
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ
Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri təkcə
diplomatik hadisə deyil, Cənubi Qafqazda beynəlxalq münasibətlərin
yeni arxitekturasının formalaşmasında mühüm bir mərhələ oldu. Bu
hadisənin əhəmiyyətinə bir neçə prizmadan baxmaq lazımdır – həm
Bakı–Vaşinqton ikitərəfli formatı baxımından, həm də son
mərhələsinə çatan Ermənistan–Azərbaycan münaqişəsinin həlli
kontekstində.
Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasındakı
qarşılıqlı əməkdaşlıq strateji xarakter daşıyır. Diqqətçəkən məqam
odur ki, ABŞ-də 2024-cü il seçkilərinə hələ üç ay qalmış, Şuşada
keçirilən Qlobal Media Forumunda Azərbaycan lideri Tramp haqqında
açıq şəkildə müsbət fikir səsləndirmişdi. Bu, sadəcə bir replikadan
ibarət deyildi – bu, ilk prezidentlik dövründə hərbi gücdən
istifadədə təmkin göstərmiş və ənənəvi dəyərlərin möhkəmlənməsinin
açıq tərəfdarı olmuş bir siyasətçi ilə konstruktiv əməkdaşlığa
hazır olduğunun siqnalı idi.
Trampın Ağ Evə geri dönməsindən sonra münasibətləri keyfiyyətcə
yeni mərhələyə keçirmək üçün bir “imkan pəncərəsi” açıldı. Telefon
danışıqları, məktub mübadiləsi və nəhayət, Vaşinqton səfəri yeni
siyasi-iqtisadi xəttin formalaşmasına gətirib çıxardı. Bunun
institusional ifadəsi strateji tərəfdaşlıq haqqında Xartiyanın
inkişafı məqsədilə Strateji İşçi Qrupunun yaradılmasını nəzərdə
tutan Anlaşma Memorandumunun imzalanması oldu. Gələcək əməkdaşlığın
üçpilləli strukturu energetika, ticarət və tranziti; süni intellekt
də daxil olmaqla yüksək texnologiyalar sektoruna iqtisadi
investisiyaları; həmçinin hərbi-siyasi əməkdaşlığı və terrorizmə
qarşı birgə mübarizəni ehtiva edir.
Əslində, söhbət Azərbaycanın qlobal texnoloji zəncirlərə cəlb
olunmasından və infrastruktur, eləcə də, enerji layihələrinə
Amerika kapitalının axınından gedir. Siyasi müstəvidə isə bu,
qarşılıqlı asılılığın möhkəmlənməsi deməkdir – Bakı qabaqcıl
texnologiyalara və investisiyalara çıxış əldə edir, Vaşinqton isə
Avrasiyanın nəqliyyat-enerji marşrutlarının əsas qovşağında
yerləşən strateji əhəmiyyətli regionda etibarlı tərəfdaş
qazanır.
Ən mühüm siyasi qərarlardan biri Donald Tramp tərəfindən
“Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması
haqqında sənədin imzalanması olacaq. 1992-ci ildə Ermənistanın
“blokadası” kimi əsassız bəhanə ilə tətbiq edilən bu tədbir
onilliklər boyu Bakıya təzyiq aləti kimi istifadə olunub.
Bayden–Blinken administrasiyasının bu rıçaqı yenidən işə salmaq
cəhdi isə Azərbaycanın daha müstəqil hərəkət etmək əzmini
gücləndirdi. İndi isə ABŞ qanunvericiliyinin bu elementi faktiki
olaraq Azərbaycanın xarici siyasətinə təsir vasitəsi kimi
əhəmiyyətini itirib.
Səfərin ikinci əsas bloku Bakı–İrəvan sülh gündəliyi ilə
bağlıdır. Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti
İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında
görüş keçiriləcək və nəticədə Birgə Bəyannamə imzalanacaq. Daha
əvvəl İrəvan tərəfindən “qeyri-məqbul” sayılan Azərbaycan şərtləri
razılaşmaların əsasını təşkil edəcək: ATƏT-ə Minsk qrupunun ləğvi
ilə bağlı birgə müraciət və Ermənistan Azərbaycana ərazi
iddialarını istisna edən Konstitusiya islahatı.
Bu məqamların əhəmiyyətini qiymətləndirməmək mümkün deyil. Minsk
qrupunun ləğvi faktiki olaraq nəticəsiz qalmış beynəlxalq
vasitəçilik dövrünü bağlayır. Ermənistanın Konstitusiyasına
ediləcək dəyişikliklər isə Azərbaycanın ərazi bütövlüyünün hüquqi
baxımdan tanınmasını rəsmiləşdirəcək.
Bəyannamədə Azərbaycan Respublikasının əsas ərazisi ilə Naxçıvan
arasında maneəsiz quru əlaqəsinin prinsipinin təsbit olunması
xüsusi diqqətə layiqdir. 2020-ci ilin müharibəsinin sonundan
etibarən Bakı tərəfindən ardıcıl olaraq bəyan edilən Zəngəzur
dəhlizi artıq təkcə regional deyil, həm də beynəlxalq zəmanətin
predmetinə çevrilir. Maraq doğuran məsələ odur ki, məhz ABŞ, Donald
Trampın vasitəsilə, bu dəhlizin işə düşməsinin zəmanətçisi kimi
çıxış edir.
İki ölkə arasında sülh müqaviləsinin mətni üzrə paraflanma yekun
nöqtə deyil, 2026-cı ildə Ermənistanda Konstitusiyanın
dəyişdirilməsi ilə bağlı referendumdan sonra imzalanması üçün
möhkəm təməl rolunu oynayır. Trampın bu prosesdəki rolunu
Kemp-Devid danışıqlarında Cimmi Karterin vasitəçiliyi ilə müqayisə
etmək heç də şişirtmə deyil: hər iki halda söhbət maraqlar
balansını təsbit edib qarşıdurmaya qayıdışı önləyə bilən xarici
“arbitrdan” gedir.
Qeyd etmək lazımdır ki, Vaşinqtonun sülh gündəmi protokol naminə
diplomatik ritorika deyil, bütövlükdə regional konfiqurasiyanın
kağız üzərində təsbitidir. Prezident İlham Əliyev 2020-ci ildə
hərbi qələbə qazanıb, 2023-cü ildə ölkənin tam suverenliyini bərpa
etməklə müharibənin nəticəsini yeni reallıqların siyasi təsbitinin
əsası kimi istifadə etməyi bacardı.
Bu məntiq hadisələrin xronologiyasında aydın görünür. Vətən
müharibəsindən sonra Bakı Ermənistana sülh müqaviləsinin “beş
prinsipi”ni təklif etdi — sərhədlərin qarşılıqlı tanınmasından
iddialardan imtina, kommunikasiya xətlərinin açılması və diplomatik
əlaqələrin qurulmasına qədər. Ermənistan, demək olar ki, iki il
ərzində konkret cavab verməkdən yayındı, Qarabağın erməni
əhalisinin məsələsini gündəmə qaytarmağa çalışdı. Azərbaycan
mövqeyi dəyişməz qaldı: ölkənin daxili məsələləri dövlətlərarası
sazişin tərkib hissəsi ola bilməz.
Beynəlxalq oyunçuların — Bayden-Blinken administrasiyasının və
Fransa prezidenti Makronun — müdaxiləsi nəticəsiz qaldı. Onların
təzyiq göstərmək, sanksiya ritorikasına müraciət etmək və
beynəlxalq insan hüquqları qurumlarını siyasi təsir vasitəsi kimi
istifadə cəhdləri diplomatik məngənəyə çevrildi. Həqiqi danışıqlar
yalnız 2023-cü ildə Azərbaycanın 24 saat ərzində həyata keçirdiyi
antiterror əməliyyatından sonra başladı və 2025-ci ilin martında
sülh müqaviləsinin mətninin razılaşdırılması ilə başa çatdı.
Vaşinqtonda veriləcək Birgə Bəyannamə bu xəttin kulminasiya
nöqtəsi olacaq. Ermənistan Minsk Qrupunun ləğvinə və yeni reallığın
hüquqi tanınmasını təmin edən konstitusiya dəyişikliklərinə razılıq
verdi. Hələ yaxın vaxtlara qədər İrəvan tərəfindən qəti rədd edilən
Zəngəzur dəhlizi məsələsi artıq icra mərhələsinə keçdi. Beləcə,
Vaşinqton görüşü yalnız əldə olunan razılaşmaları təsdiqləməyəcək,
onları beynəlxalq zəmanətlər sisteminə daxil edəcək. Prezident
İlham Əliyevin səfəri təkcə diplomatik hadisə olmaqla qalmadı, eyni
zamanda, Azərbaycanın xarici siyasət doktrinasının yetkinliyinin
nümayişi oldu; bu doktrina milli maraqları dünya paytaxtlarının
əsas qlobal gündəliyinin arxitekturasına uğurla inteqrasiya edə
bildi. Strateji tərəfdaşlıq memorandumunun imzalanması, 907-ci
düzəlişin tətbiqinin dayandırılması və Zəngəzur dəhlizi üzrə
zəmanətlərin təsbit olunması Bakı üçün çoxtərəfli beynəlxalq
münasibətlər sistemində daha çevik və asimmetrik xarici siyasi
manevr imkanı yaradan yeni geosiyasi platforma formalaşdırır.
Beynəlxalq münasibətlər nəzəriyyəsi nöqteyi-nəzərindən bu, “hard
power”in “soft power”ə uğurlu çevrilməsinin klassik nümunəsidir —
yəni hərbi qələbənin dayanıqlı siyasi-hüquqi və iqtisadi əlaqələr
sisteminə konversiyasıdır. Siyasi elmlərdə belə hallara “münaqişə
sonrası institusionalizasiya” deyilir ki, burada silahlı
qarşıdurmanın nəticəsi yalnız güc faktoru ilə deyil, həm də
formalizə olunmuş müqavilələr, qarşılıqlı zəmanət mexanizmləri və
beynəlxalq normalar sisteminə (rule-based order) daxil olmaqla
möhkəmlənir.
Vaşinqtondakı danışıqların effekti çoxsəviyyəlidir. Bakı üçün
bu, Qərb texnologiyalarına və kapitalına çıxışın genişlənməsi,
investisiya cəlbediciliyinin artması, regional siyasətdə subyektlik
səviyyəsinin yüksəlməsi və müharibə sonrası status-kvo
ante-bellum-un sonuncu təsbitidir. Vaşinqton üçün isə bu, Cənubi
Qafqazda güc proyeksiyası alətlərinin möhkəmlənməsi, tranzit və
enerji imkanlarının genişləndirilməsi və Azərbaycanın strateji
orbitasına daxil edilməsidir. İrəvan üçün isə bu, “realpolitik”
məntiqi ilə yeni reallığa labüd adaptasiya deməkdir; burada
simvolik bəyanatların maddi güc balansı qarşısında artıq təsiri
yoxdur.
Vaşinqtonda imzalanmış sənədlərin nəticələri Azərbaycan əleyhinə
antaqonistik narrativ quraraq fəaliyyət göstərən qüvvələr üçün
dağıdıcı olacaq. Fransanın Prezidenti Emmanuel Makron üçün kənardan
Azərbaycana qarşı düşmən mövqe və Parisin “normativ missiya”
konsepsiyası əsasında Qafqaz vektorunu formalaşdıran şəxs olaraq,
bu, strateji uğursuzluqdur. Hüquqi baxımdan mövcud olmayan
kvazi-dövlət qurumunu tanıyan fransız deputatları, Avropa
Parlamenti, “Amnesty International” və “Human Rights Watch” kimi
insan haqları təşkilatları, eləcə də, ABŞ-dəki ANCA rəhbərliyindəki
erməni lobbi siyasi marjinalizasiya vəziyyətinə düşüblər. Onların “sanksiyalar diplomatiyası” və izolyasiya alətləri ilə təzyiq
göstərmək cəhdləri iflasa uğrayıb, Bakıya qarşı təzyiq
formatlarının tükəndiyini nümayiş etdirib.
Azərbaycan Prezidenti İlham Əliyev müasir dünya siyasətində
nadir bir ssenarini həyata keçirdi: müharibəni qazanmaqla yanaşı,
həm də sülhü qazandı, nəticəni beynəlxalq razılaşmalar, strateji
alyanslar və hüquqi cəhətdən bağlayıcı zəmanətlər sisteminə
çevirdi; bu sistem Azərbaycanı müstəqil və bərabərhüquqlu aktor
kimi qlobal təhlükəsizlik arxitekturasına inteqrasiya edir.