
Bakı. Trend:
İranın nüvə proqramı dinc məqsədlidir və bu istiqamətdə hər
hansı şübhə yoxdur.
Trend-in
məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi
İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında
deyib.
Onun sözlərinə görə, İranın nüvə proqramının ehtimal olunan
təhlükələri barədə deyilənlər həm Atom Enerjisi üzrə Beynəlxalq
Agentliyin hesabatları, həm də reallıqlara əsasən tamamilə
əsassızdır.
Bəqai qeyd edib ki, bəzi qərb ölkələri İranın nüvə proqramının
təhlükəli olması haqda saxta açıqlamalar verməkdədirlər.
Qeyd edək ki, 12 iyunda AEBA-nın Direktorlar Şurasının iclasında
ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın İran əleyhinə təqdim
etdikləri qətnamə səsverməyə çıxarılıb.19 ölkənin lehinə, 11
ölkənin bitərəf və 3 ölkənin (Rusiya, Çin və Burkina Faso) əleyhinə
səsverməsi ilə qətnamə qəbul olunub. Qətnamədə İranın 2019-cu ildən
bəri bəyan edilməmiş nüvə materialı, İranın bir çox bəyan edilməmiş
obyektlərində fəaliyyəti ilə bağlı agentliyə tam və vaxtında
əməkdaşlıq etmək üzrə öhdəliklərini dəfələrlə yerinə yetirməməsi
qeyd olunub.
Xatırladaq ki, AEBA son hesabatında bildirib ki, 17 may 2024
tarixinədək İranın 60% dərəcəsində zənginləşdirdiyi uranın həcmi
408,6 kiloqram təşkil edib. 60% dərəcəsində zənginləşdirilən uran
fevral ayında verilən hesabatla müqayisədə 133,8 kiloqram artıb.
Hesabatda bu səviyyədə zənginləşdirmənin 90% zənginləşdirmə
səviyyəsinə (silah səviyyəsi hesab olunur) qısa texniki addım
olduğu hesab olunub. Agentlik İranı tam və effektiv əməkdaşlığa
çağırıb.
22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları
edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv
edildiyi qeyd olunub.