
Bakı. Trend:
Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycan hər
bir əlamətdar tarixi, günü Zəfərimizin, suverenliyimizin bərpasının
yaratdığı yeni reallıqlar fonunda qeyd edir. Bu baxımdan müasir
müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər
Əliyevin hər bir qərarı, imzaladığı hər bir Fərman və Sərəncam
bugünümüzə və gələcəyimizə hesablanmış mühüm addımların əsas tərkib
hissəsidir. Nəzərə alsaq ki, azərbaycançılıq ideologiyasının
inkişafı və təbliği dahi şəxsiyyətin hakimiyyətinin hər iki
dövründə mühüm çağırışlar sırasında olub, bu halda onun əsas tərkib
hissələrindən olan dilimizin qorunmasına yönələn addımların
əhəmiyyətinin daha aydın şəkildə özünü nümayiş etdirdiyini görə
bilərik. Məlum olduğu kimi, hər il 1 avqust tarixi Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün
Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli
Fərmanına əsasən təsis edilib. Bu Fərman latın qrafikalı Azərbaycan
əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə
təmin edildiyi və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın
ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm
hadisə olduğu nəzərə alınaraq imzalanıb. Ümumilikdə, Azərbaycan
dilinin qorunmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri
olub. Hələ 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən
zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür
barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial
mövqeyini göstərdi. 1978-ci il aprelin 2-də IX çağırış Ali Sovetin
Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi
və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci
sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi
ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alındı. Bu
dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət
dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə
baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması
mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım
oldu. Hakimiyyətinin hər iki dövründə Ulu Öndərin ana dili siyasəti
Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. 1993-cü
ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da
Ümummilli Lider Azərbaycan dilinin inkişaf etdirilməsini və
saflığının qorunmasını qarşıya əsas məsələ kimi qoydu. 1995-ci ildə
müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən
dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər
irəli sürülmüşdü. Təkliflərin böyük əksəriyyətində ana dilimizin
Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən
sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş
Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət
dilinin Azərbaycan dili olması öz əksini tapdı.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.
Millət vəkili Ulu Öndər Heydər Əliyevin “Bu gün iftixar hissi
ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan
dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi
çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri
yüksək səviyyədə olan bir dildir” fikirlərini önə çəkərək qeyd edib
ki, Ümummilli Liderin 1970-1980-ci illərdə milli dil sahəsində
apardığı fəal siyasət Azərbaycanda milli dirçəliş, milli mənlik
şüurunun inkişafı prosesini sürətləndirdi. Bu siyasət, eyni
zamanda, Azərbaycan xalqını milli müstəqillik və milli dövlətçilik
qazanmağa hazırladı.
Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 1993-cü
ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra yeni
tarixi şəraitə uyğun olaraq Azərbaycan dilinə göstərdiyi diqqət və
qayğı siyasi, eyni zamanda, praktiki baxımından fərqləndi.
Ümummilli Liderin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dili
dövlətlərarası münasibətlərdə, diplomatik danışıqlarda istifadə
edildi, dahi rəhbərin öz ana dilinə məhəbbəti, bağlılığı hər bir
addımında özünün aydın ifadəsini tapdı. Onun artıq dillər əzbəri
olan “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur
mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam!” çağırışı hər bir azərbaycanlının həyat amalına
çevrildi. Ulu Öndərin dilimizin qorunması, inkişaf etdirilməsi
istiqamətində atdığı addımlar, səsləndirdiyi çağırışlar bütün
dövrlərdə yeni hədəflərin müəyyənləşdirilməsində stimulverici amil
oldu. Ümummilli Lider bildirirdi ki, xalqı xalq, milləti millət
edən onun ana dilidir.
Milli Məclisin deputatı bildirib ki, müstəqil Azərbaycan
dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və
möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18
iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş
məlumatları özündə ehtiva edir. Prezident İlham Əliyevin “Heydər
Əliyev öz xalqına sıx bağlı olan bir adam idi. Məhz onun təşəbbüsü
ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır,
müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycan dilinin qorunması
milli kimliyimizin qorunması deməkdir. Azərbaycan dili çox zəngin
dildir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana
dilidir” fikirləri Ulu Öndər Heydər Əliyevin dilimizə qayğısının
aydın ifadəsini yaradır. Ümummilli Liderin ana dilimizin qorunması
istiqamətində atdığı addımlar bu gün də uğurla davam etdirilir.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham
Əliyevin 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”
Sərəncama əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə
çap olunacaq əsərlərin siyahısı hazırlanır. 2004-cü ildə, eyni
zamanda, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”
Sərəncam imzalandı. 2007-ci ildə imzalanan “Dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan
əsərlərinin siyahısının təsdiq edilməsi haqqında» Sərəncam ana
dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqini
gerçəkləşdirdi. Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı
Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin
saflığının və zənginliyinin qorunması baxımından mühüm əhəmiyyətə
malikdir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin
istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin
qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə
dilçilik sahəsində araşdırmaların yaxşılaşdırılmasıdır. Sənəd, eyni
zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi
tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin
birləşdirilməsini və dilçilik sahəsinin müasir cəmiyyətin aktual
problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.
Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Azərbaycan dilinin
qorunması istiqamətində imzaladığı sənədlər sırasında 1 noyabr
2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və
dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı
tədbirlər haqqında” Fərmanı xüsusi qeyd edib. Bildirib ki,
ümumiyyətlə, ölkəmizdə dövlət dili daim diqqət mərkəzindədir. Dil
quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi,
siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm
addımlardan biridir. Həmin Fərmandan irəli gələn vəzifələrin icrası
çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan
Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi
yaradılmışdı.
Millət vəkili bu ümumiləşdirməni aparıb ki, Azərbaycan xalqı
daim tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq
kimi tanınır. Xalqımızın yenilməzliyinin, məğrurluğunun təsdiqi
olan tarixi Zəfərimizin, suverenliyimizin bərpasının reallıqları
fonunda qarşımızda mühüm çağırışlar dayanır. Gənclərimiz hər zaman
vətənpərvərlik ruhunda tərbiyə olunmalı, tariximizi, dilimizi,
milli-mənəvi dəyərlərimizi təbliğ və inkişaf etdirməlidirlər.