Coratda zibilliyə çevrilən beş əsrlik tariximiz… – FOTO

Cəmiyyət




Sumqayıt şəhərinin Corat qəsəbəsindəki tarixi Hacı Məcid hamamı uzun illərdir ki, baxımsız vəziyyətdədir.

Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.

Qeyd olunub ki, Corat sakinləri arasında “köhnə hamam” kimi də tanınan və tarixi XV-XVI əsrlərə aid edilən bu tarixi abidə artıq neçə ildir ki, baxımsızlıq səbəbindən zibilliyə çevrilib. Belə bir tarixi sərvətin zibilliyə çevrilməsinə isə aidiyyəti qurumlar sadəcə göz yumurlar.

Sakinlər onu da bildiriblər ki, tarixi abidələr siyahısında yer alan köhnə hamam ərazisinin zibilliyə çevrilməsinin əsas səbəblərindən biri də orada heç bir təmir-bərpa işləri aparılmamasından və cavabdeh qurumların tarixi tikiliyə laqeyd münasibətindən yaranıb. Beş əsrlik yol gələn Hacı Məcid hamamı sonuncu dəfə 1985-ci ildə təmir edilib və1988-ci ilə qədər istifadə olunub. Ondan sonra isə baxımsızlıqdan yox olmaq təhlükəsi ilə üz-üzə qalıb.

Hamamın unikallığı ondan ibarət olub ki, əvvəllər bura gələn kükürdlü suyun isinməsi üçün tək bir şamın olması kifayət edirmiş. Bu səbəbdən ona yerli sakinlər həm də “bir şam ilə qızan” hamam deyiblər.

Hacı Məcid hamamında kanalizasiya borularının saxsıdan olması da maraqlı faktlardan biridir. Məhz həmin borular vasitəsilə əvvəllər hamamın həyətindəki quyuya yaxınlıqda yerləşən Nəbi bulağından kükürdlü su gəlib. Təəssüf ki, bu gün həmin quyu da quruyub.

Xatırladaq ki, Corat qəsəbəsində mövcud olmuş iki tarixi hamamdan biri hesab olunan Hacı Məcid hamamı Sumqayıt şəhərinin Corat qəsəbəsində, Səməd Vurğun küçəsindən 60-70 metr aralıda, qəsəbənin daxilinə uzanan küçənin sağ tərəfində yerləşir. 

Əzizə İsmayılova

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir