İranın təlimlərində ortaya çıxan mesaj: Şirin yerində təkcə quyruğu qalıb

Siyasət

İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlər vasitəsilə mesaj vermək cəhdləri iflasa uğrayıb.

Tehran bu təlimlərlə “güc nümayişi” etmək məqsədini qarşısına qoysa da, yekunda bütün bunlar “gülünc” nümayişə çevrildi. Hansısa əyalət mollasının ağız dolusu danışdığı həmin “şir” kükrəyə bilmədi, bu şirin hər yeri lərzəyə salacağı düşünülən nərəsi sadəcə pişik “miyoldamasını” xatırlatdı.

Hər halda, İran öz-özünə tez alovlanıb, elə həmin tezliklə sönməyi bacardı. Ortaya bir daha İranın “qüdrət” və “əzəmət” iddialarının əsassız olduğunu nümayiş etdirən mənzərə çıxdı.

Sirr deyil ki, İran bizimlə sərhəddə təlimlər keçirməklə ilk növbədə regionda nüfuzunu artırmış, söz sahibi Azərbaycan dövlətinə “mesaj vermək” niyyətində idi. Əgər İran bu mesajın “acizlik” və “saxta pafos”dan ibarət olacağını qabaqcadan bilirdisə, o zaman məqsədinə çatdığını deyə bilərik. İkinci versiyanın aqibəti isə artıq hər kəsə bəllidir.

Gələk təlimlərə, belə bir deyim var: “dosta güvən, düşmənə qorxu sal”. Ancaq İranın bu devizlə yola qədəm qoyduğu təlimlərin tam əks fikir formalaşdırdığını gördük. Ənənəvi olaraq İran ordusunun “peşəkar” hərbçilərinin “bacarıqları” bu təlimlərə də öz damğasını vurdu. Qeyri-rəsmi məlumatlara görə, təlimlərdə helikopterdən açılmış atəş zamanı İran ordusu yenə də öz texnikasını məhv edib. Fərqli mənbələrdə hadisə zamanı 3-14 yaralının və ölənlərin olduğu qeyd olunur.

Yenə də eyni mənzərə ortaya çıxıb. Sərnişin təyyarəsini, bir müddət sonra körfəzdə təlim zamanı öz döyüş gəmisini vuran, xüsusi təyinatlıları bir saxsı qabın möhkəmliyi qarşısında aciz vəziyyətə düşən İran ordusu yenidən hərb tarixinə rüsvayçılıqla düşdü. Artıq xarici mətbuatda İranın təlimləri başa çatdırmasına dair informasiyalar da var. Görünür İran öz ordusunun potensialını lazımınca qiymətləndirməyib, heç olmasa bu dəfə məsələdən üzüağ çıxa biləcəyini düşünsə də, bu dəfə uğursuzluğa düçar olub və tələsik qərar verməyə məcbur olub. Odur ki, təlimlər bir qədər də davam etsə, az qala öz ordusunu öz əli ilə məhv edəcəyini anlayan İran bu “riyakarlıq tamaşası”na son qoyub.

Əslində “Xeybər Fatehləri” adının altında yenə də Azərbaycan-İsrail dostluğundan yaranmış qorxu gizlənib. Din tarixini bilənlər Xeybər döyüşünün (müsəlmanlarla Xeybər yəhudiləri arasında) mahiyyətini və İranın bu adı təsadüfən seçmədiyini yaxşı anlayırlar. İran növbəti dəfə daha qəti və anlaşıqlı şəkildə regionda mövcud olmayan bir təhlükənin yaratdığı təşvişin əsirinə çevrildiyini etiraf edir.

“Xeybər” kimi İslam tarixində önəmli rol oynamış bir zəfərin adının seçilməsi İranın yenidən müsəlman aləmində liderlik ambisiyalarının təzahürü kimi də ortaya çıxır. Lakin İran bu mövqeyə hansı haqla iddia edir, bunun özü mübahisə predmetidir. Ortaya daha əvvəl verilmiş, lakin İranın böyük riyakarlıq nümayiş etdirərək yayındığı suallar çıxır. Əgər İran İslamın “bayraqdarı”dırsa, tək qayəsi İslamın ali dəyərlərinin təhlükəsizliyi və müdafiəsidirsə, nəyə görə bəlkə də, tarix boyu İslama ən böyük təhqirləri etmiş bir terror dövlətini himayə edir?

