Haaqada Xocalı abidəsi daha münasib yerə köçürülüb

Siyasət

Niderland Krallığının Haaqa şəhərinin “Nieuw Eykenduynen” (“Yeni İkendinen”) məzarlığında Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış abidənin yeri dəyişdirilib və ətrafı abadlaşdırılıb.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edək ki, bu abidə 2007-ci ildə Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin təşəbbüsü, azərbaycanlı və türk toplumunun maliyyə dəstəyi ilə ucaldılıb. Haaqada yaşayan soydaşlarımız hər il fevralın 26-da bu abidənin önünə toplaşırlar. Onlar ermənilər tərəfindən soyqırıma məruz qalmış Xocalı qurbanlarının xatirəsini yad edir, Xocalı həqiqətlərini yerli və dünya ictimaiyyətinin nəzərinə çatdırırlar.

Abidənin ucaldılmasının təşəbbüskarı olan Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın bildirib ki, çoxsaylı ziyarətçilərin eyni anda bu məkanda toplaşmasının qeyri-mümkün olduğunu nəzərə alan dərnək abidənin məzarlıqda daha münasib yerə köçürülməsinə dair Haaqa şəhər bələdiyyəsi ilə danışıqlar aparıb. Razılıq əldə olunduqdan sonra abidə daha geniş əraziyə, insanların kütləvi hərəkət etdiyi yerə köçürülüb və ətrafı abadlaşdırılıb.

Abidənin yaxınlığındakı lövhənin üzərində Azərbaycan və Niderland dillərində Xocalı soyqırımı barədə qısa məlumat yerləşdirilib. İndi burada daha çox ziyarətçinin toplanması və anım tədbirlərinin daha yaxşı keçirilməsi üçün şərait yaradılıb.

“Haaqa şəhəri Avropanın ən böyük siyasi mərkəzlərindən biridir və burada belə bir abidənin olması Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Niderland-Azərbaycan Türk Kültür Dərnəyi olaraq bu işin ərsəyə gəlməsində xidmətləri olan azərbaycanlı və türk icmalarına təşəkkür edirik”, – deyə, dərnəyin sədri İlhan Aşkın bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir