Cenevrədə müsadirə edilərək Misirin Berndəki səfirliyinə təhvil verilən qədim Misir fironu II Ramzesin 3400 illik heykəlinin oğurlanmış fraqmenti vətəninə qaytarılıb.
Bu barədə “Egypt today” jurnalı Misir Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Diplomatik xidmətin bildirdiyinə görə, heykəlin bir parçası 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində qədim Abidos şəhərinin məbədindən oğurlanaraq İsveçrəyə aparılıb. O, 2023-cü ilin iyulunda müsadirə edilib.
Misirin Berndəki səfirliyi və İsveçrə Federal Mədəniyyət İdarəsinin (FOC) birgə səyləri nəticəsində artefakt “EgyptAir”in xüsusi reysi ilə təhlükəsiz şəkildə Misirin Turizm və Qədim Əsərlər Nazirliyinə qaytarılıb.
Qeyd edək ki, ötən ay Misir-ABŞ birgə arxeoloji missiyası Misirin Minya şəhərinin cənubunda aparılan qazıntılar zamanı firon II Ramzesin nəhəng heykəlinin yuxarı hissəsini aşkar edib. Böyük Ramzes kimi də tanınan Misirin on doqquzuncu sülaləsinin üçüncü fironu eramızdan əvvəl 1279-1213-cü illərdə hökmranlıq edib. Heykəlin bütöv ölçüsü onun onilliklər əvvəl qazılmış alt hissəsi ilə birləşdikdə, təxminən yeddi metrə çatacaq.
Mənbə: iz.ru
www.102info.az