“Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın son günlərdə Cəbrayıl, Füzuli və Zəngilan rayonlarına səfərləri, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşləri regionun inkişafına dövlətin ali diqqətinin bariz nümunəsidir. Bu səfərlər, eyni zamanda, həm iqtisadi həm də mənəvi-siyasi baxımdan müstəsna önəm daşıyır. Ötən il məhz oktyabr ayında şanlı ordumuz tərəfindən Hadrut qəsəbəsinin, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının erməni işğalından azad edilməsi müasir tariximizə yeni əlamətdar günlərin yazılması ilə nəticələnib. Bu əlamətdar günləri həmin rayonların ictimaiyyət nümayəndələri ilə birgə qeyd edən dövlətimizin başçısı bununla dünyaya bir daha göstərir ki, Azərbaycan xalqının birliyi sarsılmazdır, davamlıdır.”
Bu fikirləri newsmedia.az-a Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı bildirib.
Deputat qeyd edib ki, bu gün Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında, eləcə də, rayonların kəndlərində aparılan ifrastrukturun yenilənməsi prosesi, bərpa və quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, iqtisadi inkişaf konsepsiyasının mövcudluğunun göstəricisidir: “Hələ işğal dövründə də Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətlərində, keçmiş köçkünlərlə keçirdiyi görüşlərdə hər dəfə deyirdi ki, biz nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik və əgər lazım olsa, biz güc tətbiq etməklə öz torpaqlarımızı geri qaytaracağıq. Biz həmin günləri, dövlət başçısının bu fikirlərini yaxşı xatırlayırıq. Bəli, belə də oldu. Hər dəfə olduğu kimi, dövlətimizin başçısı bu vədinə də əməl etdi. Nə işğal dövründə, nə də müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, Azərbaycan Prezidentinin polad iradəsinin, xalqımızın yenilməz əzminin qarşısında heç bir qüvvə dayana bilmədi. Şanlı Azərbaycan Ordusu erməni işğalçı qoşunlarını darmadağın etdi və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdi. Dövlətimizin başçısının dediyi kimi, bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır. Bu gün Zəngilan, Füzuli, Cəbrayıl şəhərləri və kəndləri sürətlə bərpa edilir. Dövlət başçısı Zəngilana səfəri zamanı da qeyd etdi ki, burada müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları, infrastruktur qurulacaq…
İndi Zəngilanın yeni dövrü başlayır. Şəhərin baş planı hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və yaxın aylarda baş plan təqdim ediləcək. Dövlətimizin başçısı deyib ki, burada təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq. Azad edilmiş torpaqlarda birinci “ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Artıq bəzi binalar hazırdır və gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıların Zəngilana köçürülməsinə başlanacaq. Həqiqətən də ötən bir ilə nəzər saldıqda, bu istiqamətdə böyük işlərin görüldüyünün şahidi oluruq. Heç bir şübhə ola bilməz ki, azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti çox genişmiqyaslı quruculuq işləri ilə, eyni zamanda, şəhər və kəndlərimizin bərpası ilə də məşğul olub. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın iqtisadi qüdrətini və xalqımızın yaradıcı ruhunu nümayiş etdirən ən bariz nümunələrdən biri də cəmi 8 ay ərzində inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanıdır. Dövlətimizin başçısının Füzuli ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxışında dediyi kimi,bəlkə də dünya praktikasında, dünya tarixində belə qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir.”
Aqiyə Naxçıvanlı əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin bütün keçmiş məcburi köçkünlərin tezliklə öz doğma torpaqlarına qayıda bilmələri üçün həyata keçirildiyi və bu günün Azərbaycan Prezidentinin həmin ərazilərə etdiyi hər səfəri ilə bir daha təsdiqini tapır: “Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Azərbaycan Prezidentinin həmin ərazilərə mütəmadi səfərləri, dövlətimizin başçısının öz əli ilə qoyduğu hər bir təməl daşı isə həmin günü daha da yaxınlaşdırır. İstər Zəngilan, istərsə də digər bölgələrimiz erməni vandalizmindən, işğalçı qüvvələrin törətdikləri vəhşiliklərdən çox zədə almış, xeyli dağıntılara məruz qalmışdır. Hətta Zəngilanda elə kəndlər var ki, onlar tamamilə məhv edilmişdir. Elə təkcə bununla bir daha əmin olmaq mümkündür ki, erməni faşizminin mahiyyəti, məzmunu nədir. Təəssüflər olsun ki, 27 illik işğal dönəmində dünya birliyi ermənilərin bu cinayətlərinə göz yumdu, ikilistandartlar sərgiləməkdən belə çəkinmədi. Lakin Azərbaycan Ordusu 27 ildən sonra BMT-nin qətnamələrini təkbaşına icra edərək, öz torpaqlarını düşmən tapdağından azad etdi. Şübhəsiz ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində həm hərbi, həm də insanlıq əleyhinə cinayətlər törədib və bütün bunlara görə mütləq beynəlxalq məhkəmələrdə cavab verməlidir”.