Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün Tramp administrasiyası yekdil fikir nümayiş etdirir.
Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib.
O xatırladıb ki, Bayden administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətləri qırılma nöqtəsinə qədər gəlib çatmışdı:
“ABŞ-nin hətta Türkiyə ilə də münasibətləri soyuqlaşmışdı. Ancaq Donald Trampın ikinci dəfə hakimiyyətə gəlməsindən sonra onun administrasiyası artıq Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirməyə başladı. Trampın son açıqlamalarında da Azərbaycanla bağlı verilən isti mesajlar, Azərbaycan Prezidentinin III Şuşa Qlobal Media Forumunda çıxışının paylaşılması kimi jestlər yüksək dəyərləndirilə bilər”.

Samir Hümbətov
Ekspert hesab edir ki, 2025-ci ilin yanvarın 20-nə qədər olan dövrlə həmin tarixdən sonrakı dövr arasında ciddi fərq və dəyişiklik var:
“ABŞ-nin Azərbaycanla strateji tərəfdaşlıq məsələsi mümkündür. Amma, təbii ki, onların da özlərinə uyğun tələbləri var. Hər vəziyyətdə ABŞ-nin Azərbaycanla bu münasibətləri qoruyub saxlamaq niyyətinin olduğunu görürük. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün Bayden administrasiyasından fərqli olaraq Tramp administrasiyasının yekdil bir fikir nümayiş etdirməsinin şahidi oluruq. Artıq münasibətlər düzəlib və inkişafa yönəlib.
S.Hümbətovun sözlərinə görə. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən Ağ Evə dəvət edilməsi Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirilməsi kimi dəyərləndirilə bilər:
“Bu addımlardan sonra Ermənistan-Azərbaycan münasibətləri düzələcəksə, bu həm Tramp Administrasiyasının regiona baxışının, həm də ABŞ-nin Azərbaycanla bağlı fikrinin müsbət istiqamətdə dəyişməsinin göstəricisi ola bilər”.