“Media haqqında” qanun: “Neqativ münasibət sərgiləyənlərin çoxu fikirlərində korrektələr edəcək”

Siyasət

“Prezident İlham Əliyev “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzaladı. Tətbiq konkret işin, həyati hadisənin, müəyyən hüquqi situasiyanın həlli deməkdir. Bu mənada faktiki olaraq həmin fərman “Media haqqında” qanunla bağlı faktiki bütün alətləri dəqiqləşdirmiş oldu. Yəni, beləliklə, bütün subyektlərin onlara məxsus hüquq və vəzifələrin realizəsi, habelə, media sahəsində proseslərə nəzarəti təmin etmək üçün səlahiyyətli orqanların, şəxslərin inzibati qaydada fəaliyyəti təşkil olundu”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu günə qədər media sahəsində ciddi boşluqlar hökm sürürdü. Bildirib ki, bu boşluqlar həm medianın özünün inkişafını, həm də media mənsublarının özlərinin realizəsinə imkan vermirdi.

“Açıq deyək, faktiki olaraq jurnalistika kənardan hər şey qaydasında görünən, lakin faktiki olaraq təminatı olmayan, nizamsız sferaya çevrilmişdi. Planşet tapıb sayt açan “media kapitanı”na çevrilirdi. Bu gün prinsipcə dövlət buna etiraz etmir, sadəcə nizamlanma həqiqətən vacib idi. Bir daha deyim, bu o anlama gəlməsin ki, bundan sonra kimsə jurnalist ola bilməz, yaxud, kiminsə qarşısına sədd çəkiləcək, qətiyyən. Yenə də hər kəs qanuni fəaliyyətində azaddır”,-deyə Bəhruz Məhərrəmov əlavə edib.

Millət vəkili qeyd edib ki, bundan sonra qanunla jurnalistika ilə peşəkar məşğul olanlar, jurnalist adının sözün əsl mənasında mənəvi haqqını verənlər heç bir inzibati məcburetmə olmadan özlüyündə digərlərindən arınacaq:

“Böyük reklamverən də daha aydın mənzərəyə sahib olacaq ki, kim ciddi, kim qeyri-ciddi fəaliyyətlə məşğuldur. Konkret kriteriyalar müəyyənləşib, konkret şərtlər var, reyestr formalaşdırılır, vahid jurnalist vəsiqəsi tətbiq edilir, bu nüansların hər biri ciddi məsələlərdir. Özünüz baxın, işi-gücü şantaj və reketçilik olan, səhifəsi isə ancaq istinadsız oğurluq xəbərlərdən ibarət hansısa “x” saytının əməkdaşı, yoxsa, dövlət reyestrinə alınmış, vahid vəsiqə ilə təmin olunmuş, ölkə mediasını təmsil edən jurnalist? Hansında dövlət təminatı var? Təbii ki, dövlət hər bir vətəndaşının vətəndaşlıq hüququna təminat verir, lakin, jurnalistlik hüququna təminat da vacibdir axı”.

Deputat qeyd edib ki, buna qədər kimlərin jurnalist olub-olmadığı bilinmirdi:

“Bu mənada dəqiqləşdirilməli sərhədlər var idi ki, bu da jurnalistlərimizin xeyrinə həll edildi. Eyni zamanda sosial media fəaliyyətinə, bloqlara hər hansı qadağa olmadığı üçün məhdudlaşdırmadan söhbət gedə bilməz.

“Media haqqında” qanun jurnalistin müstəqilliyi üçün əlavə təminata çevriləcək. Media reyestrinə daxil olan və azı 5 il jurnalist işləyənlər güzəştli ipoteka imkanlarından yararlana biləcək və əminliklə deyirəm, bu hələ başlanğıcdır”.

Bəhruz Məhərrəmov bildirib ki, o, mükəmməl qanun illuziyasından uzaqdır və əlbəttə, çatışmazlıqlar da var.

“Lakin, o qənaətdəyəm ki, biz çatışmazlıqları fərziyyələr üzərində yox, real tətbiq şəraitində qiymətləndirək. İndi fərmanla Nazirlər Kabinetinin, Medianın İnkişafı Agentliyinin, habelə digər strukturların qarşısına vəzifələr qoyulub və yaxın aylarda biz daha konkret mənzərə müşahidə edəcəyik. İnanıram ki, neqativ münasibət sərgiləyənlərin çoxu fikirlərində korrektələr edəcək. Dövlət qanunun tətbiqinin gedişində ortaya çıxacaq istənilən çatışmazlığın qanunvericilik qaydasında aradan qaldırılmasına isə açıqdır. Yəni, konkretləşdirsəm, nizamlama kortəbii məhdudlaşdırma deyil, nizamlanma birinin azadlıqları, səlahiyyətləri və fəaliyyətinin digərinin dairəsinə müdaxilə etməməsi üçün tədbirlər toplusudur və yeni qanuna da məhz bu prizmadan yanaşmalıyıq”, – deyə Bəhruz Məhərrəmov fikrini yekunlaşdırıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir