Əliyevin Almaniya səfəri: Genişlənən imkanlar, Çin “qütbü” – TƏHLİL

Siyasət




Prezident İlham Əliyevin Almaniyaya səfəri üç istiqamətdə Azərbaycanın strateji imkanlarını yüksəldir.

Birincisi, Azərbaycan noyabrda mötəbər COP29 tədbirinə ev sahibliyi edəcək ki, bu da beynəlxalq siyasətdə yeni trend olan yaşıl enerji üzrə Bakının qiymətini artıracaq.

İlham Əliyevin səfər zamanı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirakı, bəyanatları Bakının həmin istiqamətdəki mövqelərini yerbəyər edir.

İkincisi, Azərbaycan Avropa İttifaqının üzvü olan Fransanın ambisiyalarını Almaniya kartı ilə məharətlə vurur. Böyük ehtimalla Əliyev bunun epizodik bir səhnələri deyil, uzunmüddətli hədəfləri əhatə etməsini danışıqlar masasında qeyd edir.

Üçüncüsü, Almaniyanın Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı geostrateji portfelə investisiya qoyması üçün bir xeyli imkanlar açılır.

Əliyevin Füzuli aeroportundan birbaşa Almaniyaya getməsi azad olunmuş ərazilərdə təhlükəsizlik mühitinin investisiya üçün də böyük qarantiya olduğu mesajını verir.

Beləliklə, İlham Əliyevin səfəri bir sıra məqsədləri aydınlaşdırır və həmin məramlara Berlinin məsuliyyət dərəcəsi yüklənir.

Belə ki, Almaniya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına münasibətdə neytral statuslu müşahidəçi potensialını qoruyub-saxlamalıdır.

Berlin bu tempini saxlasa, o, Bakı-İrəvan danışıqlarının vasitəçisi olmaq roluna yiyələnə bilər. Bu isə Azərbaycan-Ermənistan gündəliyinə barmaq etmək istəyən Fransanın avtomatik olaraq qərəzli vasitəçilik səylərinin üzərindən xətt çəkəcək.

İlham Əliyevin Almaniyaya səfərini ən geniş baxış bucağı ilə izah etmək üçün isə Berlinin geosiyasətinə də diqqət etmək faydalı olardı.

Almaniya hər nə qədər NATO üzvü olsa da, o, Rusiya-Ukrayna müharibəsi fonunda Qərblə Moskvanın qızğın temperamenti arasında sıxılır.

Buna görə də Almaniya Avropa İttifaqında təhlükəsizlik çağırışlarına ən həssas ölkələrdən biri olaraq qalmaqdadır. Berlin sıxışmamaq üçün alternativ bir qütbə meyil edir – bu, Berlinin Çinlə əlaqədar siyasətində daha aydın nəzərə çarpır.

Almaniya indi Çinlə çoxşaxəli və intensiv xarakterli pozitiv əlaqələrdə maraqlı görünür. Beləcə, Almaniya Avropa İttifaqının Çinlə olan rəqabət səhnəsini ən səmərəli əməkdaşlıq sistemi ilə əvəzləməkdə maraqlıdır.

Berlinlə Pekin arasındakı bu təşəbbüslər Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizinə (Orta Dəhliz) iki ölkənin strateji diqqətini artırır.

Çindən başlayan, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə üzərindən Avropaya uzanacaq bu nəqliyyat yoluna Almaniyanın sərmayələrindən kənarda qalmayacağı göz önündə canlana bilər. Buna görə də İlham Əliyevin səfəri mahiyyət etibarı ilə belə geniş radiusa da nəzər salmağı aktual edir.

Bu baxımdan söyləmək olar ki, Azərbaycan təhlükəsizlik çağırışları naminə bir xeyli manevrə ehtiyac duyan Almaniyanın beynəlxalq siyasətdəki trayektoriyasını izləyir.

Bu, beynəlxalq arenalarda, o cümlədən Avropa İttifaqı daxilində Almaniyanın Azərbaycana siyasi dəstəyini artıran məqamlara gətirib çıxaracaq.

Almaniya isə Qafqazda yaranmış reallıqların iqtisadi blokunda özünün indekslərini yüksəltməyin mənalı bir gedişat olacağını diqqətdə saxlayacaq.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir