Qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,8 milyon manat vəsait ödənilib

İqtisadiyyat

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən cari ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində
işlər davam etdirilib.

Trend Dövlət
Xidmətinə istinadən xəbər verir ki, cari ilin birinci yarımilliyi
ərzində qeyri-yaşayış sahəsinə dair 312 yeni icarə müqaviləsi
bağlanılıb.

Qeyd edilib ki, bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən
dövlət büdcəsinə 3,8 milyon manat vəsaitin ödənilməsi təmin
olunub.




Eyni zamanda, cari ilin yanvar-iyun aylarında 1.900 torpaq
sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə
torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 18 milyon manat
məbləğində vəsait ödənilib.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi
ilə bağlı 2025-ci ilin birinci yarımilliyi ərzində 2.212 yeni icarə
müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan
icarə müqavilələrinin sayı 21,1% artıb.

Cari ilin yanvar-iyun ayları ərzində daşınmaz dövlət əmlakının
icarəsindən dövlət büdcəsinə 21,8 milyon manat məbləğində vəsaitin
ödənilməsi təmin olunub. 2024-ci ilin eyni dövrü ilə müqayisədə
22,3% artım qeydə alınıb.