
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Gürcüstan arasında
ticarət əməliyyatlarının həcmi 377,2 milyon ABŞ dolları təşkil
edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 79,5 milyon ABŞ dolları və ya 25,1% çoxdur.
Hesabat dövründə Gürcüstan ilə ticarət əməliyyatları
Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,62%-i həcmində olub.
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 329,7
milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni
dövrü ilə müqayisədə 57,4 milyon ABŞ dolları və ya 21,1%
çoxdur.
Eyni zamanda, 2025-ci ilin yanvar-iyun aylarında Gürcüstandan
Azərbaycana 66,2 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları
icra olunub ki, bu da illik müqayisədə 22,1 milyon ABŞ dolları və
ya 50% artım deməkdir.
Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzində
Azərbaycandan Gürcüstana 154,8 milyon ABŞ dolları dəyərində
qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk 6 ayı
ilə müqayisədə 41 milyon ABŞ dolları və ya 36,1% çoxdur.
Hesabat dövründə Gürcüstana qeyri-neft məhsullarının ixracı
Azərbaycanın ümumi ixracında 8,82% paya sahib olub. Bununla da
Gürcüstan Azərbaycanda ən çox qeyri-neft məhsulları alan ölkələr
sırasında 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan
xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən
2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,
11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb. Nəticədə, xarici
ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik
müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.

