Müəllimlikdən kağızburma sənətinə: “Proqram maraqsız gəlirdi” – MÜSAHİBƏ + FOTO

Mədəniyyət




“Çox adam elə bilir ki, kvillinq çətin işdir və bunun üçün xüsusi səbir lazımdır. Amma inanın ki, tam əksinədir, insanın bütün əsəblərini sakitləşdirir. Gərgin olanda oturursan, başlayırsan işləməyə və bir anlıq hər şeyi unudursan. İnsanın ruhu dincəlir”.

Bunu Oxu.Az-a müsahibəsində səkkiz ildir ki, kağızburma (kvillinq) sənəti ilə məşğul olan Lalə Qədirova deyib. Müsahibəni təqdim edirik:

– Lalə xanım, əvvəlcə sizi tanıyaq.

– 1971-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşam. Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişəm. İkinci təhsil olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində İbtidai sinif müəllimliyini bitirmişəm. Neçə il 20 nömrəli məktəbdə çalışmışam. Sonra ailə vəziyyətimlə əlaqədar işdən çıxmışam.

– Hazırda nə işlə məşğulsunuz?

– Hazırda rəsmi olaraq heç yerdə işləmirəm.

– Gələk sizin yaradıcılığınıza. Bizdə az-az gözə görünən bir yaradıcılıq sahəsi olan kağızburma sənəti ilə məşğul olursunuz. Kağızlardan sehrli aləm yaratmaq istəyi sizdə nə zaman və nədən yarandı?

– Məktəbdə dərs dediyim vaxtda yarandı bu istək. Məktəbdə həm də əmək təlimindən dərs dediyim üçün mövcud proqram maraqsız gəlirdi. Dərsi maraqlı etmək üçün internetdən nələrsə axtarmağa başladım. Elə bir şey axtarırdım ki, həm özümə, həm də uşaqlara maraqlı olsun. Həmin vaxt qarşıma kvillinq texnikası çıxdı. Həm diqqətimi çəkdi, həm də çox xoşuma gəldi, beləcə başladım məşğul olmağa.

– Əl işlərinizə baxanda belə qənaətə gəlmək olur ki, rəssamlıq qabiliyyətiniz də var.

– Yox, elə deməzdim. Düzdür, uşaqlıqda bir-iki il rəssamlığa getmişəm, amma ciddi heç vaxt məşğul olmamışam. Uşaqlıqdan bir xasiyyətim vardı – dəftərlərimin kənarlarına həmişə cürbəcür naxışlar çəkirdim. Maraqlı gəlirdi mənə. Bu texnikanı da görən kimi sanki bir doğmalıq hiss etdim, bəlkə də, nostalji idi, bilmirəm. Ona görə özüm üçün başladım yavaş-yavaş nələrsə düzəltməyə. Kağızburma işi məktəbdə uşaqlara da maraqlı gəlirdi deyə çalışırdım, bir neçə texnikasını da öyrənim.

– Kvillinqlə məşğul olmaq üçün yəqin ki, əməlli-başlı səbir tələb olunur.

– Qətiyyən. Çoxları eynən sizin kimi düşünür. (gülür) Elə bilirlər, çox çətin işdir və bunun üçün xüsusi səbir lazımdır. Amma inanın ki, tam əksinədir, insanın bütün əsəblərini sakitləşdirir. Gərgin olanda oturursan, başlayırsan işləməyə və bir anlıq hər şeyi unudursan. İnsanın ruhu dincəlir. Ümumiyyətlə, mən yaradıcılığın bütün sahələrini çox sevirəm – teatr olsun, balet olsun, rəssamlıq olsun…

– İşlərinizi pula çevirirsinizmi?

– Yox. (gülür) Heç birini də satmamışam. Özüm üçün düzəltmişəm həmişə. Olub ki, qohumlara, dostlara hədiyyə vermişəm. Bilirsiniz, bu məndə hobbi kimidir. Öz zövqüm, mənəvi qidam üçün məşğul oluram bu işlə.

– İndidən sonra da satmağı düşünmürsünüz?

– Bilmirəm ki. (gülür) Düzdür, məsləhət görürlər mənə, amma nəyəsə görə fikirləşirəm ki, maraqsız olar, alan olmaz. Həm də çox üstünə düşmürəm. Müəlliməm deyə, elə evdə də müəllimliklə məşğul oluram. Həm də satmaq istəsəm belə, heç bilmirəm neçəyə satmaq olar. (gülür) Bu bazardan xəbərim yoxdur heç.

– Neçə ildir məşğul olursunuz bu işlə?

– Səkkiz il olar. Əvvəlki işlərimdən, demək olar ki, heç biri qalmayıb. Hamısını paylamışam. Qazandığım püxtələşməyim olub. Əvvəlki işlərimlə indiki işlərim çox fərqlidir. İşin içində olanda yaratmaq daha asan olur.

– Bir tablonun yaranması üçün nə qədər vaxt sərf etməli olursunuz?

– Bu, işlərin ölçüsünə və prosesə görə dəyişir. Balaca ölçülü işi bitirmək üçün, heç bir başqa iş görmədən məşğul olsam, bəlkə də, iki günə hazırlaya bilərəm. Özlüyündə çox incəlik, diqqət və vaxt tələb edən işdir.

– Bu naxışları haradan götürürsünüz?

– Heç yerdən götürmürəm. Hamısını özüm yaradıram. Naxışlar da, rəng seçimi də öz fantaziyamın məhsuludur. Trafaretdən də istifadə etmirəm. Beynimə bir ideya gəlir, əvvəlcə kiçik hissələrini düzəldirəm, sonra o hissələrə əlavələr edirəm, ya da nələrisə dəyişirəm. Bir sözlə, işə aludə oluram və axarına buraxıram. Yekunda nə alınacağını artıq düşünmürəm. (gülür) Bütün işlərim tam özəl və eksklüzivdir.

– İşlərinizin hər birinin öz adı var, yəqin…

– Bəli. Məsələn, bu, nöqtəli rəsmdir. Bu gün çox adam məşğul olur bu növlə. Əsasən, qabları, stəkanların kənarlarını bəzəyirlər, görməmiş olmazsınız.

Bu isə almaz mozaikadır. Burada hazır dəst gəlir və xüsusi alətlərlə, mozaika kimi üstünü bəzəyirsən.

– Lalə xanım, kvillinq üçün lazım olan materialları haradan alırsınız?

– İnternet üzərindən də sifariş edirəm, Bakıda da satılanlar var. Bu gün elə də çətin olmur onları tapmaq.

Həmişə deyirəm ki, qadınlar gəzməyə çıxanda çanta, pal-paltar alıb qayıdırlar, mən də kağız-kuğuzla qayıdıram. (gülür)

– Bu işlə məşğul olanlardan tanıdıqlarınız varmı?

– Bir dəfə Pasaj bazarında keçirilən yarmarkada görmüşdüm bir xanımı. İşlərini nümayiş etdirirdi. Başqa tanıdığım yoxdur.

– Yeri gəlmişkən, yarmarkada iştirak etmək istəyiniz də yoxdur?

– Var, əlbəttə, var. Qardaşım da həmişə mənə deyir ki, qatıl yarmarkaya. Amma hələ ki qatılmamışam. Nə bilim… (gülür)

– Qızınız da yaxşı rəsm çəkir. Məşğul olurmu o da kvillinqlə?

– Yox, yox… (gülür) Olmur. Rəsm çəkir, bir neçə işi var, amma bu işə marağı yoxdur. Deyir, səbrim çatmaz.

– Bu işdə sizə lazım olan alətlər hansılardır?

– İynə, yapışıqan, bir də bunlar… (göstərir) Adlarını bilmirəm, düzü…

– Lalə xanım, işlərinizdə, əsasən, naxışlara üstünlük verirsiniz. Hər hansı bir obraz üzərində işləmək fikrinizdən keçibmi?

– Düzünü desəm, heç düşünməmişəm bu haqda. Amma ideya olsa, hesab edirəm ki, işləyə bilərəm. Hazırda çox istəyirəm ki, bizim milli ornamentlərlə zəngin olan xalçalarımız kimi bir iş yaradım. Bayaq işləri satmaqla bağlı siz soruşdunuz, hərdən bunu mənə dostlar, yaxınlar da deyirlər. İnanın, baxıram, işlərim mənə o qədər əzizdir ki, elə bilirəm, onları kiməsə satmağa əlim gəlməz.

Daha çox foto burada: PhotoStock.az

Əzizə İsmayılova

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir