
Bakı. Trend:
Gürcüstan minilliklər boyu sadəcə bir ərazi yox, sivilizasiyalar
dəhlizi olub. Avropadan Asiyaya, Qara dənizdən Xəzərə gedən ticarət
yolları məhz buradan keçib. Elə buna görə də Tbilisiyə nəzarət
uğrunda mübarizə heç vaxt yalnız regional siyasətin çərçivəsində
qalmayıb. XIX əsrdə Rusiya imperiyası Gürcüstanı “Qafqaza açar”
sayırdı. XX əsrdə SSRİ onu həm sənaye, həm də mədəniyyət mərkəzinə
çevirdi, amma eyni zamanda sərt mərkəzləşmənin obyektinə də. XXI
əsrdə isə Gürcüstan yenidən diqqət mərkəzinə düşüb – bu dəfə ABŞ,
Avropa İttifaqı, Rusiya, Türkiyə və Çin rəqabətinin aləti kimi.
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2024-cü ildə
Gürcüstan iqtisadiyyatı 5,5 faiz böyüyüb, turizm isə ölkəyə
təxminən 3,3 milyard dollar qazandırıb. Amma eyni vaxtda xarici
borcun həcmi də artaraq 20 milyard dolları keçib, bu isə ÜDM-in 85
faizi deməkdir. Nəticədə paradoks yaranır: ölkə inkişaf edir, amma
xarici kapital və kreditorlardan iqtisadi asılılıqdan qurtula
bilmir.
2014-cü ildən, Avropa İttifaqı ilə Assosiasiya Sazişi
imzalandıqdan sonra Gürcüstan Avropaya inteqrasiya kursunu seçdi.
Bir tərəfdən, bu konkret nəticələr gətirdi: Aİ ilə azad ticarət
zonası ölkəyə 450 milyonluq bazara çıxış verdi, şərab və kənd
təsərrüfatı məhsullarının ixracı 40 faiz artdı. Digər tərəfdən,
NATO və Aİ üzvlüyünə yol çox daha çətin oldu. Brüssel son illər “gözləmə strategiyası” tətbiq edir – formal olaraq Gürcüstanın
Avroatlantik kursunu dəstəkləsə də, üzvlük məsələsini təxirə salır,
Rusiyanı qıcıqlandırmaqdan çəkinir.
Beləliklə, “əbədi gözləmə otağı” situasiyası yaranır: Gürcüstan
qismən Qərb strukturlarına inteqrasiya olunub, amma təhlükəsizlik
zəmanətləri ala bilmir. Bu isə daxildə parçalanmanı gücləndirir:
cəmiyyətin bir hissəsi Aİ-ni yeganə şans görür, digər hissəsi isə
Qərbin Tbilisini real öhdəliklər olmadan sadəcə bufer kimi istifadə
etdiyini düşünür.
2008-ci il müharibəsindən və Moskvanın Abxaziya ilə Cənubi
Osetiyanın “müstəqilliyi”ni tanımasından sonra Rusiya faktiki
olaraq Gürcüstan ərazisinin 20 faizində hərbi mövcudluğunu
rəsmiləşdirdi. Hazırda orada 10 minə yaxın rus əsgəri, yüzlərlə
zirehli texnika və strateji rabitə infrastrukturu yerləşdirilib.
Bu, daimi təzyiq amili yaradır: Moskva istənilən anda hərbi aləti
işə salaraq Tbilisinin siyasi manevrlərini bloklaya bilər.
Enerji amili də həssas olaraq qalır. Şaxələndirməyə baxmayaraq,
Gürcüstan hələ də qazın 15 faizini Rusiyadan idxal edir (bu da “Qazprom-Export” vasitəsilə həyata keçirilir). Qalan hissə isə
Azərbaycandan gəlir ki, bu da Bakını açar müttəfiqə çevirir. Cənubi
Qafqaz boru kəməri (SCP), Bakı–Tbilisi–Ceyhan magistralı (BTC) və
Bakı–Tbilisi–Qars dəmir yolu Gürcüstanı sadəcə tranzit ölkəsi yox,
həm də Avropaya gedən Azərbaycan neft və qazının 8 faizindən
çoxunun daşındığı enerji qovşağına çevirir.
Burada ABŞ amili işə düşür. 1992-ci ildən Vaşinqton Gürcüstanın
inkişafına 4 milyard dollardan çox sərmayə qoyub. Amerika
təlimatçıları gürcü hərbçilərinə dərs keçir, birgə təlim mərkəzləri
yaradılır. Fəqət paradoks ondadır ki, ABŞ Gürcüstana nə qədər fəal
dəstək versə, daxildə qütbləşmə bir o qədər artır.
Kaxa Kaladzenin “dərin dövlət” ifadəsi sadəcə ritorika deyil.
Biz görürük ki, QHT-lər, qrant strukturları və şəbəkə mediadan
ibarət paralel siyasi məkan formalaşdırılır. Təkcə 2023-cü ildə
Gürcüstanda QHT-lərin xarici maliyyələşməsi 25 milyon dollardan çox
olub, bunun yarısı isə Aİ və ABŞ-dan gəlib. Formal olaraq bu,
demokratiyaya dəstəkdir, amma əslində Qərbin xəttindən yayınan
hökumətə qarşı təzyiq aləti rolunu oynayır.
Gürcüstandakı sosial parçalanmalar xarici müdaxilə üçün münbit
zəmin yaradır. Caucasus Barometer-in sorğusuna görə, əhalinin 59
faizi Aİ-yə inteqrasiyanı dəstəkləyir, amma cəmi 27 faizi hökumətə
etibar edir. Tbilisidə gənclər daha çox avropayönümlü, kənd
rayonlarında isə əhval-ruhiyyə daha skeptikdir. Bu ziddiyyət
seçkilərdə kəskin elektorat bölgüsü şəklində üzə çıxır, küçələrdə
isə kütləvi etirazlara səbəb olur və onlar getdikcə təzyiqin daimi
alətinə çevrilir.
Burada əsas ekzsistensial suala yaxınlaşırıq: böyük güclərin öz
qaydaları ilə oynadığı dünyada kiçik dövlətlər necə suveren qala
bilər?
İkinci Dünya müharibəsindən sonra Finlandiya “finlandlaşma”
modelini qurdu – Qərb və SSRİ arasında balans saxladı,
neytrallığını qorudu, amma eyni zamanda iqtisadiyyatını və
demokratiyasını inkişaf etdirdi. XX əsrdə kiçik bir ada dövləti
olan Sinqapur iqtisadi praqmatizmə və hərbi muxtariyyətə üstünlük
verdi. İsrail isə düşmən mühitlə əhatələnmiş vəziyyətdə öz
hərbi-sənaye kompleksini quraraq “regional supergüc”ə çevrildi.
Gürcüstan üçün bütün bu modellər müxtəlif ssenarilərdir. Sual
budur: ölkənin elitası sərt və soyuq başlı seçim etməyə hazırdırmı,
yoxsa siyasi sinif hələ də Vaşinqton, Brüssel və Moskva arasında
tərəddüd edərək xarici güclərə gündəmi diktə etməyə imkan
verəcək?
Gürcü perspektivində avrointeqrasiya sadəcə Şərq və Qərb
arasında seçim deyil. Bu, dövlətlərin birliyinə formal aidiyyətlə
öz taleyini müstəqil müəyyən etmək hüququ arasında fəlsəfi
dilemmanın ifadəsidir.
2022-ci ildə Gürcüstanın Rusiyaya qarşı hərbi münaqişəyə
qoşulmaması ehtiyatlılıqdan çox, dövlətçilik yetkinliyinin
göstəricisi idi. Brüsseli qəzəbləndirən bu qərar anlayışdan doğurdu
ki, milli təhlükəsizlik, sosial sabitlik və iqtisadi inkişaf kənar
strateji maraqlara qurban verilə bilməz. Baş nazir İrakli Kobaxidze
həmin vaxt Aİ-nin “misilsiz şantajından” açıq danışdı və bu tezis
sonrakı aylarda Avropa tərəfdaşlarının atdığı addımlarla
təsdiqləndi.
Polşanın gürcü vətəndaşlarının əmək bazarına çıxışını
məhdudlaşdırması bunun ən bariz nümunəsi oldu. Burada söhbət
texniki tənzimləmədən yox, siyasi təzyiq alətindən gedir. Paradoks
isə açıqdır: Varşava ilə münasibətləri daha da gərgin olan Belarus
vətəndaşları hələ də sadələşdirilmiş prosedurlardan yararlanır,
gürcülərin qarşısına isə qapılar bağlanır. Bu, beynəlxalq
münasibətlərdə “simvolik cəza” mexanizmi kimi oxuna bilər – hədəf
konkret rejim yox, müstəqil qərar verməyə çalışan cəmiyyətdir.
Amma bu tədbirlər Gürcüstan iqtisadiyyatını sındıra bilmədi.
Əksinə, daxili resurslara yönəli diqqəti gücləndirdi. Dünya
Bankının məlumatına görə, 2023–2024-cü illərdə Gürcüstanın ÜDM
artım tempi sabit şəkildə 6 faizi ötüb, bu isə artıq Aİ-yə
inteqrasiya olunmuş Mərkəzi və Şərqi Avropa ölkələrinin bir
çoxundan yüksəkdir. BVF vurğulayır ki, dövlət borcunun ÜDM-ə
nisbəti baxımından Gürcüstan regionun ən sabit göstəricilərindən
birinə malikdir. BMT-nin hesabatlarında isə elektron demokratiya və
antikorrupsiya təcrübəsi sahəsində institusional inkişaf xüsusi
qeyd olunur. Bu faktlar göstərir: inteqrasiya yeganə uğur aləti
deyil, real iqtisadiyyat və güclü institutlar əsasında müstəqil
inkişaf da az nəticə vermir.
Bununla yanaşı, Brüssel tərəfindən formalaşdırılan narrativi də
görməmək olmaz. “Sülh layihəsi” ideyası təhlükəsizlik və rifah vəd
etsə də, əslində Gürcüstanı risk zonasına çəkmək cazibəsini
gizlədir. Burada faktiki olaraq “ikinci cəbhə” qurmaqdan söhbət
gedir və bu ssenari Ukrayna nümunəsindən çox yaxşı məlumdur. Fransa
prezidenti Emmanuel Makronun yaxınlarda “sülh naminə Ukrayna
ərazilərindən imtina edə bilər” deməsi Avropa ritorikasının əsas
paradoksunu açdı. Gürcüstandan vaxtilə bütövlüyü uğrunda mübarizə
aparmaq tələb olunmuşdu, indi isə Kiyevi itki ilə barışmağa
inandırırlar.
Siyasi fəlsəfədə bunu “dəyər” və “qiymət” kateqoriyaları
arasındakı uçurum kimi izah etmək olar. Qərb strategləri üçün
Gürcüstanın ərazi bütövlüyü yalnız Rusiyaya təzyiq aləti olduğu
müddətdə dəyərli idi. Amma məsələ gürcülərin başqa münaqişədə
iştirak üçün ödəməli olduğu qiymətə gələndə, bu dəyər asanlıqla
ucuzlaşır.
Gürcüstan üçünsə qiymət və dəyər bölünməzdir. Dəyər – onun
suverenliyi, milli kimliyi və sosial sabitliyidir. Qiymət – bunları
qorumaq naminə çəkiləcək qurbanlardır. Tbilisinin əsas seçimi də
budur: xarici zəmanət illyuziyalarından imtina etmək,
strategiyasını daxili güc, milli konsolidasiya və rasional hesab
üzərində qurmaq.
Deməli, avrointeqrasiya dilemması “Aİ-də olmaq və ya olmamaq”
məsələsi deyil. Söhbət Gürcüstanın istəklə imkan, qiymətlə dəyər
arasındakı sərhədi necə müəyyən edəcəyindən gedir. Onun tarixi
missiyası da məhz bundadır – beynəlxalq siyasətdə obyekt yox,
subyekt olmaq.
Müasir Gürcüstan təkcə geosiyasi və iqtisadi təzyiqin deyil, həm
də aksioloji toqquşmanın – dəyərlər müharibəsinin mərkəzinə düşüb.
Bu qarşıdurma nə neft tonları ilə, nə ÜDM faizləri ilə, nə də
ticarət dövriyyəsinin həcmi ilə ölçülür. Burada söhbət cəmiyyətə
demokratiyanın klassik, liberal-siyasi mənasına və ya iqtisadi
inkişafa birbaşa aidiyyəti olmayan normaların və standartların
zorla qəbul etdirilməsindən gedir.
Hollandiya nümunəsi – MATRA proqramının dayandırılması – bu
baxımdan əlamətdardır. Formal əsas kimi gürcü hakimiyyətinin “sosial gündəmlə” bağlı mövqeyi göstərildi. Amma mahiyyət etibarilə
Gürcüstandan öz mədəni kodundan imtina etmək, kimlik və ailə
məsələlərində Qərbin dəyərlər standartlarını qəbul etmək tələb
olunur. Bu isə sadəcə siyasi şərt deyil – əsrlər boyu imperiyaların
təzyiqi altında özünü qorumağı bacarmış, pravoslav ənənəsini və
mədəni özünəməxsusluğunu saxlamış gürcü cəmiyyətinə yönəlmiş dərin
çağırışdır.
Aksiologiya burada hakimiyyət alətinə çevrilir: vizasız rejim və
ya qrant proqramlarının davamı birbaşa ideoloji itaətlə
əlaqələndirilir. Belə yanaşma beynəlxalq hüququn əsas məntiqini
dağıdır, çünki suverenlik prinsipi tərəflərin bərabərliyini nəzərdə
tutur, “müəllim–şagird” iyerarxiyasını yox. Qərb tərəfdaşları
tələblərini ultimatum formasında irəli sürdükdə, bu artıq
əməkdaşlıq deyil, paternalizmə çevrilir.
Tbilisi meri Kaxa Kaladzenin “Qərbin Gürcüstana sonsuz sevgisi
barədə söhbətlər böyük yalandır” sözləri ictimai əhval-ruhiyyənin
təcəssümünə çevrildi. Bu, populist ritorika yox, məyusluq
simptomudur: gürcülər görürlər ki, Qərbin real gündəliyi getdikcə
daha çox iqtisadiyyat və təhlükəsizliyə dəstəkdən ibarət deyil,
ənənəvi gürcü cəmiyyətinə yad modellərin zorla qəbul
etdirilməsindən ibarətdir.
Gürcüstan qarşısında ekzistensial bir dilemma dayanır: oyunun bu
qaydalarını qəbul edib öz kimliyinin mühüm hissəsini itirmək, yaxud
da mədəni özünü müəyyənləşdirmə hüququnu müdafiə etmək – hətta bu,
xarici dəstəyin azalması ilə nəticələnəcəksə belə. Mahiyyət
etibarilə bu, ekzistensial seçimdir. Geosiyasi qərarları güclərin
balansı ilə, iqtisadi qərarları isə investisiya praqmatizmi ilə
izah etmək olar. Amma aksioloji münaqişə kollektiv şüurun
dərinliklərinə toxunur.
Fəlsəfədə buna “autentiklik uğrunda mübarizə” deyilir. Alman
filosofu Yurgen Habermas qeyd edirdi ki, müasirliyin böhranı yalnız
demokratiya çatışmazlığında deyil, həm də cəmiyyətin dəyərlər
təməlindəki aşınmadadır. Gürcüstan üçün bu tezis birbaşa məna
daşıyır: mədəni nüvəni qorumaq milli varlığın şərtinə çevrilir.
Müasir gürcü siyasəti balans axtarışıdır. “Gürcü Arzusu”
partiyası göstərir ki, birbaşa itaətdən imtina etməklə təcridə
yuvarlanmamaq da mümkündür. Pragmatizm çağırışı Qərblə
əməkdaşlıqdan imtina deyil, hörmət tələbidir. Çünki həqiqi ittifaq
güclünün zəifi assimilyasiyası üzərində yox, bərabərlik üzərində
qurulur.
Beynəlxalq nəzəriyyə baxımından Gürcüstan “yüksək muxtariyyətə
malik kiçik dövlət” modelində hərəkət edir. Bu model “bayraqdarın
arxasınca gedən” klassik kiçik dövlət obrazından fərqlənir. Tbilisi
öz “gəmisini” qurmağa çalışır – böyük olmasa da, davamlı, dünya
siyasətinin fırtınalarına tab gətirə bilən.
Məhz buna görə də Gürcüstanın nümunəsi postsovet məkanındakı
digər dövlətlər üçün əhəmiyyətli olur. Azərbaycandan tutmuş Mərkəzi
Asiyaya qədər hər yerdə eyni sual gündəmdədir: ölkə eyni vaxtda həm
dünyaya açıq, həm də özünə sadiq qala bilərmi? Gürcüstan bu suala
müsbət cavab verir.
Başqalarının müharibələri uğrunda qiymət ödəməkdən imtina,
efemer bonuslar naminə kimlikdən vaz keçməmək – bunlar zəiflik
əlaməti deyil. Bu, strateji müdrikliyin təzahürüdür. Böyük güclərin
belə sistem böhranları astanasında dayandığı bir dünyada məhz belə
qərarlar uzunmüddətli dayanıqlığın zəmanətinə çevrilir.

