Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 6% artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Amerika Birləşmiş
Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 760,6 milyon
ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 42,9 milyon ABŞ dolları və ya 6% çoxdur.

Hesabat dövründə ABŞ ilə ticarət əməliyyatları Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 2,64%-i həcmində olub. Bununla da ABŞ
Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr
sırasında 7-ci yerdə qərarlaşıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Amerika Birləşmiş
Ştatlarına 42,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu,
2024-cü ilin eyni dövrü ilə müqayisədə 61,2 milyon ABŞ dolları və
ya 2,4 dəfə azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında ABŞ-dən
Azərbaycana 718,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları
icra olunub ki, bu da illik müqayisədə 104,1 milyon ABŞ dolları və
ya 16,9% artım deməkdir. Bu göstərici ilə ABŞ Azərbaycanın məhsul
idxal etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.




Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzində
Azərbaycandan ABŞ-yə 41,5 milyon ABŞ dolları dəyərində qeyri-neft
məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk yeddi ayı ilə
müqayisədə 61,5 milyon ABŞ dolları və ya 2,5 dəfə azdır.

Hesabat dövründə ABŞ-yə qeyri-neft məhsullarının ixracı
Azərbaycanın ümumi ixracında 1,99% paya sahib olub. Bununla da
sözügedən ölkə Azərbaycandan 9-cu ən çox qeyri-neft məhsulları alan
ölkə olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan
xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25%
çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,
13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik
ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.