
Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti
dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə
respublika ərazisində yararsız və qadağan olunmuş pestisidlərlə
çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi
aparılıb, həyata keçirilən tədqiqatlar və risk analizləri
nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı
obyektlərin mövcudluğu müəyyən edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, bu çərçivədə həyata keçirilən tədbirlərin davamı
olaraq, AQTA tərəfindən cəlb edilmiş xüsusi lisenziyalı şirkət
Samux rayonu ərazisində 100 tona yaxın istifadəyə yararsız pestisid
və çirklənmiş torpaq qatının daşınmasını həyata keçirib.
“Beynəlxalq təhlükəsizlik tələblərinə uyğun şəkildə
qablaşdırılan yüklər zərərsizləşdirilmək məqsədilə xüsusi nəqliyyat
vasitəsi ilə “Cəngi pestisid poliqonu”na yola salınıb.
Növbəti mərhələdə bu pestisidlərin xüsusi lisenziyaya malik
müəssisələrdə yandırılaraq tam zərərsizləşdirilməsi nəzərdə
tutulur. Eyni zamanda, təmizlənmiş ərazilərdə çirklənməyə məruz
qalmış torpaqların bərpası məqsədilə bioremediasiya üsullarından
istifadə ediləcək və bu proses müvafiq dövlət qurumları ilə birgə
həyata keçiriləcək.
İcra olunan tədbirlər növbəti mərhələdə Füzuli və İmişli
rayonlarında yerləşən təhlükə potensiallı obyektlərdə də davam
etdiriləcək, istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsi
üzrə ardıcıl addımlar atılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il
24 sentyabr tarixli 3488 nömrəli Sərəncamı ilə Azərbaycan
Respublikası Nazirlər Kabinetində aidiyyəti dövlət orqanları cəlb
edilməklə “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının
təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin
əlaqələndirilməsi üzrə yaradılmış Koordinasiya Komissiyası”
tərəfindən “Respublika ərazisində istifadəyə yararsız və istifadəsi
qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı
problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq
edilərək bir sıra dövlət qurumlarına, o cümlədən Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müvafiq işlərin
görülməsi həvalə olunub.
Agentlik tərəfindən aidiyyəti qurumların nümayəndələrinin
iştirakı ilə həyata keçirilən fəaliyyətlər ölkə üçün strateji
əhəmiyyət daşımaqla yanaşı, ekosistemin qorunmasına, insan
sağlamlığı, heyvanlar və bitkilər üçün potensial risklərin
qarşısının alınmasına xidmət edir”,- deyə məlumatda qeyd
edilib.