Daxili İşlər Nazirliyi qazilərə müraciət etdi

Siyasət

Dünən – oktyabrın 26-da Vətən müharibəsi iştirakçısı olan bir qrup şəxs onlara məxsus torpaq sahəsindən çıxarılacaqları ilə bağlı xəbərdarlığa etiraz əlaməti olaraq paytaxtın Ziya Bünyadov prospektini bağlayaraq nəqliyyatın və vətəndaşların sərbəst hərəkətinə mane olmağa cəhd edib. 

Həmin vaxt hadisə yerinə gələn polis əməkdaşlarının yolu bağlayan qazilərə qarşı güc tətbiq etmələri və onlarla kobud rəftara yol vermələri barədə sosial şəbəkələrdə iddialar səsləndirilir. Bu, doğrudanmı belə olub?

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sualını cavablandırarkən polis əməkdaşlarının qazilərlə kobud rəftarı və ya onlara qarşı hər hansı güc tətbiq etmələri barədə səsləndirilən iddiaların yanlış olduğunu və həqiqəti əks etdirmədiyini bildirib:

“Qazilərimiz xalqımızın dəyərli övladlarıdır. Onları qorumaq, qayğılarına qalmaq hər birimizin borcudur. Bununla belə hər bir kəs, o cümlədən, hamımızın fəxri olan qazilər bilməlidirlər ki, üzləşdikləri hər hansısa bir problemlə əlaqədar yol bağlamaq, nəqliyyatın hərəkətinə mane olmaq və bununla da vətəndaşlarımızın rahatlığını pozmaq yolverilməzdir. Problemin həllinin yeganə yolu yalnız aidiyyəti dövlət qurumlarına müraciət etməkdir. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, istər birinci, istərsə də ikinci Qarabağ müharibəsi iştirakçılarına dövlətimiz tərəfindən böyük hörmət və rəğbət sərgilənir. Onların üzləşdikləri problemin aradan qaldırılması üçün bütün lazımi tədbirlər həyata keçirilir. Qarabağ savaşlarında ön cəbhədə qəhrəmancasına döyüşmüş və yüzlərlə şəhid vermiş, bu gün isə sıralarında çoxsaylı Vətən Müharibəsi iştirakçısının xidmət etdiyi Azərbaycan Respublikasının daxili işlər orqanlarında da hər zaman qazilərimizə diqqət və qayğı ilə yanaşıblar. Lakin təəssüflər olsun ki, bəzi dələduz və fırıldaqçı şəxslər öz qanunazidd əməllərini həyata keçirmək üçün onların nüfuzundan sui-istifadə edirlər. Ona görə də, Vətən Müharibəsinin iştirakçısı olan qəhrəmanlarımızı kimlərinsə diqtəsinə və ya verdikləri yalan vədlərinə uyub belə qanunsuz hərəkətlərdən çəkinmələrini xahiş edirik. Torpaqlarımızı işğaldan azad edərək düşmən üzərində böyük qələbə qazanmış qəhrəman övladlarımızı müqəddəs qazi adını hər zaman uca tutmağa, üzləşdikləri hər hansı problemlə əlaqədar təmkinli olmağa çağırırıq və inanırıq ki, onların hər bir hərəkəti, davranışı vətəndaşlarımız üçün nümunə olacaq.

Sonda onu da qeyd edim ki, polis əməkdaşları ictimai asayişin təmini və etibarlı qorunması məqsədilə üzərlərinə düşən qanunla müəyyən edilmiş vəzifələri hər zaman layiqincə yerinə yetiriblər və bundan sonra da ictimai asayişin pozulmasına cəhdlərin qarşısının alınması üçün əllərindən gələni əsirgəməyəcəklər”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir