“Ulu öndər Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edirik. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının, dövlətçiliyinin tarixində müstəsna və əhəmiyyətli rolu var. Belə ki, Azərbaycan dövlətçiliyinin inkişafı, dövlətimizin möhkəmlənməsi, onun təməlinin qurulması bilavasitə ulu öndərin adı ilə bağlıdır”.
“Report”un Türkiyə bürosu xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar İstanbulda keçirilən anım mərasimində jurnalistlərə açıqlamasında bildirib.
Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal siyasətinə baxdıqda ilk növbədə Heydər Əliyev şəxsiyyətinin onların qarşısında duran ən böyük maneə olduğunu vurğulayan Prezidentin köməkçisi qeyd edib ki, 1980-ci illərin sonunda Heydər Əliyev SSRİ Mərkəzi Komitəsindən kənarlaşdırıldı və bundan sonra Azərbaycan xalqına qarşı mənfur siyasət başladı:
“Buna görə də onların qarşısında ən böyük sipər Ulu Öndər amili idi. Bu günlər həmin dövrdə Azərbaycana qarşı o mənfur planları həyata keçirənlər, onu planlaşdıran hər şeyi çox gözəl hesablamışdılar. Amma onlar bir neçə şeyi görə bilmədilər. Azərbaycan xalqının müdrikliyini. Belə ki, 1993-cü ildə xalqın israrlı tələbi ilə Ulu Öndərin yenidən hakimiyyətə qayıtması, Azərbaycan dövlətçiliyinin başına keçməsi, ölkəmizin yenidən qurulması prosesini onlar görə bilmədilər. Heydər Əliyevin qoyduğu dövlətçilik irsi idi ki, bu gün də mötəbər Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında da uğurla davam etdirilir.
Xüsusilə bir məqamı qeyd etmək istərdim ki, 8 noyabr tarixində Azərbaycan Prezidenti Ulu Öndərin məzarını ziyarət etdi və orada cənab Prezidentin dediyi bir kəlmə var idi: “Mən xoşbəxt bir insanam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bəli, Ulu Öndərin Azərbaycan xalqına və xüsusilə də Ali Baş Komandan qarşısında qoyduğu bir vəsiyyət Qarabağın işğaldan azad edilməsi idi. Ulu Öndərin məcburi köçkünlərlə görüşü zamanı onun bir neçə kəlməsi var idi. Onlardan da birində, o, əminliklə deyirdi ki, biz qayıdacağıq, Laçına da qayıdacağıq, Kəlbəcərə də qayıdacağıq, Şuşaya da qayıdacağıq və digər işğal altında olan torpaqlarımıza qayıdacağıq. Həqiqətən də o hasil oldu və 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı o torpaqlara qayıtdı və öz qüdrətini bir daha göstərmiş oldu. Bu gün Ulu Öndərin qoyduğu irs əsasında Azərbaycan dövləti hərtərəfli inkişaf edir, beynəlxalq münasibətlərin layiqli üzvüdür və beynəlxalq səviyyədə də ölkəmizin nüfuzu hər kəsin gözü qarşısındadır”