
Bakı. Trend:
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Yay Fest
2025”in sayca dördüncü düşərgəsi olan və 28 iyul-1 avqust
tarixlərində baş tutan “Ədalət və Qanun” düşərgəsi ictimai fəallığı
ilə seçilən 250 gənci bir araya gətirib.
Trend xəbər verir
ki, konstitusiya və hüquqi dəyərlərin təbliği, ictimai həmrəyliyin
gücləndirilməsi və gənclərin vətəndaş cəmiyyətində fəal iştirakının
stimullaşdırılması məqsədi daşıyan düşərgə dinamik və dolğun
proqramla yadda qalıb.
Düşərgə müddətində iştirakçılar öz işinin peşəkarları tərəfindən
“Ədliyyə sisteminə gənc baxış”, “Mənim karyeram və əmək
münasibətləri”, “Hüquqi şüurun formalaşması: Gənclərin hüquq
sistemində yeri və rolu”, “Ədalət duyğusu və psixoloji davranış:
gənclərin daxili kompası”, “Kibertəhlükəsizlik üzrə mövcud
roblemlər” və “Hüquqi müstəvidə könüllülük fəaliyyəti” kimi
mövzularda keçirilən sessiyalarda iştirak edərək hüquqi düşüncə və
rəqəmsal təhlükəsizlik barədə biliklər mənimsəyiblər. Eyni zamanda,
təşkil edilən müxtəlif fəaliyyətlər – yoqa, kreativ
master-klasslar, vörkşoplar, intellektual oyun, haykinq yürüşü və
airsoft yarışı iştirakçıların həm əyləncəli, həm öyrədici zaman
keçirməsinə şərait yaradıb. Axşam saatlarında təşkil edilən karaoke
gecəsi, DJ performansları və tonqal ətrafındakı səmimi söhbətlər
dostluq və komanda ruhunu daha da möhkəmləndirib. Bununla yanaşı,
gənclər “Qarabağ FK – Shelbourne F.C.” futbol oyununu birgə
izləyərək komandamıza dəstək nümayiş etdiriblər. Belə ki, 5 gün
müddətində təşkil edilən “Ədalət və Qanun” düşərgəsi gənclər
arasında hüquqi savadlılığın artırılmasına və cəmiyyətə daha
məsuliyyətli vətəndaşların qazandırılmasına doğru atılmış
addımlardan biri olub.
Qeyd edək ki, “Yay Fest 2025” Azərbaycan Respublikasının Gənclər
Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı,
“CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin
təşkilatçılığı ilə həyata keçirilir.
Avqustun 29-dək davam edəcək festival çərçivəsində ümumilikdə 2
mindən çox gəncin iştirakı ilə “Milli-mənəvi dəyərlər”,
“Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”,
“Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya”
mövzularında mərhələli şəkildə 8 düşərgə keçiriləcək.
Gənclər http://yayfest.az/
veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə
iştirak etmək üçün seçimlərə qatıla bilərlər. Seçimlər zamanı 18-25
yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük
veriləcək.
Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar
olmaq üçün “Yay Fest”in Instagram (www.instagram.com/yayfest.az/)
səhifəsini izləyə bilərsiniz.