Avtomobilin konstruksiyasını dəyişərək avtoxuliqanlıq edən sürücü həbs olunub (VİDEO)

Hadisə

Bakı.Trend:

Avtomobilin konstruksiyasında dəyişiklik edərək yollarda digər
hərəkət iştirakçıları üçün real təhlükə yaradan və avtoxuliqanlıq
hərəkətləri edən sürücü Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol
Polisi Şöbəsinin əməkdaşları tərəfindən operativ qaydada
saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat
yayıb.

Bildirilib ki, sürücü barəsində müvafiq sənədləşmə aparılaraq
toplanmış materiallar məhkəməyə göndərilib. Abşeron Rayon
Məhkəməsinin qərarı ilə həmin şəxsin sürücülük hüququ
məhdudlaşdırılmaqla, o inzibati qaydada həbs edilib.




“Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdar edir ki, insan
həyat və sağlamlığı üçün real təhdid hesab edilən və hərəkət
iştirakçılarına açıq-aşkar hörmətsizlik ifadə edən bu cür
davranışlara yol verənlərə qarşı qanunvericilik çərçivəsində ən
sərt tədbirlər bundan sonrada görüləcəkdir”, – məlumatda
bildirilir.