
Bakı. Trend:
Azərbaycan və İsrail arasındakı münasibətlər müəyyən mənada
lazımınca qiymətləndirilmir.
Trend xəbər verir
ki, bunu ABŞ-nin İsraildəki keçmiş səfiri Deniel B. Şapiro ABŞ
Senatının beynəlxalq münasibətlər üzrə komitəsində Yaxın Şərq
məsələləri üzrə dinləmələrdə etdiyi çıxışda deyib.
Onun sözlərinə görə, Bakı ilə İsrail arasında əlaqələr ABŞ-nin
vasitəçiliyi ilə 2020-ci ildə irəli sürülmüş diplomatik təşəbbüs
olan İbrahim Sazişlərindən xeyli əvvəl qurulub.
“Azərbaycanla İsrail arasında artıq uzun illərdir ki, diplomatik
münasibətlər mövcuddur. Azərbaycan bunu (bu əlaqələri) İbrahim
Sazişlərindən əvvəl qurmuş azsaylı müsəlman ölkələrindən biridir”,
– deyə Şapiro vurğulayıb.
Azərbaycanın coğrafi və geosiyasi mövqeyindən danışan sabiq
diplomat onun regional təhlükəsizliyin və enerji sabitliyinin təmin
olunmasında mühüm rol oynadığını qeyd edib.
“Regiona və təhdidlərə yaxınlığı sayəsində, o təhdidlərə ki,
İsrail də İran tərəfindən onlarla üzləşir – Azərbaycan bu ölkə
(İsrail – red.) üçün təhlükəsizlik sahəsində tərəfdaşa çevrilib.
Bu, enerji resursları hesabına da mümkün olub. Həmçinin, Azərbaycan
dünyada eyni vaxtda həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə
ölkədir. Ona görə də onun strateji əhəmiyyətini yüksək
qiymətləndirməmək mümkün deyil”, – deyə Şapiro bildirib.
Təhlükəsizlik və enerji məsələləri ilə yanaşı, Şapiro
Azərbaycanın İsraillə müsəlman dünyası arasında mədəni vasitəçi və
körpü rolunu oynamaq qabiliyyətini də qeyd edib.
“Azərbaycan mühüm mədəni potensiala malikdir ki, bu da İsraillə
digər ərəb və müsəlman ölkələri, o cümlədən, bəzi Mərkəzi Asiya
dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsinə xidmət edə bilər”, –
deyə o əlavə edib.
Şapironun fikrincə, Bakı daha geniş regional əməkdaşlıq
formatlarında fəal rol oynaya bilər.
“Biz belə regional platformaların – bəlkə də, Avropa İttifaqı
modelinə və ya ASEAN kimi təşkilatlara bənzər formatların – Yaxın
Şərq ölkələrinin iştirakı ilə genişləndirilməsi imkanlarını
müzakirə etmişik. Azərbaycan isə, şübhəsiz, belə birliklərin bir
hissəsi ola bilər”, – deyə o vurğulayıb.

