Rəssam: “Kiminsə düşüncələrimi almaq istəməsi mənə qəribə gəlir” – MÜSAHİBƏ + FOTO

Maraqlı




“Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalmaq lazım deyil. Olduğun yerdə qalmaq təxminən ölümə bərabərdir. Ölümlə yaşam arasında seçim etməlisən”.

Bunu Oxu.Az-a müsahibəsində rəssam Cavid Həsənli deyib. Cavid bəy 1992-ci ildə Bakıda doğulub. Uşaq yaşlarında ağır xəstəlik keçirib, səhv müalicə olunduğundan bir müddət əlil arabasında hərəkət etməli olub. Orta məktəbi 2010-cu ildə bitirib, 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunub.

Hazırda sənətşünaslıq üzrə magistr dissertasiyası hazırlayır. Həmçinin, sənət nəzəriyyəsi üzrə esselər və məqalələr yazır. Bununla yanaşı, teatr rəssamı kimi könüllü olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tamaşalarının geyim və dekor eskizlərini komanda ilə birlikdə hazırlayır.

Rəssamla müsahibəni təqdim edirik:

– Necə oldu ki, rəsmə marağınız yarandı?

– Hər şərdə bir xeyir var deyirlər. Mən xəstələnən zaman ilkin dövrləri ağır keçirirdim. O vaxt başımı qata biləcək nə isə yox idi. Valideynlərim boya kitabları alırdılar. Həmin vaxt ikinci sinifdə oxuyurdum. Boyayırdım, daha sonra boyadıqlarımı vərəqlərə çəkirdim.

Mən Süleyman Ələsgərov adına 1 saylı uşaq incəsənət məktəbində dördillik kursu bitirdim. Ancaq məktəbi bitirdikdən sonra uzun müddət heç nə çəkmədim. Lakin hər zaman beynimin ucunda qaldı. Düşünürdüm ki, nə zamansa ali təhsil alacağam. Diplom xətrinə oxumaq istəmirdim, könlümcə olan bir işlə məşğul olmağı arzulayırdım. Ramanaya getməyə qərar verdim. Orada reabilitasiya mərkəzində kurs keçdim. Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul oldum.

Sənətyönümlü sahələr belədir: əgər istedadın varsa, nə qədər ört-basdır etsən də, üzə çıxacaq. O, onsuz da, var, sadəcə, sən onu nə zamansa kəşf edirsən.

– Səhv müalicənin qurbanı olduğunuzu dediniz.

– Yeddi yaşımda yay tətilində kəndə getmişdim. Çiy süd və soyuq su içmişdim. Bruselyoz oldum. Qızdırmam qalxdı. Səhv müalicə etdilər, hormonları pozan dərmanlar verdilər, bu da boyumu inkişafdan saxladı. Oynaqlara lazımsız iynələr vuruldu. Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar. Sonradan öyrəndik.

– Ağır xəstəliklər çox zaman ruh düşkünlüyü yaradır. Bu maneəni necə adladınız?

– Keçmişdə ilişib qalmaq lazım deyil. Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Reabilitasiya mərkəzində səkkiz ay qaldım. Və həyatım dəyişdi.

Həyatımıza girən insanların müsbət və mənfi təsiri olur. Axına qoşulub gedirik, nə vaxtsa nəyəsə dəyib, istiqamətimizi dəyişirik. Mənim üçün dönüş nöqtəsi rolunu oynayan bir neçə insan var. O da reabilitasiya mərkəzində mənə dəstək olanlardır. Onların sayəsində təhsil ala bildim. Karyera qurmağa başladım. Onlar məni cəsarətləndirməsəydilər, bunların heç biri olmazdı. Mənim kimi insanlar üçün evdən ayrılmaq çox çətindir. Passivlik yaxşı deyil. Lakin özünü rahat hiss etdiyin yerdən ayrılmaq çətindir. Həyatı yaşamağın özü çətindir. Başlamaq cəsarət tələb edir. Cəsarət verən insanlar da dəyərlidirlər.

İnsan hər vəziyyətə adaptasiya ola bilir. Olduğun yerdə qalmaq təxminən ölümə bərabərdir. Ölümlə yaşam arasında seçim etməlisən. Hər bir insan nə qədər çətin vəziyyətdə olursa-olsun, yaşamaq onun haqqıdır.

– Rəsmlərinizin sirrini açardınız. İlk nədən başladınız?

– Rəsmlərin sirri yoxdur. Sirr axtarırıqsa, özüməm. Rəsmlər mənim düşüncələrimdir. İçimdəkiləri tökürəm. Beynimdəki fikirləri atıram və rahatlıq tapıram. Rəsm çəkmək söhbət etmək kimidir. Həmin vaxt nə haqqında düşünürəmsə, o, avtomatik gözümdə vizuallaşır. Sonda işıq görürəm. Sanki ildırım kimi çaxır. Görüntünü düşünürəm və eskizini hazırlayıram. Tam üzə çıxarana qədər arxasınca gedirəm.

– Bu günə qədər neçə rəsm əsəri ərsəyə gətirmisiniz?

– Çox deyil, bir qədər tənbələm. Əvvəlki rəssamlar daha məhsuldar olublar. Rəssam gecə-gündüz işləməlidir. 100-ə yaxın əl işim olar. Dəqiq say bilmirəm.

Elə rəsmim olub ki, üç aya çəkmişəm. İşdən asılıdır. Elə olur ki, alınmır. Kətan üzərində çəkirəm. Vaxtı hesablamaq olmur. Mümkün deyil.

– Ən sevdiyiniz işiniz hansıdır?

– Əslində, hər biri mənə əzizdir, doğmadır. Hamısını sevirəm. Lakin eləsi olur ki, ürəyinə daha çox yatır – yəni ağlındakını reallaşdıra bilmisən. O əsərim burada deyil. Sonsuz sayda pilləkən idi. Üzərinə şəlalə tökülürdü. Dərinliyə gedirdi. Balıqçı da təsvir etmişdim. Orada özümü görürdüm. Düşünürdüm. Nə isə tapmağa çalışırdım. Hər şey bir-birinə qarışmışdı.

– Sifarişləriniz çox olur?

– Rəssama, adətən, daha çox portret sifariş edirlər. Mən də portret sevmirəm. Yaxın adamlar olanda A4 formatında çəkib verirəm. Mən düşüncələrimi çəkirəm. Kiminsə düşüncələrimi almaq istəməsi mənə qəribə gəlir. Kimsə nə isə istəyəndə onun fikrini alır, ona əsasən çəkirəm. Yəni bu cür sifarişlər qəbul edirəm.

– Əsərlərinizin qiymətini bilmək olar?

– İmic, ad əsasdır. Təəssüf ki, bir müddət sonra sənin gördüyün işin yox, imzanın dəyəri olur. Bir əsərimin qiyməti 500-600 manat civarındadır. Maddi tərəfdən təmin olunmaq üçün bu, vacibdir.

– Cavid bəy, sonuncu dəfə nə zaman sərgi keçirmisiniz?

– Mənim şəxsi sərgim bircə dəfə keçirilib. O da mərhum deputat Qənirə Paşayevanın sayəsində. O zamanlar mən əlil arabasında idim. Dərsə gedib-gəlməkdə çətinlik çəkirdim, daha çox taksidən istifadə edirdim. Qənirə xanım dedi ki, sərgi keçirib, sənə maşın alarıq. Sərgi keçirdi. Mənə sərgidən pul toplandı, maşın aldıq. Hazırda həmin avtomobili idarə edirəm.

Əsərlərim daha çox səfirliklərdə sərgilənir. Mövzulara uyğun olaraq sərgilərə verdiyim bir neçə əsər var.

– Rəsmlərinizin birində insanı özü ilə üz-üzə qoymusunuz…

– Bunu bakalavr təhsilimi alan zaman natura ilə işləmişdim. Daha sonra görünüş xoşuma gəlmişdi. Düşündüm, bunu kompozisiyaya çevirim. Naturanı özü ilə üz-üzə gətirdim. Biri əyləşib, digəri ayaq üstədir. Bir növ öz daxili aləmi ilə haqq-hesabdır.

“Göz” rəsmində insan fiqurlarını çəkmişəm. Yəni cəmiyyətin, ətrafımdakı insanların mənim gözümdə necə göründüyüdür. Mənfi, qaranlıq olanlar da var, müsbət olanlar da, rəngarəngdir.

Digər tabloda cəmiyyət insanı sıxır. Şəxs təzyiqlərə məruz qalır. Fikirlər, cəmiyyət və çevrədəki basqını təsvir etmişəm. Başqa əsərdə isə daxili aqressiyanı göstərmək istəmişəm – hər tərəfdə əllər var.

Rəssamlar fərqli deyillər. İnsanların başı qarışıqdır. İçindəkini ata bilirsənsə, demək ki, bacarırsan. Əsas alınıb-alınmaması deyil, içinizdəki rahatlıqdır. Daxilinizi yoxlayın. Sükut çökübsə, deməli, düşündüyünüz yaradılıb, bitib.

– Daha çox hansı mövzulara müraciət edirsiniz?

– Daha çox mücərrəd mövzulara müraciət edirəm. YARAT-ın Müasir İncəsənət Məktəbinə qəbul oldum. Onlar Azərbaycanda çağdaş sənət mühitini formalaşdırmağa çalışırlar. Ənənəvi hər şeydən uzaqlaşıb, ideyanı ortaya qoyuruq. Azərbaycanda bu sahə çox inkişaf etməyib. Həftədə üç gün dərsimiz olur. Bir il davam edəcək. Yekun hesabat sərgimiz olacaq.

– Tələbə öyrətmək istəyərdinizmi?

– Tələbə öyrətmək çətindir. Müəllimliyin özü bir istedaddır. Yaxşı rəssam ola bilərsən, lakin pedaqoq yox. Müəllim olmaq səbir, metod və texnika tələb edir. Çətin və mürəkkəbdir.

– Səhhətinizlə bağlı müxtəlif reaksiyalarla üzləşdiyinizi dediniz.

– Deyirdilər ki, gah ayaq üstəsən, gah da arabadasan. Tələbə vaxtı, III kursda olan zaman səhhətim ağırlaşmışdı. Hətta təhsildən ayrılmaq istəyirdim. Heydər Əliyev Fondunun dəstəyi ilə dörd dəfə əməliyyat olundum. Arabadan xilas oldum.

– Əlilliyi olan insanlara nə tövsiyə edərdiniz?

– Evə qapananlar çoxdur. Sağlam gələcəkləri üçün iş görməli, qərar verməlidirlər. İlk addım atandan sonra ardı gəlir. Yaratmağa başlasınlar. Nə isə etsinlər. Söhbət təkcə bədii yaradıcılıqdan getmir.

– Planda nələr var?

– Yayda magistraturanı bitirirəm. Doktoranturanı oxumaq istəyirəm. Bizdə ənənəvi incəsənətin dominantlığı bir az çətinləşib. Xaricdə daha çox imkan var. İşimi orada davam etdirmək istəyirəm. Həm rəssam, həm də akademik sənət nəzəriyyəçisi kimi fəaliyyət göstərmək arzumdur.

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir