Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən VIII Qlobal Bakı Forumunda “Haber Global”ın suallarını cavablandırıb.
Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinin birinci ildönümünə bayram tədbirlərinə toxunan Hikmət Hacıyev bildirib ki, artıq 30 illik həsrətə son qoyulub və bir ildir Azərbaycan əvvəlki kimi Şuşa ilə bərabər yaşayır.
“Qələbənin 1-ci ildönümü hər bir evdə, hər kənddə, bütün məmləkətimizdə böyük bayram kimi qeyd olunacaq”, – deyə H.Hacıyev söyləyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın qarşısında işğaldan azad edilən torpaqlarda böyük quruculuq işlərinin görülməsi vəzifəsi durur:
“Qarabağ ərazisi Ermənistan tərəfindən demək olar ki, tamamilə dağıdılıb, məhv edilib”.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfindən dünyada bəlkə də misli-bərabəri olmayan tikinti-quruculuq işləri həyata keçirilib.
“Artıq Füzulidə hava limanımız var. Qarabağda 12-13 yeni yol çəkilişi həyata keçirilir. Dəmir yolu xətləri çəkilir. Zəngəzur dəhlizinin qurulması istiqamətində işlər aparılır. Çox gözəl planlarımız var. Azərbaycan bu quruculuq işləri ilə Ermənistan vandalizminə qarşı xalqımızın quruculuq mədəniyyətini ortaya qoymuş olacaq”.
H.Hacıyev Zəngəzur dəhlizi məsələsinə də toxunub, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imza atdığı üçtərəfli razılaşmada Azərbaycanla Naxçıvan arasında dəhlizin açılmasının təsbit edildiyini xatırladıb.
Mənbə: “HaberGlobal”