Zəngəzur dəhlizinə ehtiyac artır
Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyət regionda geniş imkanlar və alternativlər yaradıb. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması məsələsi daha da aktuallaşır. Bu marşrut nəinki region ölkələrinə iqtisadi faydalar gətirə, həm də bölgədə dayanıqlı sabitliyin qorunub saxlanılmasına töhfə verə bilər. Ermənistan 30 ilə yaxın davam etmiş işğalçılıq siyasəti səbəbindən regionda həyata keçirilmiş bütün iri infrastruktur layihələrdən kənarda qalıb.
Azərbaycan isə öz növbəsində son illərdə özünün regionun nəqliyyat mərkəzi kimi rolunu təsdiqləyib. Azərbaycanın nəqliyyat dəhlizi kimi funksionallığını və əhəmiyyətini artıran həm də odur ki, ölkəmiz yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, eyni zamanda, Şimal və Cənubu da birləşdirən mühüm dəhlizdir. Azərbaycan bu dəhlizin – nəqliyyat infrastrukturunun formalaşması üçün ciddi siyasi iradə nümayiş etdirib və investisiya yatırımları edib. Nəticədə, istər daxili, istərsə də xarici nəqliyyat infrastrukturu çoxşaxəli haba çevrilə bilib.
Azərbaycanın işğalda olan ərazilərini azad edilməsi ilə bölgədə yaranan yeni geosiyasi reallıqlar Ermənistan üçün geniş imkanlar açır. Zəngəzur dəhlizinin açılması ilə bu ölkə region iqtisadiyyatına inteqrasiya edə, yeni fürsətlərdən yararlana, yaranmış nəqliyyat dəhlizlərindən istifadə edə bilər.
Ermənistanın uzun illər ərzində düşdüyü vəziyyət
Bugünədək Ermənistanın Rusiya ilə yükdaşımaları üçün yeganə avtomobil yolu Gürcüstandan, “Yuxarı Lars” adlanan sərhəd-keçid məntəqəsindən keçir. Dağlıq relyef və nəqliyyat axınının çoxluğu isə bu yolu əlverişsiz edir, il boyu avtomobillərin uzun tıxacına səbəb olur.
“Report” hazırki durumu işıqlandırmaq üçün Tbilisidən Rusiya ilə sərhədə qədər olan ərazidən reportaj edib.
Yük maşınlarının uzanan karvanlarını Tbilisinin 25 kilometrliyindən başlayaraq Mtsxeta-Stepantsminda-Yuxarı Lars yolunun kənarında müşahidə etmək mümkündür.
Hazırda Gürcüstan-Rusiya sərhədində yerləşən “Yuxarı Lars” gömrük-keçid məntəqəsində aparılan təmir-bərpa işləri isə vəziyyəti lap gərginləşdirir. Rusiya tərəfində aparılan yenidənqurma işləri Gürcüstandan daxil olan sərnişin və yük maşınlarının qəbulunda ciddi ləngimələr yaradıb.
İlboyu keçilməz yol
Tbilisidən “Yuxarı Lars” məntəqəsinə qədər olan ensiz yol hissəsi bu gün Gürcüstanı Rusiya ilə əlaqələndirən yeganə quru magistraldır. Bu marşrut coğrafi baxımdan mürəkkəb olmaqla yanaşı, payız ayından yaz ayına qədər güclü qar yağması və qar uçqunlarına görə keçilməz olur. Yayda isə böyük turist axınları və sel daşqınları yolda hərəkəti çətinləşdirir.
Ermənistanın “həyat yolu”nun çətinlikləri
Həftələrlə Gürcüstandan Rusiyaya hərəkət edə bilməyən yük avtomobillərinin əksəriyyəti Ermənistana məxsusdur. Mtsxeta-Stepantsminda-Yuxarı Lars yolu Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru və alternativi olmayan yoldur. Bu yol Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Əbəs yerə deyil ki, onu Ermənistanın “həyat yolu” adlandırırlar. Bu ölkəyə daşınan tranzit malların 70 %-ə yaxını məhz Gürcüstan ərazisindən keçir. Yüklərin böyük hissəsini buğda və ərzaq məhsulları təşkil edir.
“Bütün tras yük maşınları ilə doludur”
Yük maşınlarının sürücüləri “Yuxarı Lars”a aparan yolun çətinliklərindən və yaranmış ucsuz-bucaqsız tıxacdan şikayətlənirlər. Onlardan biri Spartak Elizbaraşvili deyib ki, gömrük məntəqəsi avtomobilləri növbə ilə qəbul edir:
“Burada durmuşuq və qarşıda baş verənlərdən məlumatımız yoxdur. Deyilənə görə, Rusiya tərəfdə gömrük işləmir. İstəyəndə açırlar, istəyəndə bağlayırlar. Buna görə də tıxaclar əmələ gəlir. Bütün tras yük maşınları ilə doludur. Burada artıq üçüncü sutkadır dayanmışıq. Gömrük məntəqəsinin nə vaxt açılacağını bizə demirlər”.
Digər sürücü Tiqran Avetisyan artıq bir həftədir yolda dayandığını deyib:
“Heç bir informasiya yoxdur, sadəcə dayanmışıq. Maşınların sayı çoxdur. Növbəmiz çatana qədər burada duracağıq. Rusiya tərəfi bizi buraxmır. Səbəbini bizə demirlər”.
Ermənistandan olan digər sürücü yol kənarında maşınlar üçün artıq yerin olmadığını bildirib:
“Ermənistandan Rusiyaya gedən bütün maşınlar yollarda dayanıblar. Artıq 10 gündür dayanan avtomobillər var. Biz burada artıq bir həftədir gözləyirik”.
4-cü gündür yol kənarında dayanan sürücü Beso Mikava Vladiqafqaza getmək üçün növbə gözləyir:
“Oradan buğda gətirməliyəm. Patrul polisi məni saxladı və 200 lari cərimələdi. Sərhəd nə vaxt açılacaq deyən yoxdur. Gömrük məntəqəsinin hava şəraitinə görə bağlandığını da deyirlər. Amma indi elə də güclü qar yoxdur. Yəqin ki, hələ üç gün də burada dayanmalı olacağam”.
Nəzərə alsaq ki, hələ oktyabrın əvvəlidir və hava şəraiti nisbətən əlverişlidir, növbəti aylarda sürücülərin çəkəcəyi məşəqqəti təsəvvür etmək çətin deyil. Bu hal bir daha Azərbaycan lideri İlham Əliyevin səsləndirdiyi “kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq” fikrinin Ermənistan üçün nə qədər həyati vacib olduğunun göstəricisidir.