Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi çıxışlarında regional kommunikasiyaların açılması məsələsində nəzərəçarpacaq irəliləyişlərin olduğunu bildirir.
O, fevralın 3-də hökumətin iclasında Rusiya baş nazirinin müavini Aleksey Overçukun İrəvanda apardığı danışıqların nəticələrini şərh edərək, onları substantiv adlandırıb.
Paşinyanın sözlərinə görə, danışıqlarda Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun işə salınması da müzakirə olunub.
Düzdür, heç də bütün erməni analitiklər Ermənistan və Rusiya Federasiyası baş nazirlərinin müavinləri Mqer Qriqoryan və Aleksey Overçukun İrəvan görüşünün nəqliyyat kommunikasiyalarının bərpasında yeni mərhələ açacağına inanmırlar. Lakin əksinə düşünənlər də var.
İctimai xadim, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov Oxu.Az-a müsahibəsində qeyd edib ki, Ermənistanda radikalların fəallığına baxmayaraq, ümumi istiləşmədən danışmaq olar. Onun fikrincə, 2023-cü ilədək Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası məsələsi öz həllini tapa bilər:
“Amma yenə də Nikol Paşinyandan çox şey asılıdır. Ona peşəkar komanda, mütəxəssislər lazımdır. Hər şeyə son qoyulmalıdır. Bu, demarkasiyaya və Zəngəzur dəhlizinə də aiddir. Ermənistan rəhbərliyi qəti addım atmalıdır. Eyni zamanda, üç tərəf – Azərbaycan, Türkiyə və Ermənistan bir-birini anlayaraq sıx əməkdaşlıq etməlidir. Hesab edirəm ki, Paşinyan Zəngəzur dəhlizinin açılmasına, sərhədlərin demarkasiyası və delimitasiyasına hazırdır”, – deyə o bildirib.
Ağacanov Ermənistanın bu proseslərdən ancaq qazanacağını da qeyd edib.