Olaylardan dərs çıxarmayan ölkə – Ermənistan

Siyasət

Noyabrın ortalarında Ermənistan-Azərbaycan sərhəddində gedən döyüşlər, Rusiya sülhməramlılarının Qarabağdakı məsuliyyət zonasında baş vermiş əvvəlki insidentlərlə birləşərək, Moskva ilə İrəvan arasında müttəfiqlik münasibətlərinin müzakirəsinə səbəb olub.

Bu barədə “Profil” jurnalında nəşrin baş redaktorunun müavini Artyom Kobzev yazır.

“Ermənistan hesab edir ki, böhranı Rusiya və KTMT-nin köməyi ilə həll etmək olar. Lakin onlar bunu edə bilməsələr, o zaman Yerevan digər beynəlxalq tərəfdaşlara müraciət etməli olacaq”, – deyə Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan noyabrın 16-da bildirib.

Təsadüfən, bu sətirlərin müəllifi vəziyyətin gərginləşməsi ərəfəsində Ermənistanda və Qarabağda olub.

Çox vaxt müharibə barədə söhbətlər məzəmmətlə bitir. “Niyə belə oldu? Niyə bizi qorumadınız? Niyə bizə xəyanət etdiniz?”, – deyə ermənilər incikliklə soruşurlar. Hətta bunu da eşitmişəm: “Niyə Qarabağın suverenliyini tanımadınız?”. (Əks sual: “Bəs özünüz niyə onu tanımadınız?” – cavabsız qaldı.) Bu iddiaları anlamaq olar – siyasətdə təcrübəsi olmayan insanlar bunu bilməyə bilərlər ki, Rusiya Ermənistana yalnız onun özünə hücum edilən halda hərbi dəstək verməlidir, Qarabağa yox (Moskva, eləcə də BMT-nin bütün üzvləri tərəfindən Azərbaycanın tərkibində de-yure tanınır.). Bundan sonra Ermənistan yazılı şəkildə bu barədə Rusiyadan kömək istəməlidir. Və yalnız ondan sonra Rusiya öz ordusunu Ermənistana yardıma göndərəcək. Müqavilənin şərtləri belədir. Amma beynəlxalq müqavilələr başqa, əhalinin emosiyaları başqa.

Rəsmi səviyyədə Rusiyaya belə iddialar irəli sürülmür. Əksinə, baş nazir Paşinyanın yaxın adamı olan Ermənistan parlamentinin spikeri Alen Simonyan Moskvanın dəstəyi ilə bağlı sualı cavablandırarkən əvvəlcə açıq şəkildə bildirib ki, hamı başa düşməsə də, Moskva tərəfi kifayət qədər iş görüb.

“Mən görmüşəm, nə baş verdiyini bilirəm. Amma hər şey ucadan danışmağa dəyməz. İndi də, müharibə zamanı da elə məqamlar var idi – hansısa təyyarə uçdu, hansısa söhbət oldu – biz onları açıq elan etməməliyik”, – deyə siyasətçi izah edib. Bununla belə, o, Moskvanın rolunun qeyri-adekvat qavranılması probleminin mövcud olduğunu sonradan etiraf edib, lakin o, anti-Rusiya əhval-ruhiyyəsinin artmasında “pis niyyətliləri” və müxalifət partiyalarını günahlandırdı. Həm də Rusiyanın özü haqqında da deyirlər, onun mediası Paşinyandan kifayət qədər hörmətlə bəhs etmir və bu, baş nazirin tərəfdarlarını qıcıqlandırır.

Simonyanla sonrakı söhbət əsasən Ermənistan daxilindəki vəziyyətlə bağlı olub. Onun sözlərinə görə, ölkədə böhran olubsa da, seçkilərdən sonra başa çatıb, iqtisadiyyat yüksəlişdədir və Paşinyanın komandası əvvəlki hökumət orqanlarından miras qalmış problemlərin dağıntılarını uğurla təmizləyir.

Bu ifadələr faktlara ziddir. Məsələn, Simonyan “səyahət əhvalı” olmadığını təkid etsə də, 2021-ci ilin ilk üç rübündə ölkəyə daxil olandan çox- 103 mindən çox erməni ölkədən çıxıb. Bu, Ermənistanın ümumi əhalisinin təxminən 3 %-ni təşkil edir. Müharibədən əvvəl gedənlərin və gələnlərin nisbəti immiqrasiyanın lehinə idi.

Ancaq bizim üçün başqa bir şey daha vacibdir. Bir neçə jurnalistin iştirak etdiyi söhbətin sonuna yaxın Simonyan Rusiyanın milli maraqlarından danışmağa başlayıb. Onun sözlərinə görə, Moskvaya “bölgədə ona arxalana bilmək” üçün “güclü, sabit Ermənistan lazımdır”. Bu məqamın üzərində daha ətraflı dayanmaq istədim, çünki tezisin birinci hissəsində etirazlar olmasa da, ikinci hissəyə aydınlıq gətirilməlidir. “Arxalanıb neynəyəcək?”, – deyə Ermənistan parlamentinin rəhbərinə üz tutdum.

“Gəlin sözü həmkarlarınıza verək”, – deyə Simonyan cavab verməkdən yayındı.

Qarabağda bir qrup rusiyalı jurnalist David Babayanla görüşüb. O, səmimi idi. Və onun tezisindən sözün əsl mənasında sitat gətirməyin yeri var:

“Hətta bu vəziyyətdə belə, biz geosiyasi əhəmiyyət kəsb edirik. Qarabağsız bölgə ayrı, bizim burada mövcud olmağımız ayrı. Ona görə də, biz burada olmayacağıqsa, mən bunu həmişə rus qardaşlarımıza deyirəm, növbəti döyüşünüz Kulikovo çölündə olacaq. Qoy heç kim buna şübhə etməsin. Çünki bu (Türkiyə) ekspansiya davam edəcək və onun əsas məqsədlərindən biri də sizsiniz. Bu, Rusiyaya qarşı ekspansiyadır. Biz kiçik və yaralı ola bilərik,amma bizim təkcə varlığımız geosiyasi mənzərəni dəyişir. Təsəvvür edin, Şimali Qafqaz və digər regionlarla (bizsiz) nə baş verəcək?”.

Bax belə. Belə çıxır ki, Ermənistan türk qoşunlarının yolunda sonuncu qaladır. O yıxılsa, Şimali Qafqazı alov bürüyəcək, Volqaboyu qaynayacaq, Rusiyanın Orta Asiyadakı maraqları ayaqlar altında tapdalanacaq. Və o bütün bunları özünün apokaliptik proqnozlarına inanaraq, səmimi şəkildə söylədi. O, başa düşmür ki, Rusiya üçün Qarabağ qiymətli resurs və ya geosiyasi rəqiblə mübarizədə kömək deyil, potensial problemlərin mənbəyidir. Həm də o bunu da anlamır ki, Rusiya xaricdən kömək almadan Türkiyə ilə hər hansı problemi həll etmək iqtidarındadır, əvvəllər bu dəfələrlə olub.

Yuxarıda göstərilənlərin hamısı sözün əsl mənasında Ermənistan səhvləri üzərində işləmədiyini, 2020-ci ilin payız hadisələrindən dərs götürmədiyini hayqırır. Və bütün günahı əvvəlki hakimiyyət orqanlarının üzərinə ataraq bunu necə etmək olar? Əgər İrəvanın ritorikası Ermənistanın təhlükəsizliyinin Rusiyadan tamamilə asılı olması yox, əksinə iddiaların qarışığıdırsa, Moskva ilə necə sağlam münasibətlər qura bilərlər?

Onlar anlamırlar ki, boş vədlərin verilməsi zamanı artıq bitib. Armen Qriqoryan bu məqalənin başladığı sitatla hansı “beynəlxalq tərəfdaşlara” müraciət etmək istəyirdi? Amerikaya? Avropa İttifaqına? Çinə? Yaxşı, xeyirli olsun, görək bunlardan hansısa həqiqətən də Ermənistanın suverenliyinin qarantı rolunda Rusiyanı əvəz etmək istəyirmi?

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir