Tailand-Kamboca münaqişəsi: itkilərin sayı artır

Baş səhifə

Bakı. Trend:

Tailandla davam edən münaqişə nəticəsində Kambocada 12 nəfər
həyatını itirib. Qurbanların 7-si mülki şəxs, 5-i hərbçidir.

Trend xəbər verir
ki, bu barədə “Al-Jazeera” telekanalı kambocalı rəsmilərə istinadən
məlumat yayıb.

Məlumata görə, ən azı 50 kambocalı mülki şəxs və 20-dən çox
hərbçi xəsarət alıb. Eskalasiyalar nəticəsində hər iki ölkədən
ümumi itki sayı 32 nəfərə çatıb.

Tailand isə son iki gün davam edən döyüşlər nəticəsində 13 mülki
vətəndaşın, o cümlədən uşaqların və altı hərbçinin həlak olduğunu
açıqlayıb. Kamboca hücumları nəticəsində əlavə olaraq 29 tailandlı
hərbçi və 30 mülki şəxs də yaralanıb.




Kambocanın “The Khmer Times” qəzeti, Preah Vihear vilayətindəki
yerli rəsmilərə istinadla ölkənin şimal sərhədindən, Tailandla
sərhəd bölgəsindən təxminən 20.000 sakinin təxliyə edildiyini
bildirib.

Tailand rəsmilərinin məlumatına görə, Tailandın sərhəd
bölgələrindən 138.000-dən çox insan təxliyə olunub və təxminən 300
təxliyə mərkəzi yaradılıb. Tailand Kamboca ilə sərhəddə yerləşən
səkkiz rayonda hərbi vəziyyət elan edib.

Xatırladaq ki, onilliklərdir davam edən münaqişə Tailand və
Kamboca sərhədinin mübahisəli hissəsi ətrafında cərəyan edən
qarşıdurma iyulun 24-də yenidən alovlanıb. Belə ki, sərhəd boyunca
baş verən mina partlayışı nəticəsində beş tailandlı əsgər
yaralanıb.