Bəli, Ermənistan dövlətinin rəhbər tutduğu, erməni xalqının şüuruna hopmuş ifrat düşüncələr qədər İslama düşmən kəsilən bəlkə də, ikinci bir anlayış mövcud deyil. İrəvanda, Zəngəzurda, Dərələyəz və bu qəbildən olan digər tarixi Azərbaycan torpaqlarında müsəlmanlara dair heç bir nişanənin qalmamasını qoyaq bir kənara, Qarabağda yaxın keçmişdə baş verənlər “bayraqdar” İranın gözləri qarşısında baş vermədimi? Məgər donuz saxlanılan məscidlər, sadəcə azərbaycanlıların idimi? “Xeybər fatehləri”ni yad edəcək qədər həssas düşüncəyə sahib olan İran həmin vaxt həqiqətlərə nəyə görə kor baxırdı?

Halbuki, İranın Ermənistana təsir üçün hər cür imkanları var idi. Ermənistan nə qədər eyforiyaya qapılmış olsa da, regionda onun üçün yeganə nəfəslik olan İrandan imtina edə bilməzdi. Bu gün İslam adı ilə hay-şivən qoparan İran həmin vaxt İslamı öz məkrli planlarına, qaranlıq ticarətinə və maraqlarına satmamışdımı?

İran ermənilərin güdazına verdiyi, öz maraqları naminə xəyanət etdiyi İslamı qorumaq fikrinə birdən-birə necə gəldi? Məgər işğal illərində Cəbrayılda, Zəngilanda mədəni, tarixi, dini abidələrimiz talan edilib, dağıdılanda İran öz “fatehlərini” indi təlim keçdiyi əraziyə göndərib, həmin bölgəni lərzəyə sala bilməzdi? Məscidin minarəsini sökmək üçün ora qalxan erməni İran topçularının sərrast atəşinin yaratdığı sarsıntı ilə həmin minarədən yerə çırpıla, məsciddə donuz saxlayan erməni qorxudan qaçan həmin donuzların ayaqları altında qala bilməzdi? Ermənilər Qarabağdakı məscidləri viran qoymaqla sadəcə müsəlman azərbaycanlıların Allahını təhqir etmişdilər? İranın dini, tanrısı, ölkənin rəsmi adında daşıdığı İslamı başqadırmı?

Öz köhnə sınıq-salxaq texnikalarını və “peşəkar” zabitlərini bir araya toplayıb “Xeybər fatehi” adlı təlimlə mesaj vermək istəyən İran şüurlu, İslam və dünya tarixini bilən hər bir insanın qarşısında özünü yenidən rüsvayçı duruma saldı. Əvvəla seçilən adla İran işğal dövründə xəyanət etdiyi İslamın qarşısında öz riyakar mahiyyətini ortaya qoydu. İran İsrail-Azərbaycan dostluğunu təhdid etdiyini zənn etdiyi bu adla, əslində bütün prinsip və ali dini dəyərlərini qurban verdiyi erməni sevgisini ifşa etdi.

Təlimlər isə ortaya təkcə İranın ikiüzlü din təəssübkeşliyini deyil, həm də onun “qüdrətli” ordusunun sadəcə bir mifdən ibarət olduğunu ortaya çıxardı. Necə deyərlər İran tez alışıb, tez də söndü.

Tehran əsrlər sonra “Xeybər fatehlərini” gülünc vəziyyətə saldı. Əyalət mollasının bəhs etdiyi yatmış şirin yerində bu gün sadəcə Tehrandakı səriştəsiz siyasətçilərin əlində oynatdığı quyruğunun qaldığı üzə çıxdı…

Orxan Tağıyev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir