
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən baş ofisi ilə təmiz
enerji sahəsində qlobal lider olan “Masdar” şirkəti Azərbaycanda 10
giqavatt gücündə bərpa olunan enerji portfeli çərçivəsində yeni
layihələrin həyata keçirilməsinə hazırdır.
Bu barədə Trend-ə
verdiyi özəl müsahibədə “Masdar” şirkətinin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Murad Sadıxov danışıb.
Onun sözlərinə görə, “Masdar” Azərbaycan hökuməti ilə bütün
portfeli əhatə edən iki böyük layihənin həyata keçirilməsi üzrə
saziş imzalayıb.
“Bu 10 giqavatlıq portfelə 2 giqavatt quruda külək enerjisi, 2
giqavatt günəş enerjisi, habelə 6 giqavatt dənizdə külək enerjisi
və “yaşıl” hidrogen daxildir. Bu portfeldən biz hazırda 1
giqavatlıq hissəsini – üç layihəni – həyata keçirməkdəyik.
Energetika Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə bir
sıra tədqiqatlar aparılıb. Birinci tədqiqat yaşıl enerji sahəsində
bazar imkanlarının müəyyənləşdirilməsinə həsr olunub.
Azərbaycanda “yaşıl” enerji üzrə daxili və xarici imkanlarla
bağlı ətraflı marketinq planının hazırlanması üçün biz beynəlxalq
məsləhətçi seçmişik. Plan orta və uzunmüddətli dövrü əhatə edir,
həmçinin, Energetika Nazirliyinə “yaşıl” enerjidən maksimum
istifadə və ölkədə enerji keçidinin sürətləndirilməsi üçün
tövsiyələr verir”, – deyə Sadıxov bildirib.
“Masdar” nümayəndəliyinin rəhbəri qeyd edib ki, ikinci tədqiqat
elektrik şəbəkəsinin dayanıqlılığı və imkanlarına həsr olunub və
bu, yalnız “Masdar” layihələrini deyil, ümumilikdə ölkənin enerji
sistemini əhatə edib.
“Bu məqsədlə çox peşəkar bir məsləhətçi seçdik. O, “Azərenerji’
ilə birlikdə şəbəkə üzrə kompleks araşdırma apararaq, bərpa olunan
enerji layihələrinin şəbəkəyə qoşulması üçün tələb olunan minimal
gücləri hesablayıb”, – deyə o qeyd edib.
Sadıxov vurğulayıb ki, həyata keçirilən layihələr təkcə ekoloji
vəziyyətin yaxşılaşdırılmasına deyil, həm də iqtisadi artıma töhfə
verməyə yönəlib.
“Məsələn, Biləsuvar və Neftçaladakı layihələrimiz 135 000-dən
çox evin elektrik enerjisi ilə təmin edilməsinə imkan verəcək və
ildə 730 000 tondan çox CO₂ tullantısının qarşısını alacaq”, – deyə
o əlavə edib.
10 giqavatlıq layihə portfelinin tam həyata keçirilmə müddətinə
gəlincə, Sadıxov bildirib ki, “Masdar” bu gücləri bir neçə il
ərzində reallaşdırmağa hazırdır:
“Lakin məsələ təkcə investorların hazır olması ilə bitmir –
burada elektrik şəbəkəsinin infrastrukturu və bazarın hazırlığı da
vacibdir. Layihələrin həyata keçirilməsinin bir neçə ssenarisi
mövcuddur”.
O əlavə edib ki, Azərbaycanla Avropa arasında “yaşıl” enerjinin
ixracı üçün marşrut hazır olan kimi, “Masdar” və digər investorlar
bu prosesi dəstəkləməyə hazır olacaqlar.
“Bu 10 giqavatt çərçivəsində, həmçinin, daha kiçik
təşəbbüslərimiz və ixrac imkanlarımız da var”, – deyə o izah
edib.
“Qaradağ” Günəş Elektrik Stansiyası
Sadıxov bildirib ki, “Masdar” Azərbaycanda yerləşən “Qaradağ”
günəş elektrik stansiyasının mövcud gücünün genişləndirilməsində
böyük potensial görür.
“Stansiyanın pik gücü 230 meqavatdır və tam gücü ilə işləyir.
Artıq Energetika Nazirliyi ilə stansiyanın gücünün artırılması
məsələsi üzrə müəyyən məsləhətləşmələr aparmışıq. Sahəmizin
yaxınlığında çoxlu sayda əlçatan torpaq sahələri var və biz
genişlənmək üçün yaxşı potensial görürük”, – deyə o bildirib.
İkincisi, onun sözlərinə görə, istehsal olunacaq enerjini alacaq
potensial alıcının (offteykerin) tapılması vacibdir.
“Bu məsələlər hazırda müzakirə olunur. Belə imkan yarandıqda,
düşünürəm ki, layihənin yeni mərhələsini başlada biləcəyik”, – deyə
o əlavə edib.
Sadıxov qeyd edib ki, 2025-ci ilin iyun ayında “Qaradağ” günəş
elektrik stansiyasının elektrik enerjisi istehsalı ümumilikdə 68,8
milyon kilovatt-saat təşkil edib.
“Bu, 2025-ci ildə “Qaradağ” stansiyasının faktiki generasiya
göstəricisidir. 9 iyulda stansiyanın istifadəyə verilməsindən bu
günə qədər ümumilikdə 800 milyon kilovatt-saat “yaşıl” enerji
istehsal olunduğunu qeyd etdik. Bu, çox yüksək göstəricidir”, –
deyə o bildirib.
Stansiyada istifadə olunan innovativ texnologiyalar barədə
danışan Sadıxov qeyd edib ki, obyekt 570 000 ədəd ikitərəfli günəş
panelindən ibarətdir.
“Bu yeni texnologiya enerjini panellərin həm ön, həm də arxa
tərəfindən hasil etməyə imkan verir. Günəşin hərəkətini və bucağını
izləyən sistemdən istifadə olunur. Stansiyada 820 ədəd sim
invertoru var və bütün enerji “Azərenerji”nin şəbəkəsinə ötürülür”,
– deyə Sadıxov izah edib.
O əlavə edib ki, stansiyada hər şeyin düzgün işləməsini təmin
etmək üçün “Masdar” şirkətinin texniki xidmət komandası fəaliyyət
göstərir.
“Günəş stansiyasının istismarı və texniki xidməti uzunmüddətli
marafondur. Bu stansiya daim tam gücü ilə işləməlidir. Ona görə də “Masdar” şirkətinin bu sahədə ixtisaslaşmış texniki xidmət şirkəti
var – “Masdar Specialized Technical Service Company” (MSTS).
Ərazidə stansiyanın istismarında böyük təcrübəyə malik 20-dən çox
əməkdaş çalışır”.
Biləsuvar və Neftçala Günəş Elektrik Stansiyaları
layihələri
“Masdar və “SOCAR Green” üç layihə üzərində işləyir: Biləsuvar
(445 meqavatt) və Neftçala (315 meqavatt) günəş elektrik
stansiyaları, eləcə də, Abşeron-Qaradağ külək layihəsi (240
meqavatt)”, – deyə o bildirib.
Sadıxov qeyd edib ki, Biləsuvar və Neftçala günəş elektrik
stansiyaları üzrə ilkin layihələndirmə işləri aparılır.
“Artıq mühəndis araşdırmaları, təchizat və tikinti işləri (EPC)
üzrə podratçı seçilib, o sahədə səfərbər olub və ilkin tədqiqatları
tamamlayıb”, – deyə o qeyd edib.
Sadıxov vurğulayıb ki, hər iki stansiyanın – Biləsuvar və
Neftçala – ilkin enerji təminatına, yəni şəbəkəyə qoşulmasına və
elektrik enerjisi istehsalına gələn ilin ortalarında başlanacağı
planlaşdırılır.
“Abşeron-Qaradağ” Külək Elektrik Stansiyası
O əlavə edib ki, şirkət “Abşeron-Qaradağ” külək elektrik
stansiyası üçün külək resurslarının ölçülməsi kampaniyasını davam
etdirir.
“12 aylıq ölçmə mərhələsini başa çatdırmalıyıq, bu, ilin
sonunadək planlaşdırılır. Bundan sonra mühəndis araşdırmaları,
təchizat və tikinti (EPC) işləri üzrə podratçının seçilməsi prosesi
başlayacaq. Tikinti işlərinə 2026-cı ilin əvvəlində başlamağı
planlaşdırırıq. Bu, ilkin və mühəndis işlərinin yekunlaşmasından
asılıdır, lakin bütün işlərin 2027-ci ilin sonuna qədər
tamamlanması nəzərdə tutulur”, – deyə Sadıxov yekunlaşdırıb.