Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurasının Nazirlər Komitəsinin 16-17 may 2024-cü il tarixlərində Strasburq şəhərində keçirilmiş 133-cü sessiyasında iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Sessiyada çıxışı zamanı nazir müavini Azərbaycanın 2020-ci ildə Ermənistanla silahlı münaqişəyə son qoyduqdan sonra hərbi işğal nəticəsində tamamilə dağıdılmış 9 şəhər və 300-dən çox kəndin böyük miqyaslı bərpasını apardığı barədə məlumat verib. O, 4000 minə yaxın soydaşımızın itkin düşdüyünü xatırladıb və ölkəmizin kütləvi mina təhdidi ilə üzləşdiyini, Ermənistanın isə bu məsələlərin həlli ilə bağlı əməkdaşlıq etmədiyini bildirib.
Tərəflər arasında qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyin tanınması, habelə dövlət sərhədlərinin toxunulmazlığı əsasında ikitərəfli saziş layihəsi üzrə danışıqlar aparıldığı, ötən həftə iki ölkənin xarici işlər nazirinin danışıqların növbəti mərhələsi üçün görüşdüyü, bu il ərzində iki ölkənin parlament sədrlərinin iki dəfə görüşdüyü, habelə sərhəd delimitasiya komissiyalarının mütəmadi olaraq toplantılarının keçirildiyi və sərhəd xəttinin müəyyən hissəsində delimitasiya ilə bağlı razılıq əldə edildiyi diqqətə çatdırılıb.
Nazir müavini Fariz Rzayev Azərbaycanın Avropa Şurası qurumları ilə dialoq və qarşılıqlı hörmət əsasında əməkdaşlığa açıq olduğunu, lakin buna baxmayaraq, Avropa Şurası Parlament Assambleyasının ölkəmizin parlament nümayəndə heyətinin etimadnaməsini təsdiq etməməsinin ədalətsiz bir qərar olduğunu vurğulayıb.
Çıxışı zamanı nazir müavini Fariz Rzayev, həmçinin Qoşulmama Hərəkatının keçmiş sədri və hazırkı sədrlik üçlüyünün (“Troika”) üzvü kimi Azərbaycanın Avropa Şurasının əsas dəyərləri və prinsiplərinə zidd olaraq, Fransa tərəfindən neo-kolonializm ənənələrinin, xüsusilə Yeni Kaledoniyaya qarşı davam etdirilməsindən təəssüfləndiyini diqqətə çatdırıb.
17 may tarixində nazir müavini Fariz Rzayev, eləcə də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçlə görüşüb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
www.RIA24.az