Ağ Rusiyanın qara taleyi…

Siyasət

Uzun illər eyni iqtisadi-siyasi məkanda yaşadığımızdan haqqında kifayət qədər məlumatlı olduğumu düşündüyüm Belarusa son səfər təəssüratım məni rahat buraxmır. Sən demə, kitablar, filmlər, eşitdiklərim və əvvəlki qısamüddətli səfərlərdə gördüklərim bu xalq haqqında əsl həqiqətləri sanki Belarusun bataqlıqları kimi ilim-ilim itirməyə xidmət edirmiş. Həqiqət görünənlərin astar üzündəymiş…
Tarixin siyasət qarşısında acizliyinə öz xalqımın taleyi timsalında şahidəm, amma tarixi həqiqətin siyasi ideologiyanın bunca məzlum kölgəsində gizlədildiyini təsəvvürümə də gətirə bilməzdim…
Bu ölkənin şəhər, qəsəbə və kəndlərində adi adamlar, siyasətçilər, QHT nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri, tarixçilər, kommunistlər, demokratlar, vətənpərvərlər, kimliyi (əqidəsi) məlum olmayan şəxslər, pravoslavlar, katoliklər və nəhayət, azsaylı müsəlmanlarla söhbətlərim, yaxın-uzaq tarixdən xəbər daşıyan abidələrlə tanışlığım Belarus barədə təsəvvürlərimi alt-üst elədi. Bir şeyi yəqin bildim: belarusların tarixən ruslarla hansısa etnik bağlığı olsa da, onlar tamamilə fərqli, hətta bəzən bir-birini inkar edən xalqlardı.
Rusiya – ana vətən?!
Yaşanan, fəqət yazılmayan tarix başqa şey deyir: Rusiyanın belaruslar qədər mənəvi və fiziki genosidə məruz qoyduğu ikinci xalq yoxdu (“ruslaşıb” sıradan çıxan, assimilə olunan xalqları demirəm), nə qədər təəccüblü olsa da, Rusiyanı da belaruslar qədər …sevən ikinci bir xalq tapmaq çətindi. Bu, qəribə olduğu qədər də təzadlı reallıqdı.
…Otuz beş-qırx yaşlarında millətçi qadın həmsöhbətim öz xalqının tarixindən yanğı ilə danışır və qəhərini boğmağa uğursuz cəhd edirdi: “Biz belaruslara üzüyola, qorxaq deyirlər. Bəs necə olmalıyıq ki?! Zaman-zaman kişilərimizi qırıblar. Analar “Başını çölə çıxarma!”, “Yanımdan uzağa getmə!” deyib övladlarını “ev uşağı” kimi qorxaq böyüdüblər. Artıq neçə əsrdir ki, hər otuz-əlli ildən bir kişiləri, ziyalıları, başını bir balaca dikəldənləri zəmi kimi biçirlər. Bu, milli mentalitetimizin formalaşmasında öz işini görüb… Qorxu iliyimizə işləyib”.
Tarixini Rusiya ilə bağlayan Belarus kommunistləri və ruslaşmış adamlardan fərqli olaraq milli şüur hissini itirməyən kəsim özünü Böyük Litva Knyazlığının bir hissəsi sayır. Tarix, milli adət-ənənə, folklor, dil yaxınlığı, başqa amillər bu cür düşünməyə əsas verir. Tarixçi həmsöhbətim belə deyir: “Belarus etnomədəniyyət baxımdan heç vaxt Rusiya ilə bir olmayıb. O, daha çox litov-polyak mədəniyyətinə yaxındı. Böyük Litva Knyazlığında dövlət dili Belarus dili olub… “Rus” adında xalq olmayıb. Fikir verin, Belarus, Polyak, Litov – bunlar isimdi, addı. Amma “russkiye” sifətdi, nəyinsə təyinidi. 19-cu əsrin ortalarına qədər əhalinin səksən faizi katolik idi. 1839-cu ildə rus çarının əmri ilə katolik dini qadağan olundu və adamları pravoslav dininə keçməyə məcbur elədilər. Milləti etiqadına görə iki yerə böldülər. Katoliklərə polyak, pravoslavlara belarus dedilər. İndi belarusların əksər hissəsi pravoslavlardı, katoliklər iyirmi-iyirmi beş faizdən artlq deyil… Adımız müstəqil olsa da, dövlət siyasəti yenə də ruslaşmaya yönəlidi, bizi zorla rusun ayağına yazmağa davam edirlər. Belarus mədəniyyəti və dili ikinci dərəcəli hesab olunur… Ruslar öz mədəniyyətlərini Belarus-Litov mədəniyyəti üzərində qurublar, onu mənimsəyib, sonra da danıblar”.
***
Rus mədəniyyətinin formalaşmasında (özləri dansalar da) qədim türklərin əsas rollardan birini oynaması iddiasında olmamız heç də təzə xəbər deyil. Həmin tarixçi və digər həmsöhbətlərimlə qədim türklərin bu ölkədəki izləri barədə də fikir mübadiləsi aparırdıq. Təəssüf ki, bizim gördüyümüz bu izləri onlar görmür, yaxud eyinlərinə belə almırdılar. Adının qədim türk sözü olduğunu bir çox türkoloqların iddia etdiyi Polotsk şəhərində həmsöhbətlərimə Varşavanın kral bağında rastlaşdığim bir hadisəni danışdım.
Hadisə belə olmuşdu. Məni parkla, onun tarixi ilə tanış edən polyak tanışım osmanlıları Vyana darvazası ağzında durduran Litva kralı (bu knyazlıq Polşa və Belarus tarixinin şanlı dövrlərindəndi) Yan III Sobelskinin at belində heykəlini göstərib onun şücaətindən danışırdı. İki yüz ildən çox yaşı olan bu abidə ayaqları altında iki əsgərin imdad dilədiyi atı minmiş kralın tunc heykəli idi.
İmdad diləyənlərin kimliyinə şübhə etmirdim, amma yenə də soruşdum. Tanışım fəxrlə “Osmanlı əsgərləridi” dedi. Heykələ bir az da yaxınlaşdım, ikinci əsgərin hörüklü saçı vardı. “Osmanlılar hörük saxlamırdılar, bu, Atillanın əsgəridi, Osmanlı əsgəri isə bax, o birisidi”- deyərək çalmalı əsgəri göstərdim. Tanışım “ola bilər” deyib mövzunu dəyişmək istəyirdi. Ona dedim ki, iki yüz əvvəl bu heykəl tökülən zaman Avropada türk ruhu hələ mövcud idi, heykəltəraş bu obrazları boş yerə yaratmayıb. Osmanlılar Avropaya gələnə qədər burada hərbi və bəzi rəsmi əmrlər qədim türk dilində verilirmiş. Bəlkə də Osmanlıların buralara gəlməyi tarixi səhv olub. Onlar bununla özləri də bilmədən min il əvvəlki türk ruhunu təzələyiblər və nəticədə bu izlərin “yox edilməsinə” rəvac veriblər. Heykəltəraş kralın qələbəsi ilə qədim Hun türklərinin Avropadakı minillik nişanələrinə də son qoyulduğuna işarə edir… Tanışımsa mənə göldə üzən Qu quşlarını göstərib onların gözəlliyindən danışırdı. Sonralar bildim ki, bu, avropalıların bəyənmədiyi, unutmaq istədiyi mövzudu.
Danışdığım hadisə Belarus həmsöhbətlərimin marağına səbəb olmuşdu. Avropalıların istəyib-istəməmələrindən asılı olmayaraq Avropa mədəniyyətinin formalaşmasında qədim türklərin oynadığı tarixi rolu təsdiqləyən elmi sübutlar meydandadı. Hələ beynəlxalq konfransların müzakirə obyektinə çevrilməsə də, bu barədə bəzi elmi dairələrdə danışılmağa başlanılıb.
Türklər Asiyanın müsəlmanlaşmasında həlledici rol oynadıqları kimi Avropanın da xristianlaşmasında mühüm işlər görüblər. Qədim türklərin bu dinlərə loyallığı sitayiş etdikləri Tanrıçılıq dininin ruh etibarı ilə İbrahim dinlərinə yaxın olması ilə izah olunur. Xristianlığın müqəddəs rəmzlərinin – xaç, ikona, məbəd, həmçinin yeni ildə bəzədilən yolka və neçə-neçə başqa tarixi atributlar Xalqların Böyük Köçü dövründə hunların Avropaya gətirdikləri yeniliklər idi. Belarusların tarixi kupala mərasimlərində, kupala mahnılarında qədim türk ruhunu sezməmək mümkün deyil.
***
Bu meşələr və bataqlıqlar ölkəsində ayrı-ayrı həmsöhbətlərimdən eşitdiklərim mənə yad gəlmirdi. Azərbaycanın son iki yüzillik tarixinə nəzər yetirmək bu məsum xalqın acı taleyini dərk etməyə bəsdi. Nə qədər tanış mənzərə…
Suvorov, Minin və Pojarski, Susanin kimi rus qəhrəmanları öz hikkələrini öncə belarusların başında çatladıblar. Belarus torpaqları rusların hərb meydanı olub. Onlar istər isveçlilərlə, istər başqaları ilə müharibələri bu torpaqlarda aparıblar. I Pyotrun atası Aleksey Mixayloviç 1654-67-ci illər müharibəsində bu xalqın yarısından çoxunu qırıb. Sovet tarix kitablarında isə onun haqqında belə yazılıb: “Rus çarı əmr etdi: belarusları öldürməyin, daxmalarını yandırmayın, çöllərini tapdamayın”.
Belarusların ruslar üzərində son qələbəsi 1514-cü ildə Orşa şəhərində olub. Belarus ordusu sentyabrın 8-də Moskva knyazlığını darmadağın edib. İndi belarus milli-demokratları bu tarixin qəhrəmanlıq günü kimi qeyd olunmasını istəyirlər. Ötən il “Gənc Cəbhəçilər” təşkilatının üzvləri həmin günü Belarusun Rusiyaya birləşməsini təklif edən Kreml rəhbərinin müqəvvasını Rusiya səfirliyinin həyətinə atmaqla qeyd ediblər. Müqəvvanın üstünə bu sözlər yazılıbmış: “Putin, Belarusdan əlini çək, yoxsa ikinci Orşa olacaq”. Bu hadisəyə görə aksiyanın təşkilatçısı Dima Daşkeviç 15 sutka alıb.
Bu xalqın uzun əsrlər boyu göstərdiyi müqavimət 1796-cı ildə, Belarus Rusiyanın tərkibinə qatılanda qırılıb. Bütöv bir xalqın taleyini yönləndirənlər ona yeni tarix də yazıblar, başqa sovet xalqlarının tarixini yazdıqları kimi…Sovet İttifaqı rus imperiyasının kulminasiya nöqtəsidi
Belarus xalqının faciəsi sovetlər dönəmində özünün son həddinə çatıb. Bu yerlər “qırmızı terror”un çıçək açdığı diyar olub. Əsl soyqırım 1939-cu ildə Polşa faşistlərlə kommunistlər arasında bölünəndən, Belarusun qərbi ilə şərqi “birləşdiriləndən” sonra başlayıb. NKVD “qərbli”lər arasında daha amansız repressiya aparıb. Yürüdülən siyasət xalqı parçalamağa xidmət edib – şərqli provaslavları qərbli katoliklərlə üz-üzə qoymağa çalışıblar. İkinci Dünya müharibəsində Belarus xalqı 1654-67-ci illər savaşından sonra ən çox itkiyə məruz qalıb, bu xalqın dörddə biri məhv edilib.
Yaşlı nəsil belarusları daha çox partizan xalq kimi tanıyır. “Batalıqlar arasında, düşmən əhatəsində qanlı mübarizə aparan qəhrəman” sovet ədəbiyyatının, kinosunun ən çox müraciət elədiyi obrazlardan idi. Malodeçni rayonunun qoca sakinləri isə partizanlar haqda belə deyirdilər: “Partizan dəstələri yaradılanadək almanlar yerli əhali ilə normal davranırdı. Belə dəstələrin yaradılması əmri Moskvadan verilmişdi. Əhalinin almanlara rəğbəti yox idi, hər halda işğalçı idilər, amma ilk illər onlara dərin nifrət bəslənmirdi. Qırğınlara partizan dəstələri peyda olandan sonra başladılar. Elə fikirləşirdilər ki, yerli əhali partizanlara yardım edir… Azuqəmizi almanlar da əlimizdən alırdı, partizanlar da. Onlar çox vaxt ərzağın pulunu, heç nəyə yaramasa da, verirdilər, “bizimkilər”sə dədələrinin malı kimi – müftə aparırdılar. Kəndləri almanlar da yandırırdı, partizanlar da”.
Üzü qırışlı, ağzı dişsiz olduğundan çənəsi burnuna dəyən başqa bir qocadan isə bunları eşitdim: “Əvvəl-əvvəl almanların bizimlə işi yox idi, özlərini aparmalarından elə bilirdik ki, bura uzun müddətə gəliblər, odur ki, yerli əhali ilə münasibəti pozmaq istəmirdilər. Bir alman əsgəri məzuniyyətdən qayıdanda xiyar toxumu gətirib əkmişdi. Tağ əməlli-başlı bar gətirmişdi. Gizlətmirəm, ilk dəfə qarnımız almanlar gələndə doyub. Onlar kolxozları dağıdıb əhali arasında böldülər… Bizə qarşı vəhşiliyi əvvəl NKVD, sonra da SS nümayəndələri etdilər. Yerli polislər, başqa xalqlardan seçilmiş “cəza” dəstələri daha amansız idi. Camaatımızsa vuruşmaq istəmirdi. Elə qardaşlar vardı ki, biri partizan, o biri almanlar tərəfdəydi. Axşam bir evdə yatır, səhər o başdan durub hərə öz dəstəsinə gedirdi. Adamlar yalnız sağ qalmaq haqda düşünürdülər”.
***
Bu ölkənin müxtəlif yerlərində görüşdüyüm insanlarla elədiyim söhbətlər başqa bir təsəvvürümün də yanlış olduğunu üzə çıxardı. Sovet dövründə belarusların və ukraynalıların xüsusi statusa malik olmaları xeyli şişirdilib. Müəyyən sahələrdə, məsələn, yüksək dövlət və hərbi vəzifələrdə onlara üstünlük verilsə də, milli məsələlərdə belarus xalqı ilə daha amansız rəftar edilib. Belarus vətənpərvərləri bu ögey münasibəti unutmaq istəmirlər…
Kommunistlərdən söhbət düşəndə sürücümüz də üz-gözünü turşudurdu. O, uzaqda, yamyaşıl meşənin üstündə burulan dumana bənzər dümağ tüstünü göstərib deyirdi: “Yanan torfdur. Sovetlər sonrasını düşünmədən batalıqları qurutdular. Nəticədə ekoloji fəlakət yaranıb. Bir balaca quraqlıq olan kimi torf yanmağa başlayır”.
Daha ağrılı hadisəni başqa bir həmsöbətim danışır: “Çernobıl hadisəsi vaxtı radiasiyalı buludlar Belarus üzərindən Moskvaya doğru uçurdu. Bilirsiniz, neylədilər? Toplarla vurub buludların səmtini Belarusa yönəltdilər. Uzun müddət başımıza şüalı yağış yağdı. Bu da Moskvanın bizə sevgisi”.Lukaşenko erası
Belarusda imzalanan Belovejsk müqaviləsi SSRİ-ni yaradan respublikalara müstəqillik bəxş eləsə də, tarixi sammitə ev sahibliyi edən millət əsl azadlıq sevincini çox az yaşadı. İndi belaruslar Stanislav Şuşkeviçin rəhbərlik illərini demokratiya dövrü kimi xoş təəssüratla xatırlayır. 1994-cü ildən, ölkənin tarixində keçirilən ilk və son azad seçki sovxoz direktoru, sonralar isə “Bilik“ cəmiyyətinin təlimatçısı işləmiş Aleksandr Lukaşenkonun qələbəsi ilə nəticələnəndən Belarus geriyə –  “ittifaqa” sürüklənməyə başladı.
“Nomenklatura və təqaüdçülərin hakimiyyəti” (ifadə bir belarus jurnalistinə məxsusdu) bərpa edildi. Prezidentlik fəaliyyətinə Belarusun milli atributlarını – bayraq, herb və himnini dəyişməklə başlayan Lukaşenko həm də rus dilinə dövlət statusu verdi. Çox tezliklə onun Rusiyaya maksimum inteqrasiya siyasəti yürüdəcəyi məlum oldu. Rusiya ilə razılaşdırılmış xarici və daxili siyasət aparıldı. Nəticədə Belarus Rusiyanın satellitinə çevrildi. Yerli mütəxəssislər bunun bir çox ağır fəsadlarını qeyd edirlər. Bircə bu fakta diqqət yetirmək kifayətdi: hazırda iki milyon əhalisi olan Minsk şəhərində cəmi dörd belarusdilli məktəb var. Belarusca danışanları əvvəllər əyalət adamı sayırdılar, indi isə müxalifətçi hesab edirlər…
Rusiya telekanalları ölkənin elektron KİV sistemində hegemon üstünlüyə malikdi. Belarusdilli qəzetləri barmaqla saymaq olar. Artıq Milli Bank rus rubluna keçidin təqvimini hazırlayıb. Lukaşenko isə özünü birləşmiş Rusiya-Belarus dövlətinin başçısı vəzifəsinə ən real namizəd hesab edir. Hətta Rusiyanın vilayətlərində yaratdığı sənaye-ticarət nümayəndəliklərinə özünün potensial dayaq məntəqələri kimi baxır.
Əhalinin artım sürəti sıfıra bərabərdi və ya ondan da aşağıdı. Aparılan sorğular göstərir ki, şagirdlərin 86 faizi orta məktəbi bitirən kimi ölkədən getmək istəyir, qadınların böyük əksəriyyəti isə xarici vətəndaşa ərə getməyi arzulayır.
Ölkədə avtoritarizm tam gücü ilə hökm sürür. Məmurlar mükafat, yaxud cəza prinsipi ilə idarə olunur. Son prezident seçkisindən sonra 172 məmur dövlət büdcəsi hesabına “Mersedes” markalı avtomobillə mükafatlandırılıb. Amma eyni zamanda məmurlara qarşı ildə 20 mindən çox cinayət işi açılır. Bütün bunlar məmur aparatını qorxu altında saxlamaq üçün edilir. Yerli mütəxəssislər prezidentin kadr siyasətini bolşeviklərinkinə bənzədirlər. Ölkənin baş prokuroru heç bir hüquq təhsili olmayan hərbçi, tank qoşunları mayorudu. Mərkəzi Banka isə inşaatçı, trest müdiri işləmiş şəxs rəhbərlik edir.
Ölkədə qeydiyyatdan keçmiş 18, 3 qeydiyyatsız partiya fəaliyyət göstərir. Onların heç biri ayrılıqda real güc mərkəzi deyil. Hətta birləşmiş müxalifət belə öz partiyası olmayan prezidentlə müqayisədə gücsüzdü. Nüxalifətin özü də yekcins deyil. Bəziləri Lukaşenkonu ölkənin Rusiyaya az inteqrasiya olunmasında, digərləri isə milli maraqları Rusiyanın ayaqları altına atmaqda ittiham edir.
Bir sözlə, bu gün hələ də Rusiyanın təsir dairəsindən çıxa bilməyən (azsaylı vətənpərvərlər olmasaydı, çıxmaq istəməyən yazardım) Belarus insan hüquqlarının kütləvi şəkildə pozulduğu avtoritar dövlətlər siyahısındadı. Özünütəcrid siyasəti Belarusa Avropa üçün arzuolunmaz ölkə, Lukaşenkoya isə qəbuledilməz prezident statusu bəxş edib.
…Xalqlar bir-birinə oxşayır, öz tarixləri, öz taleləri ilə.
…Xalqlar bir-birinə həm də heç oxşamırlar. Yazıq olduqları qədər güclü, güclü olduqları qədər də yazıq olmaları ilə…
Vahid QaziFevral, 2003

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir