Deputat İranın azərbaycanlı fəalları həbs etməsini pislədi

Siyasət

“Bu gün Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə, o cümlədən də İranla dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi arzu edir. Lakin təəssüf ki, rəsmi Tehran, xüsusən, radikal kəsim hələlik arzu etdiyimiz mühitin yaradılmasına maraq göstərmir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan tələb edir ki, İran ərazi bütövlüyümüzə hörmətlə yanaşıb separatizmi dəstəkləməsin.

“Bakı həm də İranın bölgədə sülh platformasının kökündə dayanacaq Zəngəzur dəhlizindən qorxmamasını istəyir. İran öz dövlət ideologiyasına, islam dəyərlərinə sadiq qalaraq məsciddə donuz saxlayıb müsəlmanların təhqir edilməsinə, dini abidələrin dağıdılması faktlarına susmamalıdır, buna münasibət bildirməlidir. Ən nəhayət heç olmazsa öz Konstitusiyasının 152-ci və 154-cü maddələrindəki bütün dünya müsəlmanlarının haqlarının qorunması və dəstəklənməsi prinsiplərinə sadiq qalsın”, – deyə B.Məhərrəmov əlavə edib.

Millət vəkili qeyd edib ki, İranda da kifayət qədər sağlam düşünən qüvvələr, o cümlədən 30 milyondan artıq ürəyi bizimlə döyünən soydaşımız var.

Deputat azərbaycanlı fəalların həbsinə də toxunub:

“Bu kəsim də Azərbaycanın İrana dost olduğunu, ən çətin dövrlərdə İranın maraqlarını qurban vermədiyini unutmayıblar. İndi az qala bütün qonşuları ilə düşmən münasibətdə olan, üstəlik sanksiyalar altında əzilən İranın Bakı ilə münasibətlərini də korlayıb daha ağır duruma düşməsini istəmirlər.

Təəssüf ki, Tehran bu məsələni də tərsindən anlayıb öz xarici siyasətinə çəki düzən verməkdənsə, sağlam təfəkkürü əzməyə çalışır. Artıq yüzlərlə vətəndaş, xüsusən Azərbaycan türkü mövqeyinə görə əsassız olaraq həbsə atılıb.

Gəlin nəzərə alaq ki, insan hüquqları bəşəri dəyərdir, sərhəd tanımır, dövlətin daxili işi hesab edilə bilməz”.  

O bildirib ki, bu mənada Azərbaycandakı insan hüquqları müdafiə təşkilatlarının mövqeyini, məsələni beynəlxalq cameənin müzakirəsinə çıxarmalarını yüksək qiymətləndirir.

“Lakin açığı İranın beynəlxalq hüquqa münasibəti fonunda bu prosesin Tehranı mövqeyindən çəkindirəcəyinə inanmıram. Amma istənilən halda məsələnin diqqət mərkəzinə gətirilməsi beynəlxalq ictimaiyyətin Tehranın səbəb olduğu digər köklü problemləri də görməsinə səbəb olacaq. Bu mənada hüquq müdafiə təsisatlarının və ayrı-ayrı vətəndaşların analoji fəaliyyətlərinin davamlılığını zəruri hesab edirəm”.

Qeyd edək ki, 2020-ci il sentyabrın 29-da Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirib.

Aksiya zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilən fəallara 2021-ci il 9 oktyabr tarixində Ərdəbil şəhəri məhkəməsi tərəfindən 180 ay həbs və 888 qamçı cəzası hökmü çıxarılıb.

Bir neçə gün öncə Azərbaycanda fəaliyyət göstərən bir qrup hüquq müdafiəçisi İran İslam Respublikasında fəalların həbsi ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə və “Amnesty İnternational” təşkilatına müraciət etmişdi.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir