Altı ayda valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 3 iddia qaldırılıb

Gündəm

Bakı. Trend:

Hesabat dövründə azyaşlı uşaqların hüquqların müdafiəsi
istiqamətində zəruri tədbirlər görülüb, bu istiqamətdə valideynlik
hüquqlarının məhdudlaşdırılması ilə bağlı 3 mülki iddia
qaldırılıb.

Trend xəbər
verir ki, bu barədə bu barədə Baş prokuror Kamran Əliyevin
rəhbərliyi ilə videokonfrans rejimində Azərbaycan Respublikasının
Prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində
cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə görülmüş işlərin
vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan
Geniş Kollegiya iclasında məlumat verilib.




Məlumata görə, cari ilin birinci yarımilində istintaq, təhqiqat
və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin
səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və
effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin
təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri
üzrə icraata xitam verilməsinə dair 490 qərar əsassız və qanunsuz
hesab edilərək ləğv olunub.

2025-ci ilin birinci yarımili ərzində cinayət təqibindən kənar
icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək
səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin
olunmaqla 1891 inzibati xəta haqqında iş üzrə icraatın başlanması
haqqında qərar qəbul edilib.