Andrey Korobkov: “Moskva Co Baydenin mövqeyini diqqətlə dəyərləndirməlidir”

Siyasət

ABŞ-ın Tennessi Universitetinin politologiya üzrə professoru Andrey Korobkov Birləşmiş Ştatların Rusiyanın Ukraynaya müdaxiləsinin qarşısını almaq üçün dünya ölkələri ilə işləməsi ilə bağlı xəbərə münasibət bildirib.

“ABŞ belə situasiyalarda başqa ölkələrdən sadiqlik zəmanəti almağa çalışır. Amma düşünürəm ki, əksər ölkələr, ən azı, postsovet məkanında neytral qalmaq üçün hər şeyi edəcək. Çünki nəticələr çox mürəkkəb ola bilər”, – deyə o, Oxu.Az-a müsahibəsində qeyd edib.

“Amma çox vacib olan odur ki, ABŞ və Rusiya arasında danışıqların aparıldığı şərti “otaqda” həmişə görünməz şəkildə mövcud olan üçüncü oyunçu – Çin var. “Otaq”ın qapıları bağlanan kimi Vladimir Putin Co Baydenə deyir: “Sanksiyalar tətbiq etsəniz, Ukrayna ərazisində hərbi əməliyyatlar başlasa nə baş verəcəyini heç düşünmüsünüz? Bizi Çinə doğru itələməyə bu qədər həvəslisiz?”, – politoluq bildirib.

O, vurğulayır ki, hər-halda Çin Xalq Respublikası ABŞ-ın əsas rəqibi sayıla bilər. Və Vaşinqtonun siyasətinin ən mühüm məqsədi Rusiya ilə Çin arasında hərbi-siyasi və iqtisadi ittifaqın qarşısını almaqdır:

“Buna görə də, Bayden həmişə bu çağırışa diqqətli davranmalıdır. Əgər Çin olmasaydı, Birləşmiş Ştatlar çoxdan Rusiya Federasiyasına qarşı çox sərt sanksiyalar tətbiq edərdi və ton fərqli olardı”.

Həmsöhbətimiz Qərb və Rusiya Federasiyasının razılaşa bilməsinin mümkün olub-olmayacağı məsələsinə də aydınlıq gətirib:

“Hesab edirəm ki, “geri dönüşü olmayan nöqtə” hələ keçilməyib. Moskva isə ABŞ prezidenti Co Baydenin mövqeyini diqqətlə dəyərləndirməlidir. O, danışıqlar aparmaq istəyir, bu aydındır. O, Ağ Evin keçmiş rəhbəri Donald Trampın xarici siyasət konsepsiyasının əsas postulatlarını, o cümlədən Avropanın öz əhəmiyyətini itirməsi, Çinin isə Birləşmiş Ştatlar üçün əsas təhlükəyə çevrilməsi faktını qəbul edib. Lakin Baydenin imkanları həm ölkə daxilindəki zəifliyi, həm də Amerika siyasi sisteminin strukturuna görə fəaliyyət azadlığı ilə məhduddur.

Əgər Baydenin Rusiya ilə müqavilə imzaladığını fərz etsək, o zaman bu sənəd ABŞ Senatı tərəfindən 100% ratifikasiya olunmayacaq, bunun üçün səslərin üçdə ikisi tələb olunur. Ona görə də ABŞ-ın hazırkı prezidenti ilə danışıqlar aparmaq çətindir. İndi sual ondan ibarətdir ki, Rusiya tərəfi bunun nə dərəcədə fərqindədir”.

Nair Əliyev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir