
Bakı. Trend:
Azərbaycanda 18 yaşına çatmış hər bir vətəndaş mülki silah əldə
etmək hüququna malikdir. Bu hüquq qanunla təmin edilir və şəxsin
müəyyən şərtləri ödəməsi şərti ilə tətbiq olunur.
Mülki silah nədir?
Mülki silah dedikdə özünümüdafiə, ov və idman məqsədləri üçün
istifadə olunan silahlar nəzərdə tutulur. Özünümüdafiə silahı
yalnız hücumu dəf etmək üçün nəzərdə tutulmuş, gözyaşardıcı,
qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə
təchiz edilmiş tapança (revolver), mexaniki-püskürdücü və ya
aerozol qurğulu qaz silahını ifadə edir. İdman silahı – idman
yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən
soyuq atıcı və pnevmatik silahdır. Ov silahı isə vəhşi heyvanların
və quşların ovlanması məqsədi ilə istifadə olunan yivli və ya
yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik
silahlar deməkdir.
Bəs, mülki silahı əldə etmək üçün nə etmək lazımdır?
Kimlərə mülki silah verilə bilər?
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq DİN-in Mətbuat
Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, mülki silahın əldə
edilməsi ilə bağlı daxil olmuş müraciətlər kütləvi xarakter
daşımır:
“Qeyd edək ki, respublikamızda 21 yaşına çatmış vətəndaşların
mülki odlu silah əldə etmək hüququ var”.
Qurum rəsmisi qeyd edib ki, mülki silahı, yəni özünümüdafiə, ov
və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahı əldə etmək
istəyən vətəndaş Daxili İşlər Nazirliyinə aidiyyəti üzrə müraciət
etməlidir.
“Bu zaman ondan ərizə, şəxsiyyət vəsiqəsi, ruhi-əsəb
xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması,
habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış,
iki ədəd fotoşəkil tələb olunur. Ərizə ilə müraciət etmiş şəxslərin
məhkumluğunun olub-olmaması yoxlanılır. Araşdırıldıqdan sonra həmin
şəxsə müvafiq silahın verilib-verilməməsi barədə qərar qəbul
olunur”, – o əlavə edib.