Azərbaycanlıların talan edilən evləri: İran büdcəsinə axan haram pullar – FOTO

Siyasət

Azərbaycan şəhər, rayon və kəndləri işğal olunandan sonra talan edilib. 44 günlük müharibədən sonra məlum oldu ki, bu bölgələrdə daş daş üstə qalmayıb. Məscidlər, dini ibadətgahlar təhqir olunub, sökülüb, xaraba hala salınıb. İnsanların illər uzunu diş-dırnağı ilə çətinliklə, min bir zəhmətlə tikdikləri evlər dağıdılıb, yerləbir edilib.

Sovetlər dövründə ev tikməyin çətinliklə başa gəldiyi heç kimə sirr deyil. Bu ərazilərin demək olar ki, hamısının sakinləri kənd təsərrüfatı ilə məşğul olublar. Onlar kolxoz və sovxozlarda işləyərək, ilin sonunda aldıqları pulları toplayaraq 15-20 ilə evlərini başa gətirmişlər. İşğal zamanı bəzi evlər hələ tikilirmiş.

Elə inzibati binaların, məktəblərin tikintisi üçün də mərkəzi hakimiyyət Azərbaycana asanlıqla maliyyə vəsaiti ayırmırdı. Bununla belə, min bir zəhmətə başa gələn bu binalar da dağıdılıb.

Azərbaycanın Qarabağ və ətraf rayonları işğal altında olan zaman oralarda qanunsuz fəaliyyət göstərən xarici dövlətlərin şirkətlərinin adları məlum idi. Ancaq torpaqlar azad edildikdən sonra bu, açıq-aşkar və çoxsaylı dəlillərlə təsdiqləndi.

Torpaqlar işğal altında olan zaman oradakı evləri, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, doğum evlərini, müxtəlif ictimai binaları, kinoteatrları, mədəniyyət evlərini, inzibati binaları kimlər söküb, dağıdıb? Bir də ermənilər o qədər daşı, taxtanı, dəmiri hara apara bilərdi? Dağıdılmış binaların daşının bir hissəsindən ermənilər havadarları ilə birlikdə mühəndis istehkamları düzəldiblər. Bəs qalan materiallar hara aparılıb?

İşğaldan sonra bir daha təsdiqlənib ki, bu cinayəti Ermənistan hakimiyyəti və Qarabağdakı erməni separatçıları tək törətməyiblər. Onlar bunu İrana məxsus şirkətlərlə birlikdə ediblər.

İşğal zamanı İranın Qarabağda “Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar” (Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), “Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari), “Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti), “Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi), “Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan), “Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İranian” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabian” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan) adlı şirkətləri fəaliyyət göstərib.

Maraqlıdır, onlar Qarabağda nə işlə məşğul olublar? 80-ə yaxın İran şirkətinin hər biri 30 ildə bir daşı daş üstə qoysaydı, böyük bir dağ əmələ gələrdi. Onların işğal dövründə Azərbaycan ərazilərində gördükləri iş də məlum deyil. Bu şirkətlər Qarabağda nə işlə məşğul olub? Evləri talan edib, dağıdıblar. Sərmayə qoyublar? – Xeyr. Onlar işğal altında olan torlaqlarda talançılıqla məşğul olublar. Dəmir materiallardan tutmuş, daşa, dam örtüklərinədək hamısını aparıb İranda bazarda satıblar, ya da İsfahanın poladəritmə zavoduna satıblar.

Azərbaycan vətəndaşının min bir zəhmətlə tikdiyi evləri dağıtmaq bir günahdırsa, talan edib, satıb pul etmək də bir günahdır. Əldə edilən gəlir də haramdır. Deməli, İranın dövlət büdcəsinə haram maliyyə vəsaiti daxil olub. 30 ilə yaxın bir müddət ərzində Azərbaycan torpaqlarından İslam Respublikasının dövlət büdcəsinə haram ötürüblər. Bunu necə yemək olar? Necə demişlər: “Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə”.

Mənbə: Sədrəddin Soltan, Report

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir