
Bakı. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Birləşmiş
Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Qazaxıstan
Respublikasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs)
Mərkəzi Asiya və Əfqanıstan üzrə regional mərkəzinin yaradılmasına
dair sazişin imzalanması mərasimində iştirak ediblər.
Trend
Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir
ki, Prezident Tokayev çıxışında BMT-nin Baş katibi Antonio
Quterreşə bu əlamətdar tədbirdə iştirakına görə minnətdarlığını
bildirib.
O qeyd edib ki, bu tədbir həm Qazaxıstan, həm də Birləşmiş
Millətlər Təşkilatı üçün böyük əhəmiyyət kəsb edir və qlobal
xəritədə mühüm aktor kimi formalaşmaqda olan Mərkəzi Asiyanın
əhəmiyyəti haqqında bütün beynəlxalq ictimaiyyətə verilən güclü
siqnal rolunu oynayır. Tokayev əlavə edib ki, imzalanmış sənəd
Qazaxıstanla BMT arasında uzunmüddətli və səmərəli əməkdaşlıqda
mühüm mərhələnin təməlini qoyur.
“Artan geosiyasi turbulentlik, münaqişələr, iqlim və ərzaq
təhlükəsizliyi fonunda BMT daha təhlükəsiz və sabit dünya
quruculuğu prosesinə liderlik etməlidir. Qazaxıstan üçün Birləşmiş
Millətlər Təşkilatı beynəlxalq nizamın əvəzedilməz və əsas sütunu
olaraq qalır. Biz 33 il əvvəl BMT ailəsinə qoşulandan bəri ardıcıl
olaraq beynəlxalq birliyin məsuliyyətli, təşəbbüskar, sülhsevər
üzvü kimi çıxış edirik”, – deyə Qazaxıstanın dövlət başçısı qeyd
edib.
Xəzər və Aral dənizlərinin problemləri ilə bağlı təcili
tədbirlər görülməsinin zəruriliyini qeyd edən Tokayev diqqətə
çatdırıb ki, region üçün həyati əhəmiyyət daşıyan hər iki su
hövzəsi iqlim dəyişikliyinin mənfi təsirinə məruz qalıb. O məlumat
verib ki, Qazaxıstan 2026-cı ilin aprelində BMT ilə birgə təşkil
edəcəyi iqlim konfransında bu vacib məsələni gündəliyə
çıxaracaq.
A.Quterreş çıxışında bildirib ki, regional mərkəz dənizə çıxışı
olmayan inkişaf etməkdə olan ölkələr üçün Fəaliyyət Proqramının
həyata keçirilməsində qabaqcıl rola malik ola bilər.
“Bu gün deməliyik ki, Qazaxıstan artıq dənizə çıxışı olmayan
ölkə deyil, əksinə, qlobal ticarət, logistika, nəqliyyat və
telekommunikasiya sistemlərində, avtomobil yollarında, dəmir
yollarında, fiber optika və transformasiyada mühüm bir mərkəzdir.
Bu ölkə həqiqətən də vacib körpüdür. Şərqdən Qərbə, Şimaldan və
Cənuba uzanan bir körpü”, – deyə Antonio Quterreş vurğulayıb.