra qınından çıxdı və niyyətini aşkar bəyan etdi.

Azərbaycanın isə şərti sadədir: Qarabağa heç bir adla daxil olma, bu sənin hüququn deyil, üçtərəfli bəyanatlarda sən heç bir tərəf və ya onun vəkili deyilsən.

İran Bakıya etibarlı zəmanət versə, Azərbaycan da Gorus-Qafan yolundakı inzibati tədbirləri yumşaldar, ancaq proseslərin gedişatı göstərir ki, Tehran yolundan dönmək niyyətində deyil. 

Bunun nəticəsidir ki, İran və Ermənistan XİN başçıları Gorus-Qafan yoluna alternativ yollar çəkilməsini, tranzit yolların bərpasının sürətləndirilməsini müzakirə edir.

İran işğalçı, Xocalı soyqırımı kimi əsrin cinayətini törədən Ermənistana yatırım edir, ancaq Ermənistanın təcavüzkar dövlət olduğunu dilinə gətirmir. Azmış kimi həyasızcasına Azərbaycanı “sionistlərin dostu” adlandırır. Onu da deyək ki, biz İsrailin də Azərbaycan üzərindən İranı hədələməsini qəbul etmirik, çünki bura poliqon yox, suveren ərazilərdir.

Ancaq etiraf edək ki, İsrail Vətən müharibəsi dövründə Azərbaycana siyasi dəstək verib, Azərbaycan ordusunun arsenalında İsrail istehsalı olan ən müasir silahlar yer alır.

Gələk dini faktora: İran özünü islam respublikası elan edib, siyasətinin kökündə islam təməlləri dayandığını söyləyir. Bəs İran niyə işğal müddətində islam irsini dağıdan, məscidləri təhqir edən Ermənistanın əməllərini görməzdən gəlir?  

İslam irsinin “müdafiəçilərinin” islam irsini dağıdanları müdafiə etməsi onu göstərir ki, İran üçün din öz çirkin məqsədlərini yerinə yetirməkdə bir vasitədir. Əks təqdirdə, İran Qarabağda dini abidələri viran qoyan, onları donuz tövləsinə çevirən Ermənistanın üzünə tüpürərdi.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir