Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də Yusif Balasəf oğlu Ağayevdir.
AZƏRTAC xəbər verir ki, mayın 15-də şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Yasamal qəbiristanlığına gətirilib.
Dəfn mərasimində şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub. Onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli Dövlət bayrağı oğlu Vüqar Ağayevə təqdim edilib.
Qeyd edək ki, Yusif Ağayev 1959-cu il sentyabrın 12-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub. 1991-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Yusif Ağayev 1992-ci il yanvarın 26-da şəhid olub. Daşaltı uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.
www.RIA24.az