Fuad Hüseynəliyev: “Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur”

Dünya




“Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “Baku TV”nin “Aktual” verilişində deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində artıq heç bir işi qalmayıb:

“Burada rusiyalı əsgərlərin qalmasının heç bir mənası, məramı da yoxdur. Onlar bir müddət əvvəl minatəmizləmə işlərinə kömək etməyə başlamışdılar, lakin hesab edirəm ki, məhz bunun üçün də fərqli üsullar mövcuddur. Belə ki, onlar Fövqəladə Hallar Nazirliyinin xətti ilə minatəmizləmə sahəsində öz köməkliklərini göstərə bilərlər. Bunun üçün onları ölkədə saxlamağa ehtiyac yoxdur”.

“Məlumdur ki, sülhməramlılar 2020-2021-ci ildə minatəmizləmə işlərinə qoşulmuş, daha sonra təmizlədikləri ərazilər barədə hesabat da vermişdilər. Sülhməramlılarda mina xəritələrinin daha düzgün versiyalarının olması ehtimalına qarşı onların bu sahəyə cəlb edilməsi bizim üçün də xeyirli ola bilər. Ancaq onları mülki missiya kimi cəlb etməklə əməkdaşlıq mümkündür. Rusiya sülhməramlılarının Azərbaycanda qalması həm bizim, həm də Rusiya üçün də faydalı deyil, əksinə, əlavə xərcdir, yükdür. Bu xərci Rusiya qarşılayır və bilirik ki, başqa ölkənin ərazisində xidmət etməyin maliyyə cəhətdən qarşılığı da tam başqadır”, – Agentlik rəhbəri qeyd edib.

F.Hüseynəliyev bildirib ki, bundan başqa, 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərindən keçən altı ay ərzində burada qalmaq və Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərin də hüquqları təmin olunub:

“Yəqin ki, Rusiya sülhməramlıları da burada işlərinin qalmadığını başa düşərək vəziyyəti rəsmi Moskvaya məruzə ediblər. Bundan sonra da ölkə rəhbərlikləri səviyyəsində missiyanın sonlandırılması qərara alınıb”.

Agentlik direktoru vurğulayıb ki, sülhməramlıların 2020-ci ildə Qarabağ və digər ətraf rayonlarda yerləşdirilməsi erməni silahlı qüvvələrinin sözügedən ərazilərdən çıxarılmasına paralel aparılmalı idi:

“Hansı ki, bunu təmin etmədikləri üçün Azərbaycan Ordusu məsələni kökündən həll etdi. Eyni zamanda iki icma arasında ilkin mərhələdə dialoqun qurulmasına kömək etməli idilər. Faktiki olaraq, artıq bu dialoq da qurulub. Bu baxımdan Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir