“Azərbaycanla Ermənistan arasında münaqişə bitib və biz gələcəyə baxmalıyıq. Bu yeni reallıqların yaratdığı imkanlar Ermənistanı inkişaf yoluna çıxara bilər. Təəssüflər olsun ki, indiki vəziyyətdə belə erməni ekstremist qüvvələr Ermənistanı yeni faciələrə sürükləməyə çalışırlar”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə “İnsideover” analitik-informasiya protalına müsahibəsində bildirib.
Səfir müsahibəsində erməni tərəfinin beynəlxalq ictimaiyyəti aldatmağa və ictimai rəy üzərində manipulyasiya etməyə yönələn dezinformasiya xarakterli, saxtakarlıqlara əsaslanan propaqandasından danışıb.
O bildirib ki, bəzi ölkələrdə, o cümlədən İtaliyada səslənən bəzi neqativ fikirlər erməni propaqandasının təsirinin nəticəsidir.
“Həmin fikirləri səsləndirənlərin regionumuzda baş verən proseslərdən nə qədər xəbərsiz olduqları təəccüb doğurur. İnformasiya mənbələrinə geniş çıxışın olduğu bir dövrdə həqiqəti dərk etmək üçün çox səy göstərməyə ehtiyac yoxdur. Obyektiv və qərəzsiz olmaq üçün regionumuzda baş verən son hadisələrdən, eləcə də Ermənistan rəhbərliyinin də qatıldığı son görüşlərdən asanlıqla xəbərdar olmaq mümkündür. Lakin başqa bir sual doğrudan da həqiqəti öyrənmək istəyinin olub-olmamasıdır”, – deyə səfir əlavə edib.
Məmməd Əhmədzadə bildirib ki, beynəlxalq ictimaiyyət hüquqi cəhətdən mövcud olmayan və manipulyasiya xarakterli terminlərdən istifadə edərək Azərbaycan ərazilərinə istinad etməməlidir.
“10 noyabr üçtərəfli Bəyanata əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycanın bəzi ərazilərində yerləşdirilib. Həmin Bəyanatda Ermənistan silahlı qüvvələrinin oradan çıxarılması ilə paralel olaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin həmin ərazilərə yerləşdiriləcəyi də nəzərdə tutulur. Lakin Ermənistanın bu şərtə əməl etməməsi və erməni qüvvələrinin hələ də qanunsuz olaraq həmin ərazilərdə qalması gərginliyin əsas səbəblərindən biridir”.
Diplomat Ermənistanın 2021-ci ilin noyabr ayı ərzində törətdiyi təxribatlardan da danışıb.
Söyləyib ki, Azərbaycanın həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistanın planları tam şəkildə əməliyyat və taktiki uğursuzluğa düçar oldu.
Səfir Azərbaycanın humanizm prinsiplərinə əsaslanan siyasətinə də diqqət çəkib. O deyib ki, Azərbaycan azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəza müddəti başa çatmış erməni məhbuslarını Ermənistana təhvil verib.
“Ümumilikdə, saxlanılan 110-dan çox erməni əsgəri, o cümlədən 1700-dən çox erməni əsgərinin nəşi Azərbaycan tərəfindən Ermənistana təhvil verilib”, – deyə o əlavə edib.
O, bununla belə, Ermənistanın Birinci Qarabağ Müharibəsində itkin düşən 4000 azərbaycanlının taleyinə aydınlıq gətirmədiyini vurğulayıb.
Səfirin sözlərinə görə, Ermənistan həqiqətən də regionda sülh və sabitlik istəyirsə, o zaman münasibətlərin normallaşması üçün real addımlar atmalı və təxribatlara son qoymalıdır:
“Ermənistan bölgədə məqsədyönlü gərginlik yaratmaqla sülhün bərqərar olmasına mane olmaq cəhdlərindən çəkinməli, üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq üçtərəfli bəyanatları tam şəkildə icra etməlidir. Yalnız bu yolla biz həqiqətən də sülh içində yaşaya bilərik”.