Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova həmin ölkənin nüfuzlu “Darik” (“Дарик”) radiosunda yayımlanan populyar “Darik kafe” (“Дарик кафе”) verilişinə canlı müsahibə verib.
Səfirlikdən verilən məlumata görə, müsahibə xəbər olaraq sözügedən radionun internet saytında yerləşdirilib, videosu “Youtube” kanalına yüklənib, həmçinin “Facebook” hesabından canlı paylaşılıb.
Müsahibə zamanı səfir N.Qurbanova Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat barədə Bolqarıstan dinləyicilərini məlumatlandırıb. N.Qurbanova 12 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilən hərbi təxribatı ölkəmizə qarşı təcavüz aktı olaraq qiymətləndirib. Təxribat nəticəsində biri general olmaqla, 13 hərbi qulluqçu və 76 yaşlı əlil mülki şəxsin həlak olduğunu diqqətə çatdırıb.
Səfir həmçinin münaqişə tarixi barədə də bolqarıstanlı dinləyicilərə məlumat verib. O, Azərbaycan Respublikasının ərazilərinin 20%-nin işğal altında olduğunu, Ermənistanın təcavüzkarlığı nəticəsində 20 000 insanın həlak olduğu, 4 000 insanın itkin düşməsindən bəhs edib.
Səfir eyni zamanda 23 iyul tarixinin münaqişə tarixində faciəvi günlərdən olduğunu qeyd edib, həmin gün Ağdam rayonunun Ermənistan tərəfindən işğalının ildönümü olduğunu xatırlayıb və bu işğalın 6 000 insanın ölümü ilə nəticələndiyini diqqətə çatdırıb.
N.Qurbanova Ermənistan tərəfinin son təxribatının baş verdiyi Tovuz rayonu yaxınlığından Avropa üçün strateji əhəmiyyətli enerji və nəqliyyat dəhlizlərinin keçməsi və bu kimi təxribatların həmin dəhlizlərə təhdid olmasından söz açıb və bu baxımdan Avropa İttifaqının münaqişənin ərazi bütövlüyü, suverenlik və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllində daha fəal olmağa çağırıb.
Səfir həmçinin COVID-19 pandemiyası ilə mübarizə kontekstində ölkəmizdə pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən sosial-iqtisadi sahədə atılan addımlardan bəhs edib. Pandemiya dövründə səfir ölkəmizin 30 ölkəyə yardım etdiyini xüsusilə vurğulayıb və strateji tərəfdaş olan Bolqarıstanın da siyahıda olmasından məmnunluğunu ifadə edib.