Otuz il əvvəl itkin düşən şəhid Sirac Nərimanov dəfn edildi – FOTO

Müharibə




Nərimanov Sirac Fehruz oğlu Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sirac naməlum şəhidlərimizdən biri kimi Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində dəfn olunmuşdu. Bir neçə gün əvvəl kimliyi məlum olan Sirac Nərimanovun nəşinin qalıqları öz ata-baba yurdu Füzulidə torpağa tapşırılıb.

AZƏRTAC xəbər verir ki, şəhid Sirac Nərimanovun nəşi Füzulidə izdihamla qarşılanıb, ailəsinin yaşadığı və doğulub boya-başa çatdığı Füzuli rayonunun Babı kəndinə gətirilib. Şəhidlə vida mərasimi olub və cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhidin nəşi kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, hərbçilər, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər. Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib. Şəhid Sirac Nərimanov yaylım atəşinin müşayiətilə torpağa tapşırılıb.

Qeyd edək ki, Nərimanov Sirac Fehruz oğlu 24 oktyabr 1973-cü ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 1992-ci ilin iyun ayının 6-da hərbi xidmətə çağırılıb. Onun döyüş yolu hərbi xidmətə gəldiyi ilk günlərdən etibarən başlayıb və Füzuli rayonunun “Məngələn ata” deyilən yüksəkliyi və Qacar kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Qacar kəndi uğrunda gedən döyüşdə Sirac qəlpə yarası alsa da xidmətinə davam edib. Hərbi sirrlərə peşəkarcasına yiyələnərək N saylı briqadanın hücum alayına göndərilib və həmin alayda bölmə komandiri təyin edilib.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 22 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildiyi döyüşlər zamanı Füzulinin Arazboyu kəndlərinin azad olunmasında Sirac Nərimanov öz döyüş yoldaşları ilə əsl şücaət göstərib. 1994-cü il yanvarın 11-də Aşağı Əbdürrəhmanlı kəndində gedən ağır döyüşlərdə şəhid olan Sirac Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilən şəhidlərimizindən biri olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqdə I Qarabağ müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanan zaman Sirac Nərimanovun da nəşinin yeri bəlli olub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir