Paşinyandan etiraflar: “Müharibədən yayınmaq üçün rayonlar geri qaytarılmalı idi”

Siyasət

Litvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi və Şuşa haqqında danışıb.

Ölkədəki erməni icması ilə görüşən Nikol Paşinyanın son 30 il ərzində Azərbaycan rayonlarının qaytarılması məsələsinin həmişə Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların gündəmində olduğunu bildirib.   

N. Paşinyan qeyd edib ki, müharibədən yayınmaq üçün rayonlar geri qaytarılmalı idi.

“Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Anlamaq lazımdır ki, müharibəyə yol verməməyin yeganə şərti ərazilərin qaytarılması olub. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu. Digər iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz yeddi rayonu qaytaraydıq”, – deyə N.Paşinyan bildirib.

Ermənistan baş naziri həmçinin Şuşanın Azərbaycan tərəfindən azad edilməsindən sonra xüsusilə keçmiş hökumət nümayəndələri tərəfindən ona edilmiş sərt tənqidlərə də cavab verib.

Onun sözlərinə görə, Şuşa məsələsi həmişə mövcud olub. Çünki Azərbaycan heç vaxt Qarabağ azərbaycanlılarının qayıdıb məskunlaşması fikrindən imtina etməyib. Nikol Paşinyan qeyd edib ki, Şuşa ermənilərin nəzarətində olarkən 30 il ərzində heç bir yaşayış binası tikilməyib.

“Bu gün Şuşa haqqında bu qədər danışırlar, bəs bu 30 ildə Şuşada neçə yaşayış evi tikilib? Heç bir, bəs niyə? Kimsə heç soruşmur ki, niyə tikilməyib? Nədir bunun səbəbi? Məntiq nədir ki, tikilməyib, pulları olmayıb? Cavab məncə aydındır”, – deyə N.Paşinyan bildirib.

O, görüş iştirakçılarından birinin “yəqin saxlaya biləcəklərinə əmin olmayıblar” replikasına “bunu siz dediniz, mən demədim” cavabını verib.

Mənbə: “BBC News”

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir