Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb

Siyasət

Bakı. Trend:

İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin
sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi
Martin Çunqonq ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının
Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq
məsələləri nəzərdən keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, spiker Sahibə Qafarova beynəlxalq tədbirlər
çərçivəsində Parlamentlərarası İttifaqın Baş katibi və prezidenti
ilə müxtəlif görüşlərini məmnunluqla xatırladaraq, Milli Məclislə
Parlamentlərarası İttifaq arasında əməkdaşlığın mövcud
vəziyyətindən məmnunluğunu ifadə edib. Bildirilib ki,
Parlamentlərarası İttifaq beynəlxalq əməkdaşlıq baxımından səmərəli
platformadır.

Söhbət zamanı Azərbaycanın təşkilatda yüksək səviyyədə və fəal
şəkildə təmsil olunması müsbət qiymətləndirilib. Milli Məclisin
deputatlarının təşkilatın rəhbər orqanlarında təmsil olunmasından
məmnunluq ifadə edilib.

Görüşdə ötən il Azərbaycanın evsahibliyi ilə keçirilən COP29
çərçivəsində Parlamentləarası İttifaq və Milli Məclisin birgə
təşkilatçılığı ilə baş tutan parlament konfransının yüksək
səviyyədə təşkil olunduğu bir daha qeyd olunaraq, vurğulanıb ki,
tərəflərin birgə əməkdaşlığı ilə bir sıra tədbirlərin uğurla
reallaşdırılması əməkdaşlığımızın daha da dərinləşməsinə imkanlar
yaradır.