Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu Qarabağda toplanacaq

Siyasət

“Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun əsası 24 il bundan əvvəl Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Fondun əsas missiyası Türkiyə və Azərbaycan başda olmaqla, bölgədə sabitlik, sülh və əmin-amanlığın təmin olunması, ümumi olaraq iki ölkə, eləcə də türk coğrafiyası arasında iqtisadi, mədəni və bir sıra fəaliyyətlərin inkişaf etdirilməsinə töhfə verməkdir.

Fond bu istiqamətdə həm Azərbaycanda, həm də Türkiyədə bir çox tədbirlər həyata keçirib.

Türkiyənin bütün KİV-ləri, eləcə də Azərbaycan mediasının qardaş ölkədəki təmsilçiləri ilə olan görüşümüzün əsas məqsədi isə Ermənistanla normallaşma dövründə atılacaq addımları müzakirə etmək, QHT və mətbuat nümayəndələrinin buna yanaşmasını öyrənməkdir. Fondun növbəti toplantısı Qarabağda keçiriləcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri İstanbulda mətbuat nümayəndələri ilə keçirilən görüş zamanı Azərbaycan jurnalistlərinə açıqlamasında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Attar deyib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edildiyini xatırladan Aygün Attar qeyd edib ki, Fondun “Şuşa ilində” bir təməl hədəfi var:

“Bu da Zəngəzur dəhlizinin açılmasıdır. Bu baxımdan bugünkü toplantı çox vacibdir. Əsas məqsəd türk mətbuatının gücünü Türkiyə sərhədləri xaricində də göstərməkdir. Biz, 44 günlük Vətən müharibəsi dövründə də olduğu kimi, türk mətbuatının Avropaya, ABŞ-a açılma rolunu üstlənməsini istəyirik”.

Fondun növbəti toplantısının Qarabağda keçirilməsinin planlaşdırıldığını bildirən professor bunun mart-aprel aylarında nəzərdə tutulduğunu deyib:

“Qarabağda keçirəcəyimiz növbəti toplantıda sadəcə Türkiyə və Azərbaycan mediası deyil, dünyanın aparıcı KİV nümayəndələrinin də iştirakı gözlənilir. Xüsusilə iqtisadi sahə üzrə yazarların da olduğu bir görüşün keçirilməsi​ nəzərdə tutulur. Çünki, Zəngəzur dəhlizi sadəcə Azərbaycan və Türkiyə üçün deyil, Rusiya və İran da daxil olmaqla bölgə ölkələrinin iqtisadi inkişafı üçün olduqca əhəmiyyətli, Qarabağ Zəfərindən sonra bölgənin geosiyasi və strateji əhəmiyyətini dəfələrlə artıran yoldur. Buna görə də dəhlizin uğurlu şəkildə, ən qısa zamanda açılmasının təmin olunmasında sivil insanların, media qurumları və elm adamlarının çox böyük rolunun olduğunu düşünürük”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir